♣ Oqura Hyakunin İşşu

Klassik yapon antologiyası olan Oqura Hyakunin İşşu (小倉百人一首)  “100 adam, bir şeir (hərəsindən)” anlamında tərcümə edilir. 13-cü əsrdə Kamakura dövründə hazırlanan bu antologiyada həmin dövrün ən məşhur 100 şairinin, hərəsindən bir ədəd olmaqla 100 şeiri yer almışdır. Antologiyanın Fucivara no Teika tərəfindən hazırlandığı deyilir. Antologiyanın əsas hazırlanma məqsədi Kamakura dövründə general, eyni zamanda, şair olan Utsunomiya Yoritsunanın Kyotoda Oqura dağında yerləşən evindəki otaqları ayıran qapıların üstünü bəzəmək olmuşdur. Lakin sadəcə zövq oxşamaq üçün yaradılan şeirlər günümüzə qədər dəyərli mədəni nümunə kimi gəlib çıxmışdır.

Antologiyada yer alan şairlərin 79-u kişi, 21-i qadın olmuşdur. Şeirlərin hər biri “vaka” olmuşdur. Bu, şeirlərin 31 heca və 5 sətirdən ibarət olması deməkdir. Eyni zamanda, şeirlərdən 43-ü sevgi, digərləri isə fəsillər haqqındadır.

Hyakunin_Isshu
Edo dövrünə aid Hyakunin İşşu. Vikipediya – elektron ensiklopediya.

Hişikava Moronobu antologiyaya daxil olan şairlərin hər biri üçün taxta bloklarda portretlərini təqdim etmişdir

Utsunomiya Yoritsuna. Vikipediya - elektron ensiklopediya.
Utsunomiya Yoritsuna. Vikipediya – elektron ensiklopediya.

Teikanın antologiyası Edo dövründən məşhurlaşan “karuta” oyunun yaranmasına şərait yaratmışdır. Qədim zamanlardan yapon əsilzadələri kai-avase (買い合わせ/ かいあわせ) adlanan oyun oynayırdılar. Bu oyunda içində şəkil çəkilmiş balıqqulağını tərs çevirib, digərləri ilə eyni şəkil olan balıqqulaqlarını tapırdılar. Daha sonra bu oyun bir qədər inkişaf etdi və hyakunin işşu ilə vəhdət yaradaraq müasir uta-qaruta oyununun yaranmasına təkan verdi.

Yarandığı vaxtlarda ciddi rəğbət qazanan bu oyunu oynaya bilənlər əsasən zadəganlar hesab edilirdilər. Oynaya bilməyən, lakin taxta bloklar üzərinə həkk edilmiş kartları olanlar da onun qiymətindən dolayı yalnız varlılar olurdular. Müasir Yaponiyada da qiyməti 1.100.000 yenə çatan antik karuta kartları tapmaq olar.

Hyakunin İşşu karuta
Hyakunin İşşu karuta – 100 şairdən 1 şeir (vaka) oyun kartları. Bu dəstin öz qiyməti 9 AZN-dir

♥ Uta-qaruta

♦ Kyōgi karuta

Oyunun qaydası və şərtləri

Oyunun oynanma qaydası və şərtləri istər-istəməz insanı riqqətə gətirir. Xüsusilə də şeir sevirsinizə bu oyun tam sizin üçün yaradılıb.

Belə ki, oyunda 2 şəxs (rəqiblər) və 1 dokuşu (ifaçı) olur. Dokuşu “A” səviyyəli karuta oyunçusu olmalıdır. Onun vəzifəsi şeiri ifa etməkdir. Oyunda oynanılan kartlar 200 ədədir. Ölçüləri təxminən 5-7 sm arasında dəyişir və 2 yerə ayrılırlar:

Yomifuda – dokuşunun qabağında olan 100 ədəd oxuma kartıdır. Şeirin 5 misrası, şairin adı, eləcə də şeirin illustrasiyası bu kartlarda olur.

Torifuda – oyunçular üçün qoyulan 100 kartdır. Burada şeirin yalnız son iki misrası yer alır.

Oyuna başlamaq üçün əvvəlcə 50 torifudadan təsadüfi seçilmiş 25 kart bir oyunçuya, digər 25 kart isə digər oyunçuya paylanılır. Hər iki oyunçuya kartları düzüb yerlərini əzbərləmək üçün 15 dəqiqə vaxt verilir. Kartların düzülməsi üçün xüsusi strategiya seçilməlidir. Lakin bu nə qədər asan olarsa rəqibin də onların yerini rahat şəkildə bilməsi bir o qədər asan olacaq. Kartlar 3 sıra formasında düzüldükdən sonra oyun başlayır.

Oyunun başlamağı üçün açılış şeiri ifa olunur. Bu açılış şeiri “coka” adlanır. İlk oxunan şeir oyuna aid edilmir. Bu şeir Hyakunin İşşu antalogiyasına aid deyildir və Naniva Bay adlanır. III əsrdə yazılmış həmin şeir imperatorun taxta çıxması şərəfinə yazılmışdır. Oyunçular və əgər varsa izləyicilər bu şeiri dinlədikdən sonra oyunun əsas hissəsi başlayır.

Dokuşu qarşısındakı yomifuda kartlarından şeiri oxumağa başlayır və oyunçular qarşılarında olan torifuda kartlarından bu şeiri tapmalı, rəqiblərindən əvvəl ona toxunmalıdırlar.

Xatırladım ki, torifudalarda bəndin yalnız son iki misrasi yer alır. Bu da rəqibiniz bəndi əzbər bildiyi halda daha tez kartı tapacağı, sizin isə dokuşunun son sözlərini gözlədiyinizdən gecikməyiniz deməkdir. Dokuşuda 100 kartın hamısı olsa da, 50 kart oynanmayaraq qalır. Bu kartlar karafuda – ölü kartlar adlanır. Oyunu yalnız öz qarşınızdakı kartlarla oynamırsınız. Əgər oxunan vakanın sizin qarşınızdakı kartlarla uyğunlaşmadığına əminsinizsə, o zaman rəqibin kartlarına baxa bilirsiniz və ondan əvvəl kartı götürürsünüzsə, öz kartlarınızdan birini də ona verməlisiniz. Bu okurifuda adlanır. Oyunçular belə hallarda əsasən əzbər bildikləri kartı rəqib meydanına göndərirlər, çünki növbəti addımlarda bu kartı tapmaq da asan olacaq.

Karutada oyunçunun öz sahəsi ci-cin, rəqibin sahəsi teki-cin adlanır. Əgər sizdə olan kartlardan birinə səhvən toxunursunuzsa, yəni oxunan vaka ilə sizin toxunduğunuz üst-üstə düşmürsə, bu faul sayılır və rəqibin sahəsindən bir kart götürməli olursunuz. Teki-cində yanlış karta toxunmaq faul sayılmır. Əgər siz ci-cində yanlış karta, rəqibiniz isə teki-cində doğru karta toxunursa onda daburu dabu (ingiliscədən “duble”) olur. Yəni rəqibiniz sizə iki kart verir. Nəticə etibarilə kartı ən tez bitən oyunçu qalib sayılır.

Müsabiqəli karuta (競技 か る た ⌈Kyōgi karuta⌉) Yaponiyanın Karuta Assosiasiyası tərəfindən təyin edilmiş format və qaydalar çərçivəsində, karutanı oynamaq üçün uta-qaruta kartlarının əsasında dayanan rəsmi Yaponiya kart oyunudur. Oyunda 5 səviyyə göstərilir. “E” səviyyəsi başlanğıc, “A” səviyyəsi isə son üst səviyyə sayılır. “A” səviyyəsi alan qadın queen (kraliça), kişi isə master (usta) adlarına layiq görülürlər. Hər il yanvar ayının sonunda Oumi məbədində keçirilən yarışlarda finalçılar keçən ilin qalibləri ilə oynayaraq güclərini isbat etməyə çalışırlar.

Chōyaku Hyakunin isshu Uta Koi
超訳百人一首 うた恋い

Bu incəsənət anime sənayesinin də gözündən qaça bilməzdi. Bu mənada “Çouyaku Hyakunin İşşu: Uta Koi” (超訳百人一首 うた恋い) animesinin adını çəkmək yerinə düşər. 2012-ci il istehsalı olan anime 13 bölümdür. Hər bölümdə bir və ya iki şeir səhnələşdirilmişdir. Nəzərə alanda ki, animedə şeirlərin səslənməsi ən əsas yeri tutur, onda ən usta anime seiyuularının bu işdə olması təəccübləndirici olmamalıdır. Əsrarəngiz şeirlərlə gözəl səslərin birləşdiyi və alışdığımız üslubdan bir qədər fərqli olan anime ağır tarixi ab-hava daşısa da, dialoqlar qəti şəkildə anlaşılmaz deyildir.

♠ Azərbaycanda?!

Biz karutanın ən standart forması haqqında məlumat verdik. Lakin nəzərə almaq lazımdır ki, karutanın bir çox növləri mövcuddur və bəziləri daha fərqli şərtlər altında oynanılır. Eyni zamanda, bu oyun haqqda araşdırma aparanda Yaponiya və Azərbaycan arasında biri-birilərindən fərqli şəkildə inkişaf etmiş oxşarlığı da üzə çıxartmış oldum. Karuta oyunu, məqsədi fərqli olsa da Teymurilər dövründə Nəsimi və Nəiminin şeirlərinin qadağan olunduğu bir zaman kəsiyində gənclər arasında geniş yayılan “oyuna” bənzəyir. Sufizmin tərəfdarları olan şairlərin əlyazmaları məhv edilsə də, onların tərəfdarları şeirləri əzbər şəkildə yadda saxlamağa çalışırmışlar. Şeirlərin unudulmaması üçün məclislərdə ən çox şeir bildiyi düşünülən kəs hər hansısa şeirdən iki misra deyir, yerdə qalanlardan kimsə bu iki misranı davam etdirir və bu, şeir sona çatana qədər davam etdirilirdi. Sırası gəldiyi zaman misranı unudan, gec deyən və ya misrada yanlışa yol verən oyundan uzaqlaşdırılır və sona qalan bir şəxs qalib hesab edilirdi. Şeir bitdiyi, lakin oyunçular qaldığı halda yeni şeir misrası deyilir və qalib müəyyənləşənə qədər bu davam edirdi.

Şeir və incəsənətə bağlı olan bu iki xalq öz milli mənliklərini bu günlərə gətirib çıxartmağı fərqli yollarla, amma eyni məqsədlə bacara bilmişlər.

Gülər Nursu © yapon.az 2018