Karoşi (過労死) yaponcadan hərfi tərcümədə “gücədüşmədən ölüm” (yorğunluqdan, işləməkdən ölüm) kimi səsləndirilə bilər. Bu, qəfil ölümdür. Geniş yayılmış arealına baxmayaraq, Yaponiya bu ölüm faktı ilə bağlı ayrıca statistika yayan azsaylı ölkələrdən biridir. Tibdə bu ölüm faktını doğuran səbəb kimi stresdən infarkt və insult göstərilir. Yorğunluq və çox işləməkdən ölənlərin sayının durmadan artdığı bir dövrdə, yəni, 1987-ci ildə Yaponiyanın Əmək Nazirliyi sindromun aşkarlanması barədə statistika yaymağa məcbur olur. İl ərzində 20-60 belə ölüm hallarının baş verməsi müşahidə olunurdu.

İlk dəfə 1969-cu ildə Yaponiyanın nəhəng nəşriyyat evinin çatdırma şöbəsinin 29 yaşlı əməkdaşı iş yerində ölmüş halda tapılır. Bu hadisə həmin dövrdə eyni səbəblərdən müşahidə olunan yeganə ölüm faktı olmayıb.

70-ci illərdə həmin sindromdan dünyasını dəyişənlərin ailələri karoşiyə ictimaiyyətin diqqətini cəlb etməyə başlayırlar. Xüsusi komitələr həddən artıq işləmək və ya iş saatlarından əlavə işləməyin sağlam işçiyə təsir effektini müəyyənləşdirmək məqsədilə araşdırmalar aparır. 1982-ci ildə sindroma həsr olunmuş ilk kitab işıq üzü görür. Kitabda əsasən, qeyd olunurdu ki, karoşinin səbəbi davamlı işləmək, uzun iş günü və qeyri-müntəzəm iş cədvəli ilə əlaqədardır. Sindromun qurbanlarının əksəriyyəti ildə 3000 saat işləyirdilər. Yaponiyanın Əmək Komitəsinin məlumatına görə, hər il karoşi sindromu ilə 10 min adam həlak olur.

Kompensasiya uğrunda mübarizə

1980-ci illərin sonundan etibarən karoşi sindromu qurbanlarına hökumət tərəfindən kompensasiyaların ödənilməsinə başlanılır. Lakin burada da xoşagəlməz hallarla rastlaşmalar olur. Məsələn, 1994-cü ildə ürək tutmasından vəfat edən sürücünün ailəsinə kompensasiyanın ödənilməsi rədd edilmişdi. Ölümündən əvvəl o, il ərzində 5700 iş saatı toplamışdı. Lakin onun işverəni bunu normal hal kimi qəbul etmişdi ki, bu da kompensasiya ödənilməməsi üçün ideal çıxış yolu idi. Sürücü bundan əvvəlki 7 il ərzində isə ilə 6000 saat işləmişdi.

Başqa bir misal: 2000-ci illərin əvvəllərində “Toyota” şirkətinin Yaponiyadakı zavodlarından birində “Camry” avtomobilinin yeni versiyası üzərində işləyən dizaynerin ürəyi iş rejiminə və gərginliyə dözməyərək dayanır. Sonradan jurnalistələrə məlum olur ki, mərhum yalnız həftəsonları deyil, həm də gecələri işləyirmiş. Bundan əlavə, o, tez-tez saat qurşaqlarını dəyişərək müxtəlif ölkələrdə məzuniyyətdə olurmuş (təyyarə ilə uçuşlar həyata keçirərək). Hadisə ilə əlaqədar Yaponiya Əmək Komitəsinin qərarı yekdil olur: sığorta şirkəti mərhumun ailəsinə kompensasiya ödəməlidir.

2007-ci ildə başqa bir karoşi qurbanının dul xanımı “Toyota” şirkətinə məhkəmədə qalib gəlir. Belə ki, o, ərinin gündə müəyyən olunmuş iş saatlarından əlavə 4 saat işlədiyini və bunun nəticəsində vaxtından əvvəl vəfat etdiyini sübut edə bilir. Bu hadisədən sonra şirkət işçilərə iş saatlarından əlavə əmək fəaliyyətinə görə məvacib ödəməli olur. Hökumət, həmçinin, Yaponiyanın nəhəng şirkətlərində işləyən əməkdaşların sağlamlığının qorunmasına nəzarət edəcəyinə dair öhdəlik götürür.

Karoşi həm də Yaponiyanın baş naziri Keizō Obuçinin (小渕 恵三) 2000-ci ildə ölümünə səbəb olub. O, öz səlahiyyətlərini yerinə yetirdiyi 20 ay müddətində yalnız 3 gün istirahət edib və sutkada 12 saatdan az işləməyib.

Çıxış yolu axtarışında və ya iş rejimi və qanunlar

Acı təcrübəyə yiyələnən Yaponiya şirkətləri karoşi sindromunun meydana gəlməsinə yol açan halların qarşısını almağa çalışırlar. Əlavə iş saatlarında çalışan əməkdaşlar müntəzəm olaraq tibbi müayinədən keçir, bir çox şirkətlərdə siqaret çəkmək əleyhinə ciddi mübarizə aparılır. Lakin bu gün də gənclər çox işləmək məcburiyyətində olduqlarından və iş rejiminin ağırlığından, qaydalarından, həvtəsonu və əlavə iş saatlarına görə əməkhaqqı almadıqlarından şikayətlənirlər.

Qeyd edim ki, Yaponiyanın Əmək Qanununa əsasən gündə 8 saat, yaxud həftədə 40 saat işləməyə icazə verilir. Xaricilər üçün işləmək imkanı həftədə 28 saat təşkil edir. Yaponiya şirkətləri öz işçilərinin iş saatlarını uzatmaq istəyirlərsə, ilk növbədə hökumətdən razılıq əldə etmək üçün xüsusi müqavilələr bağlamalıdırlar (İş standartları No.36-a əsasən). 2010-cu ildən etibarən, həftədə 60 saatdan çox işləyən insanlar üçün 50 %-dən artıq əmək haqqı tətbiq edilir.

2014-cü ildə “Oxford University Press” jurnalında nəşr olunan materiadan aydın görünür ki, Koreya və Çində hazırda vəziyyət daha kritikdir. Məqaləni oxumaq istəyənlər üçün keçid burada.

Sevinc Nur Ali © yapon.az 2014