1945-ci ildə ölən kiçik qardaşını kremasiya üçün gətirən azyaşlı oğlanın ehtiram duruşu bir amerikalı fotoqrafın diqqətini çəkir. Naqasaki şəhərində bu fotoşəkli çəkən Co Odennell (Joe O’Donnell) Yaponiyaya atılan hava yaylım atəşi və atom bombalarının səbəb olduğu zərərləri sənədləşdirmək üçün ABŞ hərbi birliyi tərəfindən ora göndərilmişdi. 1945-ci ilin sentyabr ayından etibarən növbəti yeddi ay ərzində, o, qərbi Yaponiyanı səyahət edərək ölənlər, yaralılar, evsizlər və yetimlər də daxil olmaqla, bombardman qurbanlarının vəziyyətini, boşaldılan əraziləri sənədləşdirirdi. İnsan əzabının təsvirləri həm onun negativinə, həm də ürəyinə həkk olundu…

A Japanese boy standing at attention after having brought his dead younger brother to a cremation pyre, 1945 yaponaz
Ölü qardaşını kremasiya məntəqəsinə gətirən oğlan. Naqasaki, 1945-ci il. © Joe O’Donnell

Fotoşəkildə təsvir olunan oğlan ölü qardaşını kremasiya məntəqəsinə gətirərək vəzifəsini yerinə yetirirdi. Kiçik qardaşını arxasında aparan oğlanın sərt baxışları və dodaqlarını çeynəməsi cəsarətli olmaq üçün çox çalışdığını göstərirdi. Ehtiram duruşunda hərbi təsir hiss olunurdu. O, yaralı, incinmiş və müharibənin ən dəhşətli üzünü görmüş, ürəyi qırıq bir uşaq idi. O, məğlub bir millətin ruhunu əks etdirirdi…

İllər sonra Joe O’Donnell bu fotoşəkil haqqında bir yaponiyalıya müsahibəsində demişdi:

“Təxminən 10 yaşında bir oğlan gördüm. O, arxasında bir körpə gətirirdi. O günlərdə Yaponiyada biz uşaqların bellərində daşıdıqları kiçik qardaş və ya bacıları ilə birlikdə oynadıqlarını tez-tez görürdük, amma bu uşaq fərqli idi. Onun ciddi bir səbəblə bu yerə gəldiyini görə bilirdim. O, ayaqyalın idi. Üz cizgiləri ciddi idi. Belindəki körpənin başı dərin yatmış uşağın başı kimi birdən geri döndü. Oğlan orada beş, ya da on dəqiqə qaldı.

Ağ maskalı adamlar ona yaxınlaşdılar və sakitcə körpəni saxlayan ipi oğlanın belindən açmağa başladılar. Yalnız o zaman körpənin artıq ölmüş olduğunu anladım. Adamlar körpəni əlləri və ayaqlarından tutaraq götürüb oda qoydular. Oğlan tərpənmədən düz dayanıb alovları seyr etdi. O, alt dodağını elə möhkəm sıxdı ki, qan uzaqdan parıldayırdı.

Alov günün batışına bənzər közərməyə başlayırdı. Oğlan arxasını dönüb səssizcə getdi”.

Sevinc Nur © yapon.az 2018