Yapon ənənəvi geyimlərinə marağı olanlar, bu gün sizlərə yapon milli gödəkçəsi barədə məlumat verəcəyik.

Haori (羽織) kimononun üzərinə geyinilən, omba və ya bud uzunluğunda olan ənənəvi yapon gödəkçəsidir. Kimonodan fərqli olaraq haorinin ön panelləri (okumi) üst-üstə düşmür və adətən kimonodan daha nazik yaxalığa malik olur. Hər iki yan tərəfə iki nazik, üçbucaqlı panel əlavə edilərək tikilir. Haori adətən ön tərəfdən “haori himo” kimi tanınan iki qısa kordonla bağlanır və onlar paltarın içərisindəki kiçik ilmələrə bağlanır.

Edo dövründə varlı, lakin aşağı statuslu tacir sinifləri daxilində iqtisadi artım birdəfəlik gəlirin çoxluğu ilə nəticələnmişdi və bunun çox hissəsi geyimə xərclənilirdi. Məhz bu dövrdə hakim siniflər tərəfindən verilən geyimlə bağlı müxtəlif fərmanların nəticəsində tacir sinifindən olan yapon kişiləri sadə xarici dizaynlı, lakin təmtəraqla bəzədilmiş astarı olan haorilər geyinməyə başladılar. Bu tendensiya bu gün də kişilərin haorisində müşahidə olunur.

1800-cü illərin əvvəllərində Tokiodakı Fukaqava “hanamaçi“sindəki geyşalar kimonolarının üzərinə haori geyinməyə başladılar. Haori o vaxta qədər yalnız kişilər tərəfindən geyinilirdi. Qəşəng və qeyri-adi moda seçimləri ilə tanınan Fukaqava geyşaları, 1930-cu illərdə qadınların haori geyinməsini adi bir hala çevirdilər. Müasir Yaponiyada haori həm kişilər, həm də qadınlar tərəfindən geyinilir.

Xəyalə Əlizadə ©  yapon.az 2022