Fərqli görünüşləri ilə göz oxşayan Yaponiyanın ən məşhur üç bağı

Gözəl istirahətin, xoş dəqiqələrin yaşandığı məkan şübhəsiz ki, təbiət qoynunda olan bağlardır. Bəs, Yaponiyaya ziyarətinizdə ilk baş çəkəcəyiniz bağlar hansılar ola bilər? Yaponiyanın ən məşhur və gözəllikləri ilə insanı heyran buraxan bağlar haqqında kiçik arayış hazırladım 🙂 .

✾ 後楽園

Koraku-en, Okayama Prefekturası 

Koraku-en

“Koraku” sözünün mənası “zövq bağçası” deməkdir. Bu gözəl bağ Okayama prefekturasında yerləşir. Bağ 1700-cü ildə Okayama hakimi İkeda Tsunamasa tərəfindən tikdirilib. Koraku və Kairaku bağları Yaponiyanın ən gözəl bağları sırasında ilk yerlərdədir. Koraku bağında balaca təpələr, ağaclar, gölməçələr, kiçik şəlalər, çay evləri və Noh səhnəsi var. Keçmiş zamanlarda zadəganlar xüsusi qonaqlarını qarşılamaq üçün bu bağdan istifadə edirdilər. Daşqınlar səbəbindən ziyan görmüş bağ 1952-ci ildə Edo dövründən qalan şəkillərə əsasən yenidən bərpa edilib.

✾ 偕楽園

Kairaku-en, İbaraki Prefekturası

Kairaku-en (2)

“Kairaku-en” “birlikdə vaxt keçirmək” mənasını daşıyır. Ən gözəl bağlar sırasında ikinci yerdə olan ən füsunkar bağlardan biridir. Bu bağı ziyarət etmək üçün Mito şəhəri, İbaraki prefekturasına getməlisiniz. Bu bağ gavalı ağacları, meşələri və kiçik gölləri ilə məşhurdur. Sakura ağaclarının çiçəklənmə dövründə, yəni fevral və mart aylarında çoxlu sayda turist bu bağı ziyarət edir.

✾ 龍安寺

Ryoan-ci bağı (Ryoan-ci məbədi), Kioto

Ryoan-ji

Ryoan-ci bağı Zen Ryoan məbəd kompleksinin bir hissəsidir. “Quru bağ” adı ilə tanınan bağ Kioto şəhərində yerləşdir. Yaponiya mədəniyyətinin şah əsəri kimi UNESCO Dünya Mədəni İrsi siyahısına daxil olub. Yuxarıda verilən bağlardan fərqli olaraq, bu bağda ağaclar, gölməçələr yoxdur. 15 qayalıqdan və çınqıldan ibarət olması onu təkraredilməz edir. Bu bağın xüsusi, simvolik mənası yoxdur; incəsənətin ən ali, göz oxşayan nümunəsi hesab olunur.

Gülşən Cabbarlı © yapon.az 2018