Yaponiyanın ənənəvi oyunları

Bu gün Yaponiyada metro qatarlarından tutmuş, küçədə gedərkən əlindəki telefonunda oyun oynayan hər yaşda və cinsdən insan görmək olar. Deyərdim ki, siz düşündüyünüz kimi metroda heç də hamı əlinə kitab alıb oturmur. Kompyuter oyunları deyəndə isə sizi bilmirəm, mənim ağlıma, göbələyə bənzər şəhzadəsi və o məşhur musiqisilə “Mario Bros.” (マリオブラザーズ ⌈Mario Burazāzu⌉) gəlir (Nintendo, 1983). Mövzudan çox uzaqlaşmadan, bu gün insanlar əsasən kompyuter oyunlarına, robotlara meyilli olduqlarından “oyun” deyəndə ağıla ilk gələn məhz onlardır. Lakin mən ənənəvi “daş-kəsək” oyunlarından bəhs etmək istəyirəm.

Yaponiyada uşaqlar əsasən uşaq meydançalarında (xüsusi parklarda) oynayır. Təbii ki, adətən azyaşlı olanlar dırmaşır, sürüşür, velosiped sürür, yellencəkdə yellənir, məktəblilər isə futbol, basketbol, tennis və s. ilə məşğul olurlar. Lakin bağçalarda uşaqlara milli oyunlar barəsində məlumat verilir. Lap müəllimlər özü min bir oyundan çıxıb onları ifa da edirlər. Bəli, bəli! (Çəkməyimə icazə vermədilər ki, sizinlə paylaşım. Olsun!) Bilmirəm indi ölkəmizdə “ortada qaldı”, “yeddi şüşə” oynayan uşaqlar varmı?! Amma yaponlar bayram günlərində, hansısa məqsədlə bir yerə toplaşanda mütləq və mütləq ənənəvi oyunları yada salırlar. Bəzilərini yaşatmaq üçün ölkə üzrə yarışlar da keçirilir (məs., karuta, kendama).

Yaponiyanın ənənəvi oyunlarının zəngin tarixi var. Oyunlarla tanış olduqda ölkənin tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etmək mümkündür. Bəlkə də növbəti dəfə dükanlarda əvvəllər qəribə görünən bəzi oyuncaq və suvenirlərin mahiyyəti haqqında məlumatlı olub, yanından laqeyd keçdiyimiz əşyalara qarşı daha duyarlı olacağıq.

daruma otoshi

Daruma otoşi

Bu oyunda taxtadan hazırlanan silindrik formada rəngli fiqurlar üst-üstə yığılır və ən başda Daruma başı yerləşir. Oyunçular kiçik çəkiclə ən aşağıdan başlayaraq sıra ilə fiqurları elə cəld vurub çıxarmalıdırlar ki, Daruma başı və yuxarıdakı fiqurlar aşmasın. Məqsəd bu qayda ilə Darumaya çatmaqdır.

Daruma (達磨) buddizmin Zen ənənəsinin qurucusu Bodhidharmanın modelləşdirilmiş içi boş, dəyirmi yapon ənənəvi gəlinciyidir. Oyuncaq kimi görüldüyünə baxmayaraq, Daruma əhəmiyyətli simvoldur və Yaponiyaya uğur gətirən tilsim olaraq bilinir.

Fukuvarai

fukuwarai

okame hyottoko
Hyottoko və Okame (soldan sağa). Mənbə: happylilac.net

Fukuvarai (福 笑 い), yaxud ingiliscə “Lucky Laugh” (xoşbəxt gülüş) əsasən, Yeni il bayramı günü oyunlarından biridir. Fukuvarai adətən uşaqlar tərəfindən oynanır, lakin böyüklər də qatıla bilər. Oyunun masa üzərində yerinə yetirilməsi istisna olmaqla, “eşşəyin quyruğunu yerinə bərkit”məyə (divarda oynanır) bənzəyir. Fukuvarai oyunçusu üzün hissələrini (göz, qaş, burun və ağız kimi) boş üzə (gözübağlı) yığmalıdır. Yaponlar inanır ki gülüş xoşbəxtlik və uğur gətirir, ona görə də fukuvarai birlikdə oynamaq üçün idealdır.

Hazırda fukuvaraiyə bənzər kompyuter və onlayn oyunlar var. Fukuvarai üçün məşhur üzlər okamehyottokodur.

Ohaciki

ohajiki

Ənənəvi uşaq oyunudur. Ohaciki (おはじき) adlanan rəngbərəng şüşə və plastikdən hazırlanan kiçik qəpik şəklində dairələrlə oynanır. Keçmişdə isə yastı formalı çınqıl və daşlardan istifadə edilirdi. Hazırda müxtəlif rənglərdə və simvollarla bəzədilmiş şəkildə istehsal olunur.

Bu, 90-cı illərin uşaqlarının yaxşı bildiyi “kafel”, “aşıq-aşıq” oyununa bənzəyir. Oyunda əvvəl əldəki bütün daşlar səpilir, sonra kimin oyuna başlaması müəyyənləşdirilir. Oyuna başlayan şəxs hansı daşla hansı daşı vuracağını xəyali oxla göstərir və çıtma ilə daşlar bir-birinə vurulur. Əgər oyunçu göstərdiyi daşı vursa onda o, oyuna davam edir. Vurmasa oyun növbəti iştirakçıya keçir. Daha çox ohacikisi olan oyunçu qazanmış olur.

Edo dövründə qızların evdə oynadığı oyun kimi məşhurlaşmışdır.

Oni qokko

Oni qokko bizim gizlənqaça oxşayır. Burada bir nəfər “o” olur və həmin şəxsi yaponlar ənənəvi olaraq “oni” (iblis, cin) adlandırırlar. Oni insan bədəni və buynuzları olan mifik fiqurdur və o, uşaq hekayələrində ən çox pis əməl edən biri kimi çıxış edir.

Oyun başlananda oni olan şəxs gözlərini yumur və 10-a kimi sayır, bu vaxt digər uşaqlar gizlənir. Oni saymağı qurtaranda “hazırıq” (Mou ii yo) və ya “hələ deyil” (Mada da yo) eşitmək üçün “Hazırsınızmı?” (Mou ii kai) soruşur. Sonra oni hər bir uşaq üçün axtarış aparır. Birini tapdıqda ona toxunur və həmin uşaq növbəti oni olur.

Menko – kart çevirmə oyunu

Bettan və ya patçin kimi tanınan menko (め ん こ və ya 面子) iki və ya daha çox oyunçu tərəfindən oynanan bir kart oyunudur. Həm də bu oyunu oynamaq üçün istifadə edilən kartların növüdür. Hər bir oyunçu anime, manqa və digər əsərlərdən ibarət şəkillərin bir və ya hər iki tərəfinə basılmış qalın kağız və ya kartondan hazırlanmış menko kartlarını istifadə edir. Oyunçunun kartı taxta və ya beton zəminə yerləşdirilir və digər oyunçu kartını ataraq yaratdığı “külək” və ya digər kartla vurmaq şərtilə rəqibin kartını çevirməyə çalışır. Buna müvəffəq olan oyunçu hər iki kartı alır. Bütün kartları alan və oyunun sonunda ən çox kartı olan oyunçu qazanır.

menko card
Menko kartları. Mənbə: Nesnad

Menko Edo dövründən bəri məşhurdur. Onlar əvvəllər menuçi (面 打) kimi tanınırdılar və qəliblərə salınaraq bişirilən gildən hazırlanardılar. Oyunun sadə qaydaları onu bütün yaş qruplarından uşaqlar arasında məşhur etmişdi. Texnika da bu oyunda güc kimi vacibdir.

Qədim menko kartlardakı şəkillər dövrünün populyar mədəniyyətini və zamanına dair mühüm məlumatları əks etdirir. Edo və erkən Meiji dövründə ninja və samuray kimi şəkillər populyar idi. İkinci Dünya müharibəsindən əvvəl hərbi mövzular, döyüş təyyarələri və gəmiləri məşhurlaşmışdı. Müharibədən sonra anime və manqadan gələn mövzular, həmçinin, beysbol oyunçuları populyarlaşır.

1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində, Menko kartları holoqramlar və parlaq bəzəklərlə işlənirdi.

Takoage

takoage

Yaponiyanın ənənəvi çərpələngidir və oşoqatsu oyunlarından biridir. İstənilən formada və istənilən simvollarla bəzədilir. Əsasən uğur rəmzlərinin əks olunduğu çərpələnglərə üstünlük verilir. İnanclara görə, çərpələngini hündürdə uzun müddət saxlaya bilən şəxsin arzuları yerinə yetir. Yeni il bayramı ərəfəsində çərpələng uçurmanın geniş yayılmasının səbəbi kimi, Edo dövrünün sonlarında şyoqun Tokuqava tərəfindən yeni il ərəfəsindən başqa zamanlarda takoage uçurtmağın məhdudlaşdırılması göstərilir.

Bəzi oyunlar haqqında məlumat geniş olduğundan yorulub darıxacağınızı düşündüm və keçidlərdə yerləşdirdim. Oxumaq üçün adların üzərinə basmaq kifayətdir 🙂 .

Otedama

Karuta (か る た və ya カ ル タ)

Hanetsuki və ya yapon badmintonu

Sevinc Nur © yapon.az 2019