AzeCON-6: pərdəarxası – hazırlıqlar davam edir

Başqa ölkələrdə görəndə “kaş bizdə də olardı” dediyim tədbirlərdən biri də kospley  idi. Xüsusilə də, əgər bir Yaponiya aşiqisinizsə anime kospleyləri görmək – həm də yerli kospleyerlər tərəfindən – tamam başqa bir zövq verir. Başqa ölkələrdəki tədbirlərə “paxıllıq” AzeCon`u kəşf edənə qədər çəkdi. Hazırda isə AzeCon heç də az tanınan tədbir deyil. Əksinə günü-gündən daha da ətrafını, izləyici və iştirakçı kütləsini çoxaldır.

Bunu nəzərə alıb 2018-ci ilin aprel ayında artıq 6-cısı keçiriləcək və ölkəmizdə yeganə anime mövzusunda kospley konvensiyası olan AzeCon`un səhnəarxalarını araşdırmağa başladıq. Araşdırma ilə yanaşı, təşkilat və dəstək heyəti, eləcə də bir çox “cosplayer”lərlə söhbətləşdik. Hər il əvvəlkindən daha hazırlıqlı və möhtəşəm tədbirlə qarşımıza çıxan AzeCon komandasının sirrini az da olsa öyrənməyə çalışdıq və nəticə gözlədiyimiz kimi idi: komanda işi və əzm!!!

“Bu gün AzeCon həmin ilk inam və dostlarsız baş tutmazdı”

Təşkilatçılıq işləri ilə məşğul olan Çinarə Əhmədova ilk AzeCon vaxtlarını belə xatırlayır: “Ümumiyyətlə, xaricdə bu cür tədbirlər çox tez-tez olur. Mən Ankarada oxuyanda Ülkərlə Ankaradakı konvensiyaya qatılmışdıq – Torucon Ankara – fikirləşdik ki, niyə də Azərbaycanda bu cür böyük miqyasda tədbir baş tutmasın. Beləcə 2013-cü ildəki mini “cosplay” tədbiri ilə AzeCon`un ilk addımı atıldı və 2014-cü ildə ilk AzeCon baş tutdu. 2013-cü ilin qışında Miyazaki festivalı ilə bu sahəyə marağın nə qədər olduğunu görmək istədik. Əlbəttə çox böyük kütlənin bilmədiyi bir tədbiri böyük miqyasda keçirmək həmişə riskli olur. İstər komanda təcrübəsi, istər iştirakçı marağı, istərsə maliyyə baxımından həmişə qorxu olub və bir yerdən başlamasaq, bu tədbir baş tutmayacaqdı. Əvvəl öz şəxsi maliyyəmiz, dostlarımız və kiçik məkanla başladıq, bütün zəhmət çəkən və ilk gündən yanımızda olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bu gün AzeCon həmin ilk inam və dostlarsız baş tutmazdı.

azecon miyazaki.
Miyazaki festivalı 2013-cü il. G.Cabbarlı şəxsi arxivdən

Yadımdadı Miyazaki festivalına biletləri parkda satırdıq, postlerlərimiz narıncı rəngdə olduğundan mülki polislər bizimlə yaman maraqlanırdılar, həmin gün keçirdiyimiz həyəcanı hələ də unutmuram (gülür). Eləcə də, məkan tapmaq üçün aylarca tək-tək döydüyümüz qapılar, AzeCon​​​​​-u başa salma cəhdlərimiz – olduqca əyləncəli və bir o qədər də maraqlı bir yoldur və hələ də inkişaf davam edir. Hər il daha çox güclənir və AzeCon-u daha keyfiyyətli və daha geniş kütlələrə çatdırmaq, “cosplay”in nə olduğunu və bu əyləncə, sənət növünün necə böyük zəhmət və sevgi tələb etdiyini çatdırmağa çalışırıq. Əsas inam və istək olduqca AzeCon da davamlı olacaqdır”.

Çinarə xanımın Ülkəri xatırlatması yerinə düşdü. Biz də fikirləşdik ilk tədbir haqqda fikirləri həm də təşkilatçılardan biri olan Ülkər Şamxalovanın dilindən eşidək. Elə verdiyi qısa cavabdan başa düşdük ki, başı 2018-ci ilin tədbirinə yaman qarışıb: “Bu qrup başda Çinarə, Nuranə və mənimlə başladı. Rus dilində olan yerli saytlar olsa da Azərbaycan dilində anime/manqa mədəniyyətinə aid heç bir sayt yox idi. Biz Anime Azərbaycan Cəmiyyətini (AAC) qurduq. Daha sonra xarici “cosplayer”lərə və “cosplay” konvensiyalarına həsəd aparanda, fikirləşdik ki, oturub “inşallah bizdə də nə vaxtsa olar” deməkdənsə özümüz durub bu işə başlayaq. Hər şey Miyazaki festivalı ilə başladı…”.

Ülkərin bu işləri ən yaxından izləyən biri olduğunu düşünüb Azecon-1 və Azecon-6 arasındakı fərqi öyrənmək istədik. Oxucum anlayar ki, əslində bizə maraqlı olan həqiqətən də nəsə inkişafın olub-olmamasıdır. Fərq hər zaman mövcud olur. Ülkər də bizi təsdiqlədi: “Hər şeydən öncə azərbaycanlı “cosplayer”lər həm çoxalıb, həm də inanılmaz sürətdə inkişaf ediblər. “Cosplay” məsələlərində çox yeniyik, ancaq bu sürətlə yaxın gələcəkdə “World Cosplay Summit” kimi beynəlxalq yarışmalara Azərbaycandan təmsilçi göndərməyimiz çox inandırıcı gəlir. “Cosplayer”lərdən başqa, AzeCon təşkilat komandası da böyüyüb və dostluğumuz güclənib. Artıq bu il 10 illik yubileyimiz şərəfinə rəsmi şəkildə qeydiyyatdan keçməyimizi də qeyd etmək istəyirəm”.

Asan və ya çətin fərq etməz, təmənnasız şəkildə Azecon tədbirində köməklik göstərən çoxsaylı gənclərdən biri Əli Əliyev də böyüyən komandanın üzvüdür. O, öz hisslərini belə ifadə etdi: “Necə deyim… (gülür). Çox xəyallarım var. AzeCon da bu xəyalların bir hissədir. Günü-gündən ailəmiz böyüyür. Mənim üçün əsas olan odur ki, sevdiyim insanlarla işləyirəm. Amma bütün bu işlərin ən çətini məkan axtarışıdır”.

“O insanlara animedə, filmlərdə gördükləri Yaponiya yeməkləri, şirniyyatları maraqlıdır”

tumblr_p00p8c1Hit1uxvvvzo1_500.gif

Tədbirə rəng qatan digər bir məsələ Yaponiya mətbəxinin yemək və şirniyyatları olur. Bütün bunlar nə sifarişlə gəlir, nə də restoranlardan alınır. Miryusif Mirzəzadə ətrafına yığıdığı köməkçilərilə hər tədbirdə fərqli Yaponiya yemək və şirniyyatlarını qonaqlara təqdim edir. Qonaqların marağı necədir? Elə Miryusifin özündən cavab alaq: “Yaponiya mətbəxi dünyaca məşhurdur. Demək olar, hamının suşidən ötrü ürəyi gedir. Amma AzeCona gələn kontingent biraz fərqlidir. Onlar suşini hər yerdə yeyirlər. O insanlara animedə, filmlərdə gördükləri digər Yaponiya yeməkləri, şirniyyatları maraqlıdır. Məsələn, keçən illərdə yaponların məşhur donqo şirniyyatını hazırlamışdıq. İnsanlar bu yeməyi dadmağa can atırdı. Düzdü yaponların şirniyyat anlayışı bir az fərqlidir. Bizim ən az şəkər tərkibi ilə satılan şirniyyatlarımız belə onların şirniyyatlarından daha şirindir (gülür). Amma olduqca maraqlı təcrübədir”.

Maraqlı təcrübə olması çətin olmadığı anlamına gəlmir təbii ki. Miryusif isə deyir ki, bütün bunların içərisində ən çətin başa gələni elə suşidir: “Suşi hazırlamaq inanın ki çox əziyyətli işdir. 15 nəfərin suşisini hazırlamağa təqribən 2-3 saat vaxt gedir. sonra o 15 nəfər suşini 4 dəqiqəyə yeyib qurtarır (gülərək)”.

dango anime
Dango

Ən sadə işlərdə belə azca çətinlik görən kimi əl çəkməyi ağlımıza qoyuruq. Amma hər birimizi həvəsləndirən nəsə mütləq olur. Bəs AzeCon təşkilat heyəti üçün bu nədir? Çinarə bildirir ki, sevdikləri şeyləri daha böyük auditoriyaya çatdırmaq özü ən başlıca stimuldur: “Əsas bizi ruhlandıran gündən-günə inkişaf edən “cosplay” sahəsi, insanların buna olan marağı və zəhmətidir. AzeCon Azərbaycanda keçirilən yeganə anime konvensiyasıdır ki, 5 ildir baş tutur və ildən ilə həm “cosplay”lərin keyfiyyəti artır, həm də animeni sevən çoxalır. Bütün bunlar əsl motivasiya mənbəyi və AzeCon-un baş tutma səbəbidir. Bu sahəyə bir töhvə verə biliriksə, bu, çox böyük xoşbəxtlikdir”.

yaponaz judy coxplay (6)
Anime “Kamisama hajimemashita”, obraz Akura Ou

Ülkər isə bir daha komanda işindən danışmağı lazım bildi: “”Cosplayer”lərin canla-başla hazırlaşması ən əsas stimulumuzdur! AzeCon “cosplayer”lərə, “cosplayer”lər də AzeCon-a dəstək olur və birgə böyüyürük. İkinci ən əsas məqam isə, komandamızdır! Hər kəs maddi gəlir gözləmədən tam könüllü bu işə əmək verir. Komanda yoldaşlarından çox, hamımız çox yaxşı dostuq”.

Artıq bir neçə gün sonra 6-cı mövsümünə qədəm qoyacaq AzeCon-un hazırkı gedişatı da bizi olduqca maraqlandırdığından sual verib, azca “spoiler” almaq istədik. Miryusif isə bu ilin menyusunu ustalıqla gizli saxladı: “Azecon 6-nı deyə bilmərəm, amma 7 üçün mətbəximizi daha da genişləndirəcəyik. Planımızda takoyaki dəzgahı almaq var. Bu məsələni gələn il mütləq gündəmə gətirəcəyik”.

Çinarə Əhmədova son irəliləyişləri bizə çatdırdı: “Bu il AzeCon hazırlıqları hər zamanki kimi son sürət davam edir. Bildiyiniz kimi, tədbirə az vaxt qalıb və proqram hazırdır. Bu ilki mövzu “kosmos” olduğundan istər məkanın dizaynı, istər hədiyyə seçimi, istər proqram – bütün bunlarda iştirakçılara əsl kosmosa səyahət (“galactic journey”) yaşatmağı hədəfləyirik. Hər hər lki kimi şey əl əməyi, göz nuru ilə hazırlanır. Keçən ildən fərqli olaraq, musiqili nömrələrlə gəncləri coşduracağıq, yaxın zamanda xüsusi qonağımızı da elan edəcəyik. (qeyd: Xüsusi qonaq “Dədə Baba” musiqi qrupudur. Bu, müsahibədən bir neçə gün sonra elan edilmişdir.)“.

Çinarənin bu ilki mövzunu qeyd etməsi bizdə başqa bir sual da yaratdı: Bəs AzeCon-un hər il özünəməxsus mövzuları necə seçilir? Ülkərin cavabı bizi başda çaşdırdı, amma sonra hər şey yoluna düşdü: “Qırğın-dava ilə (gülərək). Zarafatdır, zarafat. Həmin il anime/film/oyun dünyasında önəmli bir hadisə varmı-yoxmu ona baxırıq. Yubileylər kimi. Məsələn, 2017-ci il “Dənizqulduru” (pirate) mövzusunda “One Piece” animesinin 20 illiyi idi. “Cosplayer”lərdən gələn təklifləri də nəzərə alırıq təbii ki”.

Bu ilin AzeCon mövsuzu isə Çinarənin də qeyd etdiyi kimi “kosmosa səyahət”dir. Fərqli mədəniyyət nümunələri, maraqlı stendlər, mahnı, rəqs, ay, ulduz, planetlər… Bütün bunları bu il bir araya gətirən AAC və elə mən özüm də sizi Azərbaycanın yeganə anime mövzulu konvensiyasında gözləyəcəyik!!! 15 aprel, Holiday İnn…

Yazıda istifadə olunan şəkillər şəxsi arxivlərdəndir.
yapon.az © Gülər Nursu 2018