1803-cü ildə Yaponiya sahillərində balıqçılar qəribə bir hadisə ilə qarşılaşdılar: boşqaba bənzər bir qayıq sahilə yaxınlaşdı və içərisindən qəribə paltar geyinən, qutu daşıyan gözəl bir qadın çıxdı. Qadın yerlilərlə ünsiyyət qura bilmir, naməlum dildə danışırdı və gəmisində sirli yazılar vardı.

Hitaçi əyalətində (indiki İbaraki prefekturası) baş verən və tarixə ən məşhur utsurobune (虚舟) kimi düşən bu hadisə haqqında Edo dövrünün bir çox sənədlərində məlumat var və hətta müasir dövrdə də tədqiqat mövzusudur. Gifu Universitetinin professoru Tanaka Kazuo da illərdir ki, bu hadisəni araşdırıb və hətta kitab çap etdirib. Bəs bu hadisənin arxa planında nə dayanırdı?

“Mito bunşo”dur (“Mito sənədi”). © nippon.com

Tanaka deyir ki, bu sirli hadisəni araşdırmağa 1995-ci ildə Aum Şinrikyo qeyri-ənənəvi dini təşkilat tərəfindən metroda törədilmiş hücumdan sonra başlayıb: “Təşkilatın qurucusu Asahara Şoko havada uçduğunu iddia edirdi. … Mən isə elmi yanaşma ilə paranormal fenomenlər haqqında mühazirələr verməyə başlamışdım və ABŞ ilə Yaponiya folklorlarında UNO (Uçan Naməlum Obyektlər) hadisələri kimi müxtəlif cür materialları toplayırdım. … Amerikanın UNO hekayələrindən öncə Yaponiyada Edo dövrünə məxsus sənədlərdə təsvir olunan və uçan boşqabı xatırladan gəmi məni çox təsirləndirmişdi”.

“Hirokata zuihitsu”dan (“Hirokata esseləri”, 1825). © nippon.com

UNO-lar çoxdan populyar mədəniyyətdə geniş yerlərini tutublar. ABŞ-lı biznesmen Kennet Arnoldun 24 iyun 1947-ci ildə ilk dəfə gördüyünü iddia etdiyi UNO-ları “uçan boşqab” adlandırdı, elə həmin ilin iyulunda Nyu-Meksikoda məşhur Rozvell insidenti baş verdi və dünyada UNO-maniya başladı. Lakin belə görünür ki, UNO hekayələri Yaponiyada artıq yarım əsr öncə başlamışdı.

“Oşuku zakki” (“Oşuku qeydləri”, təqribən 1815-ci il), güclü daimyo Matsudaira Sadanobunun vassalı Komai Norimura tərəfindən. Mənbə: nippon.com

Tanaka Hitaçidə baş verən 1803-cü il hadisəsini araşdırarkən həmin dövrün bir çox sənədlərinə müraciət etmişdir. Maraqlıdır ki, həmin sənədlərdə hadisənin tarixi müxtəlif cür verilib. Bu cür sənədlərdən biri 1825-ci ilə aid, fantastik hadisələrdən bəhs edən “Toen şousetsu” (“Toen hekayələri”) adlı kolleksiya idi. Əsər Toenkay ədəbi dairəsi tərəfindən yazılmış və Kyokutey Bakin (“Səkkiz itin xronikaları” əsəri ilə məşhur idi) tərəfindən redaktə olunmuşdu. Digər sənədlər isə Naqahaşi Matacironun 1844-cü ilə aid “Ume no çiri” (“Ərik tozu”), eləcə də, “Oşuku zakki” (“Oşuku qeydləri”), “Hirokata zuihitsu” (Hirokata esseləri) və “Hyouryu kişu” əsərləridir.

Tanaka əvvəlcə düşünürdü ki, insident rusiyalılara məxsus balina ovu gəmisi ilə bağlıdır. Amma o, rəsmi sənədlərdə bununla bağlı məlumat tapa bilməyib. Lakin növbəti araşdırmalarında bundan bəhs edən daha 11 sənəd tapmışdır. Onların içərisində hadisənin 1803-cü ildə baş verdiyini göstərən sənəd ona daha maraqlı gəlmişdir.

Həmin sənədlərdən biri İbarakidə, Mito şəhərində bir kolleksiyaçıya məxsus olan “Mito bunşo”dur (“Mito sənədi”). Tanaka şəkildəki qadının İbarakidə yerləşən, ipəkqurdulara həsr olunan, Şofukuci məbədində yerləşən bodhisatva heykəlinə çox oxşayır. Yerli əfsanələrin birində adı çəkilən Şahzadə Koncinin təsvirlərinə həmin məbəddə rast gəlmək mümkündür. Əfsanənin versiyalarının birinə görə Şahzadə Konciki barama formasındakı qayığı ilə Hindistandan Yaponiyaya gələ bilmiş və özünü sahildə tapmışdır. Konciki yerlilərin ona qarşı isti münasibətinin əvəzində onlara baramaçılığın sirlərini öyrətmiş və ölməmişdən qabaq özü də ipəkqurduna çevrilmişdir. Sənədlərin içərisində təkcə Mito sənədindəki təsvir Şahzadə Koncikiyə çox bənzəyir. Tanaka fikirləşir ki, sirli gəminin Kaşimanada çimərliyində ortaya çıxmasından sonra Şofukuci məbədi bu hadisədən məbədin nüfuzunu qaldırmaq üçün istifadə etmiş ola bilər.

“Hyōryūki-şū”dən, naməlum bir müəllif. Mətndə qadının 18 ilə 20 yaş arasında, yaxşı geyinmiş və gözəl olduğunu təsvir olunur. Üzü solğun, qaşları və saçları qırmızıdır. Onunla ünsiyyət qurmaq mümkün deyil, buna görə də onun haradan olduğu məlum deyil. Düz bir taxta qutu sanki onun üçün çox vacibdir və məsafəsini saxlayır. Gəmidə sirli bir yazı var. © nippon.com

Başqa əhəmiyyətli mənbə isə “Banke bunşo”dur (“Banke sənədi”). Bu sənədin sahibi Kavakami Ciniçidir və özü nincutsu tədqiqatçısıdır. Bir çox sənəddə insident yeri Harayadori və ya Haratonohama kimi göstərilsə də, belə yerlərin reallığı haqqında sübut yoxdur. Lakin bu sənəddə adı çəkilən Hitaçi Şarihama məşhur xəritəçi İno Tadatakanın bir xəritəsində də qeyd olunub və hazırda Hasaki Şarihama kimi tanınır. Tanaka qeyd edir ki, başqa sənədlər hadisə yeri üçün dəqiq yerlər verməsələr də, bu sənəd hadisənin həqiqətən baş verdiyinə dair sübut ola bilər.

Folklor araşdırmaçısı Yanaqita Kunio qeyd edir ki, bütün utsurobune əfsanələri uydurmadır: “Lakin Hitaçi insidenti digərlərindən xeyli fərqlənir”. Tanaka deyir ki, “bu hadisənin konkret 1803-cü ildə baş verdiyi məlumdur, həmçinin, gəminin uçan boşqaba bənzər spesifik təsvirlərinin mövcud olması qəribədir. Çox güman ki, real bir şeyə əsaslanıblar. Lakin o vaxt Yaponiya qapalı ölkə idi, əgər hansısa xarici dövlətin gəmisi və ya insanı ölkəyə daxil olsaydı, böyük hadisə olardı və hökumət rəsmiləri hadisəni araşdırıb ictimai sənəd qoyardılar”.

Qadının geyindiyi paltarlar, gəminin ölçüsünün müxtəlif sənədlərdə müxtəlif cür olması da baş qarışdırır. Məsələn, “Hyouryu kişu”da qeyd olunur ki, gəmi 3,3 metr hündürlüyündə, 5,4 metr genişliyində idi (müasir ölçü sistemləri ilə), kristal və şüşə pəncərələri vardı, taxta və dəmirdən hazırlanmışdı. “Həmin sənədin rəsmi sənəd olması barədə əmin deyiləm, iki cilddən ibarətdir, utsurobuneni saymasaq, kitabdakı bütün insidentlərin həqiqətən baş verdiyindən əminik”, – Tanaka deyir.

Ümumiyyətlə, Yaponiyada bu gəmi haqqında bir çox sirr hələ açıqlanmayıb. Məsələn, gəminin üzərindəki yazılar. Tanakanın fikrincə, bu yazılar psevdo-roman hərflərini xatırladır və onları ukiyo-e işlərinin kənarında da görmək olar. “Bu sadəcə dekorativ ola bilər. Lakin bu yazıların yadplanetli yazısı olduğuna dair sübut tapa bilməmiz mümkünsüz deyil!”. “Utsurobuneyə dair başqa nəmalum faktlar da tapıla bilər. Bu əfsanə çox diqqətcəlbedicidir, çünki bir çox nəzəriyyə ilə yanaşmaq mümkündür. ABŞ-da UNO müşahidələrindən 140 il öncə Yaponiyada belə hekayənin olması məndə Yaponiya mədəniyyətinin necə də cəlbedici və dərin ola biləcəyi təsəvvürünü genişləndirir”.

Serkan Şəntürk © yapon.az 2020