1880-ci ildə qurulan Nara parkı (奈良公園 ⌈Nara kōen⌋) Yaponiyanın ən qədim parklarından biridir. Kyoto/Kiotonun cənubunda Nara adındakı bu bölgəyə qatarla 45 dəqiqəyə rahatlıqla gedə bilərsiniz.

Parkın ərazisində 1000-dən çox müqəddəs (ənənəvi şinto dininə görə onlar tanrıların müjdəçiləridirlər) maral sərbəst halda gəzinir və bu heyvanlar milli təbii irs olaraq qəbul edilmişdir. Marallar gələn turistlərin əlindən bəslənməyə öyrəşiblər, amma nadirən turistlərin əllərini dişləyənlər də olur. Nara parkı marallardan əlavə, Kofukuci adlı güclü bir klanının məbədinə ev sahibliyi edir.

Nara parkı. Mənbə: GaijinPot travel
Nara parkı. Mənbə: GaijinPot travel

Tarix boyu Nara marallarının insanlarla yaxşı yola getdiyi söylənilir. İlk dəfə ərazidə maralların varlığı 1177-ci ildə qeydə alınmışdır. Həmin ildə ailəsi ilə birlikdə ərazini ziyarət edən əsilzadə Kuco Kanezane maral sürüsünə rast gəlir. Maralların yaxınlaşdığını gördükdə gənc oğlan arabadan çıxaraq, onların qarşısında təzim edir…

1189-cu ildə Kanekaze məbədin bərpasını yerində araşdırarkən, tikilinin əsas zalında bir maral görür. Gündəliyində bu hadisəni, “əvvəlcə özümü itirdim, sonra əllərimi birləşdirərək marallara doğru əyildim (təzim etdim)”, – şəklində qeyd etmişdir. Bu hadisədən sonra marallar şans simvolu kimi qəbul edilir.

Nara Parkı. Mənbə: Nippon.com
Nara Parkı. Mənbə: Nippon.com

1500-cü illərin sonlarına yaxın marallara olan sayğı get-gedə artır, hətta maral ovu ölümlə cəzalandırılır, bu qərarı pozan şəxslərin mal-mülkünə əl qoyulurdu. Günümüzdə keçmişdəki qədər olmasa da cəzalar tətbiq edilməkdədir. Məs., 2010-cu ildə 40 yaşında bir nəfər qundaqlı yay (arbalet) ilə parkda maral öldürdüyü üçün 10 ay həps cəzasına məhkum olunmuşdu.

Günümüzdə marallar əsasən dincdir və onlar yerli və xarici turistlərin maraq dairəsi olmağı bacarmışlar. Buranı ziyarət edən şəxslər park ərazisində satılan şika-senbei (シカ və ya 鹿 ⌈şika⌋ – maral, senbey – düyüdən hazırlanan quru peçenye/kraker növü) adlı xüsusi bir qida ilə maralları bəsləyirlər. Parkdakı marallar şika-senbey qarşılığında “poza” verməyi belə öyrəniblər. Bundan əlavə “gülə-gülə” deyərək əl yellədiyinizdə də yanınızdan uzaqlaşırlar.

Mənbə: edition.cnn.com
Xəyalə Əlizadə © yapon.az 2019