Yo minna! Ötən yazılarımda xarici yazarların əsərləri əsasında çəkilən tammetrajlı anime filmləri və serialları haqqında məlumat vermişəm. Bu dəfəki yazımda onlardan biri – “Akage no An” (赤毛のアン – “Qızılbaş An” və ya “Kürən An”) animesi haqqında danışacağam.

Bu anime dünyaca məhşur əsər, 1908-ci ildə kanadalı yazıçı Lusi Montqomeri (Lucy Maud Montgomery) tərəfindən yazılmış “Anne of Green Gables”dan (“Yaşıl damlardan Enn”) ilhamlanaraq çəkilmişdir. Əsər hər yaşda oxucular üçün bədii roman kimi yazılmış və XX əsrin ortalarından bəri klassik uşaq ədəbiyyatı romanı hesab edilmişdir. Haqqında çoxlu kinolar, cizgi filmləri çəkilmiş, uşaqlar üçün qısaldılmışdır.

İndi də hekayə haqqında qısa məlumat vermək istəyirəm. Cənc yaşlarında yaşadıqları problemlərlə bağlı ailə qura bilməyən Marilla və Metyu (bacı-qardaş) “Green Gables” (“Yaşıl damlar”, malikanə yaşıl dam örtüyünə malik olduğundan bu adla məşhurlaşıb. “Gable” isə dam örtüyünün növüdür.) adlanan bir yerdə sadə həyat yaşayırlar. Lakin artıq qocaldıqları üçün təsərrüfat işlərini yerinə yetirməkdə çətinlik çəkirlər və belə nəticəyə gəlirlər ki, onlara kömək edə biləcək biri lazımdır. İşçi götürməyə imkanları olmadığı üçün qərara alırlar ki, yetimxanadan bir oğlan uşağı övladlığa götürsünlər. Amma işlər heç də onların planlaşdırdığı kimi getmir. Səhvən qız uşağı göndərilir.

Bütün 50 bölümü yaponca buradan izləmək olar. İngiliscə altyazı ilə 🙂

Green Gables”a göndərilən bu qızcığaz həssaslığı, səmimiyyəti, kürən saçları, sonsuz xəyal dünyası və maraqları ilə tez bir zamanda hamının sevimlisinə çevrilir. Adının (ingiliscədəki) sonundakı “e” hərfi ilə diqqət çəkən bu yaramaz qız, toxunduğu hər kəsin həyatını, rənglərin bir-birilə qarışdığı rəsm tablolarına çevirir. Damdakı otağının pəncərəsindən qurduğu xəyalları bu rəsm tablolarındakı fırça izlərində oxucunu özünə çəkir. Xəyalların gücünün fərqinə varan Enn həyatı olduğu kimi qəbul etməməyi, yorulmadan müqavimət göstərməyi və sevməyi xatırlamağı öyrədir.

Enn Şirli onu əhatə edən dünyadan ləzzət alan və xəyallarının köməyi ilə sevincini hər kəsə çatdıra bilən bir personajdır. O, Lusi Montqomerinin ifadələrində parlayan səmimiyyəti və gerçəkliyi ilə sevildi…

Əslində o, hamımızın öz içində tapa biləcəyi bir qızdır. Daim nədəsə uğursuz olur, sayılacaq dərəcədə az dostu və hər şeyə cavabı var. Bəzən tamamilə fərqli bir həyat, ad və saç rənginə sahib olmaq istəyir. Məhz buna görə də gerçək həyatınızın qayğılarını həll etməkdə güclü motivasiya mənbəyidir. Başına nə gəlirsə-gəlsin Enn həmişə dünyanın gözəlliyini görməyi bacarır.

Gəlin, biz də öz dünyamızın rəngini görməyə çalışaq, onda hamımız daha pozitiv və daha xoşbəxt olarıq!

“Akage no An” “Nippon Animation World Masterpiece” teatrının bir hissəsi olan televiziya cizgi serialıdır. Animenin rejissoru İsao Takahatadır. 1979-cu ildə “Nippon Animation” tərəfindən istehsal edilmiş, ilk dəfə 7 yanvar 1979-cu ildə ekranlara çıxmış, 30 dekabr 1979-cu ilədək “Fuji TV”də yayımlanmışdır. Cəmi 50 epizoddan ibarətdir və hər birinin öz başlığı vardır. Məzmun kitabda olduğu kimi animedə də eynidir.

1985-ci ildə çəkilmiş, bir neçə seriyadan ibarət olan ən məşhur “Yaşıl damlardan Enn” bədii serialının treyleri. Rejissor Kevin Sallivan. Kanada.
Xəyalə Əlizadə © yapon.az 2020