Bu gün Yaponiya tarixinə Böyük Hanşin zəlzələsi ( 阪神・淡路大震災 ⌈hanşin avaci daişinsai⌋) kimi düşən Kobe zəlzələsinin anım günüdür. Bu, 1923-cü ildə 105.000-dən çox insanın həyatını itirdiyi Böyük Kanto zəlzələsindən sonra XX əsrdə Yaponiyada baş verən ən güclü zəlzələ idi.

17 yanvar 1995-ci ildə Hyoqo prefekturasının cənub hissəsindəki Hanşin kimi tanınan yerdə, yerli saatla 05:46:53-də, Rixter şkalası ilə 7.3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kobe şəhərinin mərkəzindən 20 kilometr uzaqlıqdakı Avaci adasının şimal ucqar nöqtəsində, 17 km dərinlikdə yerləşirdi.

kobe-earthquake
Kobe, 1995. zeenews.india.com

Zəlzələ təxminən 20 saniyə davam edib. Nəticədə 6434 adam həyatını itirib; onlardan təxminən 4600-ü kobeli idi. O vaxt üçün 1,5 milyon əhalisi olan Kobe şəhəri episentrə ən yaxın idi və ən güclü sarsıntıya məruz qalmışdı. Ümumilikdə, 68 nəfər 18 yaşdan aşağı uşaq yetim qalmış, 332 nəfər isə bir valideynini itirmişdi.

great_hanshin_awaji_earthquake_
Nojima Fault (野島断層 Nojima Dansō)) CC BY-SA 3.0,

20 saniyəlik müddət ərzində Nocima qapanması (野島断層 ⌈Nocima Dansō⌉) Avaci adasını kəsir. Honşu adasının güney yarısı boyunca uzanan yapon orta tektonik xəttinin bir qoludur) 1,5 m sağa əyilir və 1,2 m aşağı çökür.

Fəlakətin ümumi nəticəsinə görə, təxminən 400.000 bina, Hanşin sürətli baş quru yolu, dəmiryolu körpüləri, Kobe limanında olan 150 bənddən 120-si dağılır. Zəlzələ şəhərin böyük hissəsini bürüyən 300-dək yanğına səbəb olur. Ölkəyə təxminən, 10 trilyon yen və ya 102,5 milyard ABŞ dolları və ya Yaponiyanın ÜDM-nin 2,5 faizi qədər zərər dəyir. Zəlzələ o vaxt üçün dünyanın ən böyük 6-cı limanı və Kobe sənaye istehsalının təxminən 40%-ni təşkil edən qurğuların sıradan çıxmasına səbəb olur. Fond bazarlarında Nikkei 225 indeksi zəlzələnin ardından gündə 1,025 bal azalır.

O günlərdə şəhərə elektrik, su və qazın verilməsi dayandırılmış, sakinlər bir neçə gün aramsız davam edən yeraltı təkanlar ucbatından evlərinə qayıda bilməmişdilər. Zəlzələnin ardından ilk 3 ayda təxminən 1,2 milyon könüllü xilasetmə prosesinə qatılmışdı. Daiei və 7-Eleven kimi kombinilər zərər çəkmiş ərazilərdə ehtiyacları təmin etmək üçün mövcud şəbəkələrindən istifadə edirdilər, NTT və Motorola qurbanlara pulsuz telefon xidməti göstərirdilər. Hətta Yamaquşi-qumi Yakuza sindikatı ehtiyacı olanlara ərzaq və təchizat paylamaqda iştirak edirdi.

kobe earthquake
Kobe, 1995. Pinterest

Böyük bir istehsal mərkəzinin xarabaya çevrilməsinə baxmayaraq, yerli iqtisadiyyat çox sürətlə bərpa olundu. Liman qurğularının yarıdan az hissəsi bu mərhələdə yenidən qurulsa da, bir il ərzində limanın idxal həcmi tam bərpa olunaraq ixrac həcmi təxminən fəlakətdən öncəki vəziyyətə qaytarıldı. Fəlakətdən 15 aydan az müddət sonra, 1996-cı ilin martında Kobe şəhərində istehsalat fəaliyyəti zəlzələdən öncə proqnozlaşdırılandan  98 % səviyyədə idi.

Zəlzələnin ildönümündə baş tutan xatirə tədbirlərində hər il 17 yanvar erkən saatlarında Hiqaşi Yuençi Parkında böyük “1.17” rəqəmi işıqlandırılır. Yerli memorial xatirəsinin üstündə isə “Bu vaxtı unutmayacağıq” (あのときを忘れない ⌈Ano toki o vasurenai⌉) yazılıb.

 

Sevinc Nur © yapon.az 2019