Yaponiyaya və yapon dilinə marağı olan şəxslər yəqin ki, ölkənin adının göstərilən şəkildəki kimi heroqliflə yazıldığını bilir. Yazı sistemində 2000-dən çox heroqlifin olduğu bu ölkənin adı üçün niyə məhz göstərilən heroqliflər seçilib? Gəlin birlikdə öyrənək!

Yaponiyaya “Gündoğan ölkə” deyilməsi əbəs deyildir. Səbəbi məhz bu iki heroqlifdən irəli gəlir. Yaponlar öz ölkələrinin adını “Nippon” və yaxud “Nihon” deyərək tələffüz edirlər. “Nihon” sözü eksonimdir (xaricilərin hər hansısa bir yeri adlandırmaq üçün istifadə etdiyi söz) və bir çox dildə istifadə olunur.

III əsrdə Üç Krallıq dövründə Yaponiya “Dai Nippon Teikoku” (mənası: Böyük Yaponiya İmperiyası) adlandırılmazdan əvvəl, Wa (倭) və ya Wakoku (倭國) kimi tanınırdı. O dövrdə Yaponiyanın Kanto ərazisində Kyuuşuda yaşayan Yayoi xalqını “Wa” (倭) “cırtdan” və ya “itaətkar” deyə adlandırırdılar. Lakin sonradan Yaponiyadakı xanlar bu sözün təhqiramiz olduğunu və ölkə adına uyğun olmadığını düşünüb simvolları dəyişmək qərarına gəldilər. Beləliklə, Wa (倭) “cırtdan” heroqlifini eynisəsli (和) “dinc“, “sülhsevər“, “ahəngdar” mənasını verən heroqliflə əvəz etdilər. Eyni zamanda Yaponiya “Wakoku” və yaxud da 大和 (Yamato) yəni “Dağlıq Ölkə” olaraq adlandırılırdı.

VII əsrin sonlarında “Nippon” sözü yarandı. Buna səbəb kimi “İyirmi dörd Tarix”dən (Çin tarixi ilə bağlı yazılar) biri olan Köhnə Tanq Kitabında bildirilir ki, yapon elçiləri Çin səfəri zamanı ölkələrinin adının çin dilində olan mənasını bəyənmədikləri üçün “Nippon”, yəni “Günəşin mənşəyi” olaraq dəyişdirib, bu cür adlandırılmağı xahiş ediblər. Bununla da Çin imperatriçəsi Vu Zetian buna razılıq verir. Ölkənin belə adlandırılmasına səbəb isə günəşin yapon mifologiyasında böyük rol oynaması və onlara görə imperatorun günəş ilahəsi “Amaterasu“nun nəslindən gəlməsidir.
Ölkənin belə adlandırılmasına aid bir digər məlumata isə 607-ci ildə yapon şəhzadəsi Şoutokunun özünü “Günəşin doğduğu torpaqdakı Cənnətin oğlu” adlandırdığı məktubda rast gəlinib. O, Çin şəhzadəsinə belə bir məktub göndərir: “Günəş doğan ölkədəki Cənnətin Oğlu, bu məktubunu günəşin batdığı ölkənin Cənnət Oğluna göndərir və ona xeyir-dua diləyir“.

Beləliklə günümüzə gəlib çıxan “日本” (Nihon, Nippon) heroqlifinin mənası “Günəşin mənşəyi” deməkdir.

Gündoğan ölkənin sevərləri, günəş həmişə sizinlə olsun☀️

Xəyalə Əlizadə ©  yapon.az 2022