あさひしんぶん ⌈asahi şinbun⌋ (və ya 朝日新聞) –  “Səhər günəşi” Yaponiyanın ilk milli qəzetidir. İlk milli qəzet genişformatlı (40,6 × 54,6 sm) idi və 4 səhifədə nəşr olunurdu. Qəzetin nüsxəsi 1 senə (1 sen = 1/100 yen) satılırdı. Redaksiyada isə 20 nəfər işləyirdi.

Qəzetin əsası 1876-cı il yanvarın 25-də qoyulub. İlk nüsxəsi 1879-cu ildə Osaka şəhərində buraxılıb. Nəşr olunan ilk nüsxə 4 illüstrasiyalı səhifədən ibarət idi. Gündəlik nəşr olunan qəzetin redaksiya heyətindən biri – Noboru Kimura qəzetin yaradıcısı (sahibi) hesab olunur. Ryohey Murayama isə qəzetin rəhbər və naşiri, Tey Çuda isə baş redaktoru olub.

Yaponiyanın ilk gündəlik qəzetinin ilk səhifəsi sağda gördüyünüz şəkildəki kimi görünürdü.

1796435_10203064209757200_450105201_n
25 yanvar 1876-cı il. İlk nüsxə. Vikipediya – elektron ensiklopediya.

Hal-hazırda qəzet ümummilli nəşr hesab olunur və “Mitsui” konserni tərəfindən maliyyələşdirilir. Gündəlik qəzetin gündüz nəşrinin tirajı 6 mln, gecə  nəşrinin tirajı isə 4 mln arasında dəyişir. Səhər nömrələri 14 müxtəlif variantda və ölkənin hər bir adasına müvafiq 4 növdə (saat 14:00-dək) nəşr olunur. Gündüz nəşrinin qiyməti 150 yen, gecə nəşrinin qiyməti isə 50 yendir. Siyasi mənsubiyyətinə görə liberal olan qəzetin 2010-cu ildə gündüz tirajının sayı 7,96 mln olub. Qəzetin 66 %-i abunə yolu ilə yayımlanır.

Nəşrin 226 yerli şöbəsi, 1 mərkəzi şöbəsi, 61 regional nümayəndəliyi fəaliyyət göstərir və nəşr 14 informasiya agentliyinin xidmətlərindən yararlanır.

Qəzetin ingilis dilində iki layihəsi var. Bunlardan biri “Asahi evening news” – yarısı yapon, yarısı ingilis dilində çap olunur. Bu ad materialın aktual ifadəsi kimi xarakterizə oluna bilər. İkincisi “Spokai asahi” isə əyləncəli informasiya həftəliyidir. Həftənin bazar günləri qəzetin “New York Times weekly review” adlı əlavəsi və analitik həftəliyi olan “AERA” dərc olunur. Nəşrlər genişformatlıdırlar. Reklamlar isə onların 55-60 %-ni təşkil edir.

Xüsusi qeyd etmək lazımdır ki, nəşr “səs-küylü” başlıqlardan istifadə etmir. Onun özünü kəskin və açıq şəkildə göstərən liberal görünüşü var. Auditoriyası isə intellektual, yüksək təhsilli və daha çox gənclərdən ibarətdir.

2004-cü ildən “Asahi şinbun” “Mainiçi şinbun” (“Gündəlik qəzet”) ilə birgə qədimi şōqi – meicin (yap. 名人, şōqi – “generallar oyunu” – Yaponiyanın məntiqi şahmat tipli stolüstü oyunu, meicin – oyunçunun titulu – usta) üzrə titul turnirinin sponsoru kimi çıxış edir. Hər iki qəzetin şōqi üzrə xüsusi bölməsi var. Müqavilənin dəyəri ildə 360 mln. yen (və ya 4 mln ABŞ dolları) həcmindədir.

Qəzetin özünün həmçinin, illik mükafat (bonus) təqdim edən fondu fəaliyyət göstərir.

Sevinc Nur © yapon.az 2014