Yaponiya homogen (monoetnik) ölkədir. Hal-hazırda Yaponiyada az da olsa xarici yaşayır, ancaq bu yeni bir haldır. Keçmişdə, sərhədlərin bağlı olduğu dönəmlərdə, Yaponiya ancaq yaponlardan ibarət olub.

Bu düşüncə yaponların məsum cəhalətinin günahıdır, yoxsa sözün əsl mənasında irqçiliyin? Öncəliklə, siz yapon.az saytının izləyicisinizsə, deməli, Yaponiya ilə bağlı sizi çəkən bir şeylər var. Ola bilər ki, siz anime fanatı, yaxud da Yaponiya seriallarının həvəskarısınız. Sadəcə, yapon dilinin ağılalmaz zənginliyinə heyran bir şəxs, ya da yapon incəsənətinin vurğunu ola bilərsiniz. Yaponiyanı sevmək üçün saysız səbəb var və yapon.az komandasının hər bir üzvü bu səbəblərdən birinə və ya bir neçəsinə sahib olduğu üçün Azərbaycanda Yaponiya mədəniyyətinin tanıdılması üçün əlindən gələni edir. Bir məsələdə razılaşaq ki, bu saytın oxucuları və yazarları olaraq, biz Yaponiyanı sevirik. Amma “sevginin gözü kordur” düşüncəsini bir kənara qoyub, sevdiyimiz bu ölkənin qaranlıq yanlarına və qüsurlarına da bələd olmalıyıq, elə deyilmi? Xüsusilə də bu qüsur, Yaponiyada unikal bir mədəniyyət, bir dilin yox olmasına gətirib çıxarmış, bir nəsilin öz milliyətinə məxsus üz cizgilərindən utanmasına səbəb olmuş qədər çirkin bir qüsurdursa…

Söhbət Yaponiyadakı etnik azlıqlardan biri olan ainulardan və onların üzləşdikləri diskriminasiyadan gedir. Yaponların əcdadları hal-hazırki Yaponiya torpaqlarını sahiblənməzdən öncə, bu torpaqlarda ainular yaşayırdı. İndi isə gəlin, ainularla daha yaxından tanış olaq.

ainu

Tarixdə ainular

Ainular (アイノ, アイヌ) haqqında məlumatlar kifayət qədər azdır. Bilinənə görə, qədim zamanlardan bəri ainular indiki Kuril adaları, Saxalin, Kamçatka yarımadası və Hokkaido (北海道 və ya keçmiş Ezo (蝦夷)) ərazisində yaşamışdır. E.ə. 300-cü ildə yaponların əcdadları olan yayoilərin hal-hazırki Yaponiya ərazisinə gəlməsilə iki millət birlikdə həyat sürməyə başlayır. Yaşama və təsərüffat üsullarının daha inkişaf etmiş olması nəticəsində isə yayoilər dominant kültür halına gəlir və beləcə, onlar ainuları sıxışdıraraq Hokkaidonun şimal bölgəsində kiçik bir ərazidə yaşamağa məcbur edirlər. Ainu mifologiyasında deyilir ki, “Onlar (yəni, ainular) Günəşin övladları bu torpaqlara gəlməzdən əvvəl burada idilər”.

Yaponlar bir müddət ainu mədəniyyəti üzərində hökmranlıq qursa belə, 1457-ci ildə ainular o dövrün Yaponiyasına müharibə elan edir. Savaş meydanını məğlub olaraq tərk edən ainular 1669 və 1789-cu illərdə yeni iki müharibə başladır, amma hər birində də uduzurlar. Ancaq ainuların əsas əzabı Meiji dövrü ilə başlayır.

“Birləşmiş Yaponiya” – kölələşdirilən ainular

Meiji dövründə “Yaponiyanın birləşdirilməsi” siyasətinin həyata keçirilməsi adı altında ainuların öz dilində danışmağı və öz mədəniyyətlərinə dair hər hansı bir aktı həyata keçirmələri qadağan olunur. Bununla da bitmir və Meiji hakimiyyəti ainuların torpaq sahələrini əlindən alır və onlara ancaq “icazəli torpaqlar”da təsərüffatla məşğul olma imkanı verilir. Hər zamankindən daha artıq ayrı-seçkiliyə məruz qalan ainular, balıqçılıq sahəsində demək olar ki, kölə kimi işlədilməyə başlayır. Keçmişdə ainu kəndlərində, yerli qanunlar hökm sürərkən, “Yaponiyanın birləşdirilməsi” siyasəti ilə ainular da Yaponiya məhkəmə sisteminə tabe edilir.

ainu people bringing giftd hakodate 1751.jpg
Hakodate yaxınlığında yer (Hokkaido). 1751-ci il. Ainular hədiyyə gətirir. Vikipediya – elektron ensiklopediya.

Bu qadağalar 1997-ci ilədək davam edir. Ancaq gec aradan qaldırılan bu qadağa artıq ainu mədəniyyətinə vura biləcəyi zərəri çoxdan vurmuşdu. Ainular yazılı ədəbiyyat nümunəsinə sahib olmadıqlarından dilləri, demək olar ki, unudulmuş, adət-ənənələri çoxdan yaddaşdan silinmiş və gələcək nəsilləri eyni əziyyətdən qorumaq məqsədilə yaponlarla evlənib, “ainu görünüşü”ndən xilas olmağa çalışanların arzuları yerinə yetmiş, ainular görünüşcə yaponlara bənzəməyə başlamışdı…

ainu1

Ainu mədəniyyəti

Ainular görünüşcə yaponlardan çox fərqli idilər. Onların gözləri daha avropasayağı, burunları dik, üzləri sümüklü və üz tükləri qalın idi. Ainularda qadınlar və kişilər saçlarını çiyinlərinə qədər uzadar, kişilər bir yaşa qədər saqqallarını qırxmaz, qızlar isə həddi-büluğa çatanda ağızlarının ətrafına qara tatu döydürərdilər. Onların əsas menyusu ayı, dovşan, ceyran və tülkü ətindən ibarət idi. Eyni zamanda, onlar müxtəlif tərəvəzlərdən fərqli yeməklər hazırlayır və yaponlar kimi qidaları yarıçiy yeməkdənsə, yaxşıca bişirirdilər.

Ainular bütün varlıqların ruhu olduğuna inanırdı və bu ruhlara “kamuy” deyirdilər. Ən böyük tanrıları isə, dağların və ayıların allahı Kim-un Kamuy idi. Buna görə də ainular yaşayış ərazilərində bala ayılar saxlayar və ayılar müəyyən bir yaşa çatdıqlarında onları Kim-un Kamuya qurban kəsərdilər.

ainu2

Çağdaş Yaponiyada ainular

Hal-hazırda Yaponiyada 25.000-ə yaxın ainunun yaşadığı düşünülür. Ancaq ainu dilində danışa bilən 15-dən az insan var. Bəziləri isə ainuların sayının 200.000-dən artıq olduğu, ancaq bir çox insanın öz milli kimliyindən xəbərsiz yaşadığını iddia edir.

ainu4
Ainu Rebels qrupu

İndi ainular öz bayramlarını qeyd etmə, rəqslərini sərgiləmə, milli geyimlərini geyinmə hüququna malikdirlər. Mələsən, Ainu Rebels adlı bir qrup milli musiqiləri ilə hip-hopu qarışdıraraq konsertlər verir. Ancaq qrubun lideri xanım Mina ainuların hələ də diskriminasiya ilə üz-üzə qaldığını və yaponların onların “çirkli, mədəniyyətsiz” insanlar olduğunu düşündüyünü deyir. Mina özü, ainu kimliyindən utanaraq böyüyüb. Ancaq sonra o, özündə milli kimliyini qəbullanacaq güc tapıb və belə bir musiqi qrupu yaradıb. İndi onlar yalnız digər ainulara özlərini bu ölkənin bir parçası olaraq görməyə yardım etmir, həm də Yaponiyadakı “vəhşi ainu” stereotipini qırır.


images(1) QEYD: Hazırda Hokkaidoda ainu mədəniyyətinin tanıdılması, ötürülməsi ilə bağlı mərkəzlər, muzeylər və muzeylər tərkibində şöbələr fəaliyyət göstərir. Ən əsas mərkəzlər arasında 5-ni göstərmək olar: Akan Ainu Kotan gölü, Şiraoi Porotokotan (Ainu Muzeyi), Ainu Mərkəzi, Sapporo Pirka Kotan (Ainu Mədəniyyət Təqdimat Mərkəzi), Hokkaido Muzeyi.

Şiraoi Porotokotan (Ainu Muzeyi)

img_0844
Ainu Muzeyi. SN

Ainu Muzeyi ziyarətçilərə Hokkaidonun yerli əhalisi ainuların mədəniyyətini tanıtmağa imkan verən açıq hava altında muzeydir. Muzeydə Poroto gölünün sahilində təbiətlə harmoniyada “chise” adlanan saman örtüklü evlər yerləşdirilib. Burada, qonaqlar keçmişdə hisə verilmiş qızılbalıqların istehsalını və ainu naxışları ilə ənənəvi sənətkarlıq nümunələrini görərək, həyatın necə olduğu barədə əyani bilgilər əldə edə bilərlər. Muzey, Yaponiyanın Əhəmiyyətli Mədəniyyət Varlığı kimi təyin olunan ənənəvi ainu xalq rəqsini və musiqisini görmək və eşitmək üçün əla fürsət təklif edir (performanslar gündə bir neçə dəfə keçirilir).

[youtube https://www.youtube.com/watch?v=51ZBvxu2P38&w=560&h=315]

img_0841
Ərzaq saxlanılan anbar. Ainu Muzeyi. SN
Ayı qəfəsi.  "Kamuy" üçün yetişdirilən ayıların qəfəsi
Ayı qəfəsi. “Kamuy” üçün yetişdirilən ayıların qəfəsi. Ainu Muzeyi. SN

images(1) Aynular (həmçinin, ainu, abdal və aini) qərbi Çininin Xinjiang bölgəsində yerli etnik qrupdur. Əsasən Təkləməkan çölünün kənarında məskunlaşmışlar və təxminən 30 min nəfərdir. (red.)


Bonus

Ainu dilində bir musiqi eşitmək istəyirsinizsə, linkə daxil ola bilərsiniz.

Selcan Yağmur © yapon.az 2019