Əbədi saflıq, məsumiyyət və itaətkarlıq təcəssümü, yaxud “dünyanı qadınlar xilas edəcək”?!

Yapon qadını deyəndə çoxunun ağlına nərmə-nazik xanımlar gəlir. Hətta bu fikir bir az da geişa imici ilə qarışır və biz onları ağappaq üzləri olan, dodaqları olduğundan balaca görünəcək şəkildə boyanmış, saçları sərt yığılmış qadınlar kimi təsvir edirik. Ümumiyyətlə, bütün dünyada həm cazibədar, həm də evdar, itaətkar bir “Asiya qadını” imici var, bunu dana bilmərik. “Kuklalaşdırılmış”, insani keyfiyyətləri soyundurulub metalaşdırılmış, əbədi saflıq, məsumiyyət və itaətkarlıq təcəssümü olan Uzaq Şərq qadını… Bəlkə də “M. Butterfly” filmini izləyənləriniz xatırlayar, məhz bu qəribə fantaziya Qallimardın sonunu gətirmişdi. O ağlında qurduğu itaətkar asiyalı qadın xəyalına uyub, sevimli Sonqun onun həyatını məhv etməsinə rahatlıqla icazə verdi. Sonq onun kəpənəyiydi. Özünü üstün sayan bu fransalı düşünürdü ki, Sonq ona heç bir ziyan yetirə bilməyəcək qədər zərərsiz, bir qədər axmaq bir qadındır və onun yeganə arzusu sevilib, sevmək, onu qucaqlayacaq güclü kişi qollarıdır. Qallimard bir an belə Sonqun ona qarşı olan sədaqətindən şübhələnməzdi. Hekayə isə özündən razı avropalının umduğu kimi bitmədi. Nə yaxşı ki bitmədi…

Uzaq Şərq qadınının hələ də davam edən metalaşdırılma dramından uzaqlaşıb, bugünkü mövzumuza qayıdaq və Yaponiya tarixində əhəmiyyətli izlər qoymuş, ya da sahib olduqları önəmə rəğmən unudulub getmiş 5 möhtəşəm yaponiyalı qadın ilə tanış olaq.

Murasaki Şikibu

murasaki shikibu yaponaz

Əlbəttə ki, bu siyahı Murasaki Şikibunun adı ilə açılmalıdır. Yaponiya mədəniyyətilə az-çox maraqlanmısınızsa, yəqin ki, yapon ədəbiyyatının şah əsəri hesab olunan “Gencinin hekayəsi” (“Genji Monogatari”) barədə eşitmisiniz. Bu məhşur roman, 11-ci əsrdə yaşamış, Murasaki Şikibu tərəfindən yazılıb. “Gencinin hekayəsi”, eyni zamanda, tarixdəki ilk roman hesab olunur. Ancaq “Gencinin hekayəsi”nin dəyəri yalnızca onun ədəbi gücündə yox, həm də qadınların ədəbiyyata gəlişini cəsarətləndirməsində idi. Digər qadınların, bir saray nədiməsinin əsərinin bütün ölkəni lərzəyə gətirməsindən həvəslənib, özgüvən qazanmaları bir yana, Şikibu sayəsində heroqlif oxumağı bilməyən qadınlar, bəlkə də ilk dəfə ölkə gündəmi üçün önəmli olan bir mətni oxuya biləcəkdilər. Niyə? Çünkü Şikibu bütün romanı hiraqana (kanjilərin sadələşdirilmiş formaları olan hərflər. Bu hərflər qadınlara öyrədilirdi ki, onlar ərlərinə bəsit məktublar yaza bilsinlər və ya ərləri uzaq səfərdə olduğunda, onlardan gələn məktubları anlaya bilsinlər. Amma minlərcə heroqlifdən ibarət kanji əlifbası, qadınlara öyrədilmir, beləcə qadınlar ədəbiyyat və elmdən uzaq qalırdı) ilə yazmışdı! Amma gəlin görün ki, Şikibunun bizə indi gülməli gələ biləcək bir problemi var idi. Murasaki dövründəki savadlı bir kişi qədər çox kanji bilirdi, ancaq kanji ilə yazarsa “kişi kimi” adlandırılacağından və bununla oxucusunu qaçıracağından qorxurdu. Buna görə də, durumundan məmnun olmasa belə, hiraqana ilə yazırdı.

Yaponiya ilə bağlı qəribə bir detal da budur ki, adətən cinsiyyətçi cəmiyyətlərdə kişinin qadınabənzərliyi aqressiyaya səbəb olsa və qadının kişiyəbənzərliyi qəhrəmancasına bir şey hesab olunsa belə, gündoğan ölkədə qadınların ər sayıla biləcək hərəkətləri, bir kişinin femininliyindən artıq aqressiya doğrurur. Kagemalar (tarixən gənc kişi fahişələri ifadə etmək üçün termin) qadın paltarı ilə küçədə gəzə bilərdi, amma Şikibu “maskulin” bir qadın olaraq anılmaqdan qorxmaq məcburiyyətində idi.

Katsuşika Ei (Oei)

katsushika ei oei yaponaz

İncəsənət ilə davam edək. Katsuşika Ei! (bəzi mənbələrdə Oi, Oei). Bəli, Katsuşika Hokusai yox, Katsuşika Ei. Adı atasının adının altında itib batmış, möhtəşəm yaponiyalı rəssam. Hokusai deyirdi ki, Einin yaradıcılığı, onun öz yaradacılığından üstündür. Ancaq Ei yalnız bacarıqlı rəssam yox, həm də maraqlı şəxsiyyət idi. Ei dəhşətli alkoqol aludəçisi olub. Onun haqqında yazılır ki, bu qadın çox özündən razıymış və rəssamlığı həyatının mərkəzinə qoyurmuş. Eyni zamanda, xanım Katsuşika eyniliyə nifrət edirmiş. Belə ki, eyni evdə belə bir aydan artıq yaşaya bilməyən ata-bala, davamlı ev dəyişdirir və ikisi də dəhşətli dağınıq insanlar olduqlarından, getdikləri bütün evləri bərbad edirmişlər. Hər şeydən tez ürəyi sıxılan Ei, sevgi həyatında da eyniliyə dözə bilmir və evləndiyi adamdan bir (bəzi mənbəələrdə iki) ilə ayrılıb, atasının yanına geri qayıdır. Einin ayrılma səbəbi, rəssamlığa iddia edən ərinin əl qabiliyyətinin çox pis olması və Einin belə bacarıqsız “sənətkara” ömür sərf etmək istəməməsi olduğu deyilir. Bundan sonra atasının yanına qayıdan Ei, atasının ölümündən sonra mistik bir şəkildə bir anda yoxa çıxır və onu bir daha görən olmur.

Toşiko Yuasa

toshoko yuasa

Ani bir şəkildə, incəsənətdən elmə keçək. Çünki, niyə də yox?! Toşiko Yuasa 1909-1980-ci illərdə yaşamış nüvə fizikası mütəxəssisi idi. O, Yaponiyada fizika üzrə təhsil alan ilk qadın və ölkənin ilk qadın nüvə fizikası mütəxəssisi olub. 1937-ci ildə, Yuasa, Joliot-Curienin süni radioaktivlik barədə məqaləsindən ilhamlanaraq, “Tokyo Higher Normal School of Women”də (Tokyo Qadınlar Ali Məktəbi) dosentlik dərəcəsi alır. Amma yenə də təhsilinə davam etmək istəyən Yuasa, bunlarla da yetinməyib Fransaya gedir. Orada Ph D. dərəcəsi alır və bundan sonraki həyatına da Fransa və Yaponiyad davam edir. Bir müddət sonra Fransanın ən böyük araşdırma mərkəzi olan CNRS-a baş araşdırmaçı olaraq təyin edilir və bununla da o həyatına Parisdə davam edir. Yuasa 1980-ci ildə xərçəngdən vəfat edir.

Çiaki Mukai

chiaki mukai yaponaz

Çiaki Mukai Yaponiyanın ilk qadın kosmonavtı olaraq anılsa da, fikrimcə bu ad Mukaini xəfifə almaqdan başqa bir şey deyil. Əlbəttə, cəmiyyətin sizdən gözləntisi – səsinizi pişik səsinə bənzər bir hala salıb, gəlincik kimi bəzənmək və dadlı miso supu bişirməyinizlə öyünmək olduğu halda, siz kosmonavt olursunuzsa, bu, özü möhtəşəmdir. Amma Mukai möhtəşəmliyin sərhədlərini dirəyib bununla da yetinməyib. O bir dəfədən artıq kosmosa uçmuş yeganə yaponiyalı kosmonavt olmaqla birlikdə, tibb sahəsində sayısız mükafat (həqiqətən sayısız! Bura yazsam sıxıcı dərəcədə uzun bir siyahı alınacağına görə, maraqlansanız Google senseidən soruşun) alan bir həkim, Yaponiyanın ən qədim universiteti olan Keio Universitetində professor, “Tokyo University of Science”in vitse prezidenti və JAXA-nın texniki məsləhətçisidir.

Yuki Okoda

yuki okoda yaponaz

Yuki Okoda BBC-nin bu yaxınlarda açıqladığı “100 ən önəmli qadın”lar siyahısında yer alanlar arasında gənc sayıla bilər. Onun planetlərin yaranma prossesi ilə bağlı kəşfləri, zamanında nəinki Yaponiya, bütün dünyada səs doğurmuşdu. Odanın kəşfi ilə bağlı detaylı məlumatı, Tokyo Universitenin saytından əldə edə bilərsiniz.

ardı var…

Selcan Yağmur © yapon.az 2019

Bu da Yaponiyanın ilk geokimyaçı xanımı: Katsuko Saruhaşi