Bu dəfə sizi “Hokkaidonun tarixi kəndi”nə aparmaq istəyirəm. Bir qədər bu yer haqqında sizə məlumat verim. “Hokkaidonun tarixi kəndi” (北海道 開拓 の 村 ⌈Hokkaidō kaitaku no mura⌉) şərqi Sapporoda açıq havada tarixi muzeydir. 1983-cü ilin aprel ayında, Nopporo Şinrin prefektural təbiət parkında açılıb. Buraya Hokkaidonun hər yerindən 52 tarixi tikili toplanıb. Həmin tikililər Meici dövrünün sonundan Şova dövrününün əvvəllərinə qədər olan bir dövrü əhatə edirlər. Bütün tikililər diqqətli şəkildə ya köçürülüb, yaxud bərpa edilib və ya yenidən yaradılaraq 4 bölümdə cəmləşdiriliblər:

Old city
Hokkaidonun tarixi kəndinin maketi. 27 avqust 2017. S.N.

1. Şəhər – 31 tikili

> Ofis
> Məktəb
> Mağaza
> Anbar və s.

2. Balıqçı kəndi – 4 tikili

> Balıqçıların evi
> Mağaza
> Saxlama evi və s.

3. Kənd təsərrüfatı ferması – 14 tikili

> Fermerin evi
> Məbəd
> Dənli bitkilər üçün anbar və s.
4. Dağ kəndi – 3 tikili
> Odunçu evi
> Lokomotiv anbarı və s.

Tarixi kəndin yaradılmasında məqsəd qədim insanların yaşam tərzini, ağır iş şəraitini, tarixi tikililəri olduğu kimi əyani şəkildə xələflərə çatdırmaq olmuşdur.

Hokkaidonun tarixi

Hokkaidonun coğrafiyası təqribən 2 mln il əvvəl indikinə bənzəməyə başlayıb. 20 min il əvvəl Buz dövründə, Hokkaido hələ Asiya qitəsinin bir parçası olanda insanlar bura Asiyadan gəliblər. Bunu onların saxladığı izlər sübut edir.

Yaponiyanın şimal adası uzun illər Saxalin və Avroasiyadan Gündoğana mədəni axının şimal qapısı sayılıb. Ölkənin cənub regionlarının mədəniyyəti də bu adaya gəlib çıxa bilib. Bütün bu təsirlərin nəticəsində Hokkaido inkişaf edib və unikal mədəniyyət mübadiləsi mərkəzinə çevrilib.

Edo dövründə (1603-1867), – Yaponiyada feodal dövrü, rusiyalı və digər ölkələrdən ticarət əlaqələri yaratmaq üçün buraya gələn beynəlxalq missiyaçılar Hokkaido limanlarında saxlanılıb. Səbəb təbii ki, Yaponiyanın təcrid siyasəti idi. O günlərdə şyoqun hökuməti Yaponiya mədəniyyətinin qorunması barədə qətiyyətli idi. Edo şyoqunluğunun süqutundan sonra yeni tanınan Meici hökuməti Hokkaidonu inkişaf etdirməyə başlayır. Hokkaidonu inkişaf etdirmə komissiyası 1869-cu ildə yaradılır. Adanın adı Ezodan Hokkaidoya dəyişdirilir. Yaponiyanın hər yerindən buraya köç edən insanlar sərt təbii şəraitlə yaşam mübarizəsinə başlayırlar (Bu, daim Hokkaido mədəniyyətində öz əksini tapır, məs., Yüzillik Xatirə Qülləsi). Həmin insanların qurduğu təməl üzərində hazırki Hokkaido inkişaf etmiş və müasirləşmişdir.

Tarixi kənd

Beləliklə, bütün bunlar “Hokkaidonun tarixi kəndi”ndə də öz əksini tapıb. Kəndə girdikdə siz Hokkaidonun 19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərindək olan dövrünə səyahət edəcəksiniz. Tarixi kəndin əsas girişində köhnə Sapporo stansiyasının binası var. Şəhərin mərkəzində atla çəkilən yalnız bir tramvay (arabası) yolu var. Siz də həmin tramvaya minib dəmiryolu ilə köhnə taxta və daşla bəzədilmiş əsas küçə boyunca gəzə bilərsiniz. Yol boyu Honşyudan köç edən immiqrantlar tərəfindən tikilən qədim ənənəvi yaşayış evləri, ryokan, poçt, yanğınsöndürmə məntəqəsi və s. sizi müşayət edir. Tarixi kənddə şinto məbədi də vardır.

Nəm taxta, nimdaş ev əşyaları, meşə qoxusu sizi başqa bir zamana aparacaq. Mən buraya valeh oldum. Bütün Tarixi kəndi gəzib bitirə bilmədim. Çünki hər binanı qarış-qarış gəzmək, hər detala vaxt ayırmaq muzeyin iş vaxtının bitməsilə nəticələndi… Çəkdiklərimin həcmindən kameram, telefonum söndü. Ona görə də əlimdə olub özündə nəsə ifadə edə bilən kadrları bir araya toplayıb sizə təqdim edirəm. Ümid edirəm səhvlərimi bağışlayar və mənim hiss etdiklərimi anlaya bilərsiniz. Gələn dəfə  bu səhvləri etməmək ümidilə, buyurun 😉 :

[youtube https://www.youtube.com/watch?v=L_gQRF_3USI&w=560&h=315]

Şəkillər və kadrlar müəllifə məxsusdur.
Sevinc Nur © yapon.az 2018