Bütün dünyada insanlar toplumun “diqtə etdiyi normalar çərçivəsində” fikirlərini birbaşa deyil, dolayı yolla ifadə etməyə çalışır, buradan etik qaydalar, nəzakətlil ifadələr, “ağ yalan”, kiminsə özünü müdafiə etmək üçün geyindiyi “maska” və ya səmimiliyin və təbiiliyin vacibliyi kimi “olduğun kimi görün və ya göründüyün kimi ol” fəlsəfəsi meydana gəlir. Yaponiyada isə bu mənada iki ifadə – “honne” və “tatemae” – fərqli məzmuna malikdir və digər meyarlara görə sistemləşdirilir.

“Honne” sözü bir insanın həqiqi hiss və istəklərini (本 音 ⌈honne⌉ “əsl səs”), “tatemae” isə cəmiyyət arasında nümayiş olunan davranış və fikirləri (建 前 ⌈tatemae⌉ “öndə tikilmiş”, “fasad”) ifadə etmək üçün işlədilir. Bu fərqin İkinci Dünya müharibəsindən sonrakı dövrdə yarandığı deyilir.

Ümumiyyətlə, ünsiyyət zamanı fikirlərini tam və ya dəqiq ifadə etməmələri, üstüörtülü sözlərdən istifadəyə meyl etmələri baxımından yapon mədəniyyəti “səssiz”/”sükut” mədəniyyəti adlandırılır. Belə bir ünsiyyət tərzi çərçivəsində dolayı rabitə ünsiyyətin ayrılmaz hissəsinə çevrilir, yəni deyilən fikir ifadə etməli olduğu sözləri özündə cəmləşdirmədiyindən onun başa düşülməsi çətinləşir və ünvanlayandan əlavə şərh tələb edir. Bu vaxt verbal ünsiyyət deyil, onu müşaiyət edən “kontekst” – mimika, jestlər, intonasiya və nitqdəki fasilələr ön plana keçir. Elə bu şifahi olmayan (qeyri-verbal) ünsiyyət əslində şifahi (verbal) təzahürünün arxasında gizlənən (tatemae) gərçək fikir və niyyətləri (honne) anlamağa imkan verir. “Honne” və “tatemae”yə əsaslanan bir ünsiyyət üslubunun istifadəsi yaponların “sözə bürünmüş fikir bir çox nüanslarını itirir” inancına uyğundur.

Ünsiyyət zamanı harmoniyanı qorumaq üçün yaponlar kəskin ifadələr işlətməkdən və fikri üzə deməkdən çəkinirlər ki, bu da tatemaenin mahiyyətinə ziddir. T.M.Qureviçin əsərlərində qeyd etdiyi kimi, bu davranış çox vaxt Şərqin gizliliyi və hiyləgərliyi ittihamlarına səbəb olur. Ancaq əslində bu, şəxsin həmsöhbəti çıxılmaz və yersiz vəziyyətə qoymaq və ona narahatlıq gətirmək istəməməsi ilə əlaqədardır. Düşüncələri tam çılpaqlığı ilə ifadə etmək yaponlar arasında tamamilə ədəbsiz sayılır.

Yuxarıdakı kimi “honne to tatemae”yə (本音と建前) ünsiyyət kontekstində yanaşdıqda hər şey çox məsum görünsə də, hazırda cəmiyyətdə “tatemae” daha çox “görünmədiyi kimi olan” fikrini bildirmək üçün işlədilməkdədir.

“Honne”nin toplumun gözlədiyi və ya şəxsin cəmiyyətdəki mövqeyi və mövcud şərtlərə görə tələb olunanlarla uyğunluq təşkil etməsi vacib deyildir və ən yaxın dostlar istisna olmaqla (bəzən onlardan da) adətən gizli saxlanılır. “Tatemae” isə cəmiyyətin gözlədiyi və ya şəxsin mövqeyi və mövcud şərtlərə görə toplumun ondan tələb etdikləridir və bunlar şəxsin honnesilə uyğun gələ və ya ona zidd ola bilər. Bir çox hallarda tatemae əsl daxili hissləri ifşa etməmək üçün açıq şəkildə yalan danışmağa səbəb olur.

“Honne-tatemae”nin bölgüsünün vacibliyi bəziləri tərəfindən yapon mədəniyyətində birmənalı əhəmiyyət kəsb edir.

Sevinc Nur © yapon.az 2019