Daha öncə seminar iştirakçılarına söz verdiyim kimi bu gün xaricilərin Yaponiyada sevmədiyi şeylərin bəzilərini ümumiləşdirib sizinlə paylaşacağam. Yazını hazırlamadan öncə 18-21 yaş arasında olan yapon tələbələrə “sizcə, xaricilər Yaponiyada nəyi sevir?” və “nəyi sevmir?” sorğusu ilə müraciət etmişdim. Yekun nəticəyə görə, respondentlərin fikrincə, xaricilər yaponların utancaq olmalarını, Yaponiyada pik saatlarda metro qatarlarının basabas olmasını, iş saatlarırejimini sevmir, sağlam qida, yaxşı xidmət sisteminin mövcudluğunu, qatarların gecikməməsi hallarını isə bəyənirlər. Bunlar yaponların fikri idi. Gəlin görək, həqiqətdə xaricilər Yaponiyada nəyi sevmir?!

İnkişaf etməkdə olan – sosial vəziyyəti ağır və ya orta sinfin dayaqlarının zəif olduğu, hətta metronun belə olmadığı və hətta inkişaf etmiş ölkələrdən gəlmiş tələbələr (ümumilikdə: Trinidad Tabaqo, Hindistan, Banqladeş, Kenya, Türkiyə, Hollandiya, İndoneziya, Sinqapur, Çin, Britaniya, Polşa, Amerika, Filippin, Koreya, Azərbaycan) arasında nədənsə gileylənənlər var. Gileylər həmişə olur, mümkünsüzdür. Sevilməyənləri ümumiləşdirsəm isə aşağıdakı sıralama alınır:

1. Yaponiyada tətilə gedən şəxs işlətmədiyi hallarda belə su, işığın pulunu ödəmək məcburiyyətindədir. Bəzi Avropa ölkələrindən fərqli olaraq, istifadə üçün nəzərdə tutulan minimal həddən az işlətdiyinizdə də işlətmədiyiniz işıq və suyun pulunu ödəyirsiniz.  Kirayə başadüşüləndir. Lakin işlətmədiyin işığın və sairənin pulu necə?!

2. Hər şeyin daha qısa yolu olduğu halda mənasız sövdələşmələri əsas tutaraq məsələləri uzadır və şişirdirlər. Əksər hallarda anlamaq istəmədikləri üçün onlarla çənə yormaq vaxt itkisidir. Çox hallarda məsələni sizinlə həll etmək yerinə üçüncü şəxslərə şikayət etməyi daha sadə çıxş yolu kimi seçirlər.

3. Ev sahiblərinin xaricilərə qarşı tələbləri bir az sərtdir. Əksər qocaların yaşaydığı binalara uşaqlı ailələrin köçməsini istəməyənlər çoxdur. Hətta evini xaricilərə kirayə vermək istəmədiyini bildirənlər də vardır. Saat 8-dən sonra adi hərəkəti belə səs-küy kimi qələmə verib etiraz edənlər də ola bilər.

4. Həddindən artıq plastik istifadəsi. Həftə ərzində bir ailə minimum 30 litrlik zibil qutusu həcmində plastik tullantısı atır. Dünya ilə “friendly” yaşadığını iddia etdiyini nəzərə alsaq, bananın da plastik qablaşdırmada satılmasını heç britaniyalı proffesor (göstərici olmaya bilər, lakin var) da anlamır …

5. Formallıq. Kağız-kuğuz işinin həddindən artıq çox olması, kağızdan istifadənin çoxluğu və bunun nəticələrinin ağırlığının gözardı edilməsi.

6. Şənbə və bazar günlərində xəstəxanalara müraciətin mümkünsüzlüyü və ya çətinliyi.

7. Banklarda iş saatının qısalığı. Əgər bankla bağlı işiniz varsa, saat 3-dək özünüzü banka çadırmalısınız. Bu isə həftənin hər günü işləyən və eyni zamanda, oxuyan tələbələr üçün olduqca çətindir. Pul köçürmə isə “Western Union”la mümkündür. Bu zaman pulun müəyyən hissəsi də xidmət xərclərinə gedir. Ölkə ərazisində eyni bankın bir filialından digərinə pul köçürülməsi üçün istənilən haqq isə göndərilən pulun miqdarından azı 2 dəfə çox olduğundan bu üsul da sərf etmir. Xarici kartlardan pul çıxarmaq isə ancaq “7/11” adlı Amerikaya məxsus kombinilərdəki avtomatlarda mümkündür. Unutmayın, pul yükləmək mümkün deyil, ancaq çıxartmaq olar. O da ancaq 10000 yen və ya 100 $ dəyərində. Ondan az çıxartmaq olmur. Yəni, xaricə pul göndərə bilmirsiniz. Pul çıxarmaq istədikdə isə hətta məzənnənin dəyişməsilə Visa kartınızda olan pul təqribən 100 ABŞ dollarından 1 dollar dəyərində aşağı olsa o puldan gözünüzü çəkin!

8. Tatemae (建前) məsələsi. Bütün xaricilərə “Japanese people so kind” (yaponlar çox mehribandır) fikrini aşılamağa çalışsalar da, əsasən onların “polite” (nəzakətli) olmağa çalışdıqlarını demək lazımdır. Nəsə baş verəndə sadəcə, bizim təbirimizcə, quru üzr istəməklə məsələnin ört-basdır edilməsini istəyir və ya güya üzr istədiklərini göstərməyə çalışırlar. Lakin əslində məsələ bitmiş olmur və məsələ adətən bircə üzr istəməklə də bitmir. Xaricdə olmuş yaponlar isə yaponların heç də mehriban olmadıqlarını, özlərinə qarşı qəddar və “pretender” (“yapmacıq”) olduqlarını bildirməkdən çəkinmirlər.

Oxucular arasında sadaladıqlarımla razılaşmayanlar da ola bilər. Hər kəs öz təcrübəsindən çıxış edərək fikir bildirir. Sizin də öz təcrübənizdən çıxış edərək paylaşmaq istədiyiniz fikirləriniz varsa yazın, bizimlə bölüşün.

Sevinc Nur © yapon.az 2020