Yapon dilində “sənətçi” mənasını verən “geişa” (芸者) XVII əsrdə formalaşıb və günümüzə qədər əyləncə həyatında kişi müştərilərə mahnı, rəqs, söhbət və oyunlarla xidmət edən qadınlara verilən addır. Geişa dünyası yaponca “hanamaçi” (“çiçək qəsəbəsi”) və ya “karyukai” (“çiçək-söyüd dünyası”) adlandırılır.

1920-ci illərdə 80 min olan geişalar 1980-cı illərin sonunda 10 minə düşüb. Bunun ən önəmli səbəbi Qərb tərzində olan barların və burada çalışan qadınların getdikcə məşhurlaşmasıdır.

Geişa təşkilatı Edo dövrünün (1600-1868-ci illəri əhatə edən və Yaponiyanın ilk modern dövrü olaraq bilinən dövr) ortalarında ortaya çıxdı. İlk geişalar “hokan”, ya da “taikomoçi” deyilən rəqqas və müğənni kişilərdən meydana gəlib. Daha sonra bu qruplara qadınlar da qatılmağa başlayıb və sonralar yalnız qadınların peşəsinə çevrilib.

1700-cü illərdə geişa pozğun qadınla tən tutulurdu. Ancaq Edo dövrünün sonlarına doğru geişalar, rəsmi yığıncaqlar da daxil olmaqla, bir çox ictimai-siyasi fəaliyyət və yığıncaqlara çağırılmağa başlandı. Zamanla o, bugünkü əyləncə-sənət və yaxud xoş vaxt keçirtmək üçün yardımçı imicini formalaşdırdı. İndiki vaxtda geyşa əyləncələri, Yaponiyada ən bahalı əyləncələrdən biridir.

Geişalıq

Geişa başqa bir qadının saçını incə bir tərzdə düzəltməyə kömək edir. Geşa və maikolar mükəmməl saçları ilə oyandıqlarına əmin olmaq üçün tez-tez yastıq yerinə kiçik dayaqların üzərində (takamakura) - boynu üstə yatırdılar. 1900-1940-cu illər. © New-York İctimai Kitabxanası
Geişa başqa bir qadının saçını incə bir tərzdə düzəltməyə kömək edir. Geişa və maikolar mükəmməl saçları ilə oyandıqlarına əmin olmaq üçün tez-tez yastıq yerinə kiçik dayaqların üzərində (takamakura) – boynu üstə yatırdılar. 1900-1940-cu illər. © New-York İctimai Kitabxanası

Geişaları “çay evi” deyilən yerlərdə daha çox görmək olardı. Yapon mədəniyyətinin ayrılmaz hissəsi olan çayxanaların sahibləri onları müqavilə əsasında işə götürürdülər. Geişa burda iş adamları ilə söhbət edir, şeirlər deyir, mahnı oxuyur, fleyta çalır, rəqs edir, qısası, onları əyləndirir.

Yaponiya mədəniyyətində ailəli qadına verilən önəmə görə geişalar mütləq subay olmalıdırlar. Evlənməyi seçənlər geişalıq peşəsini buraxmaq məcburiyyətindələr.

Yaponiya əyləncə dünyasında çalışan digər qadınlardan fərqli olaraq, bu qaydalara əməl edən geişalar peşələrini ömür boyu davam etdirə bilərlər. Yaxşı bir geişa olmaq üçün gözəllik və gənclikdən çox, gözəl sənətkarlıq və musiqi duyumu, şirin dil və müştərini gülərüz qarşılama kimi xüsusiyyətlər əhəmiyyətlidir. Buna görə də istənilən yaşda geişalığı davam etdirmək mümkündür. Peşəsini dayandıran geişalar ümumiyyətlə, bar, ya da restoran işlədirlər, yəni, bir növ, eyni sahədə qalırlar. Amma onların arasında müştəriləriylə evlənib fəaliyyətini saxlayan geişalara da rast gəlinir.

Ənənəvi geişalıq peşəsində hər geişanın romantik, cinsi və iqtisadi olaraq əlaqədə olduğu bir “danna”sı, yəni qoruyucusu vardır. Ancaq indiki vaxtda qoruyucuya sahib olmaq, ya da olmamaq geişanın öz qərarından asılıdır.

II Dünya müharibəsinə qədər olan dövrdə geişa olaraq yetişdirilmiş bir qızın, geişalıq səviyyəsinə çata bilməsi üçün “mizuage” mərasimi keçirilərdi. “Mizuage” mərasimində, tam təhsil aldıqdan sonra geişa önəmli bir müştəriyə çox böyük pul qarşılığında bəkarətini pozdurur və aldığı pulun böyük qisimini yetişdirildiyi geişa evinə təhsil xərci olaraq ödəyirdi. Bugünkü geişa evlərindəki qaydalar belə sərt deyil. Müştərilərdən alınan bəxşiş və hədiyyələrlə də rahat dolanmaq mümkündür. Buna görə də geişa evindən kənarda fəaliyyət göstərənlərin sayı durmadan artır.

Təhsil

Harda olursa-olsun, bir geişa bir neçə sənət sahəsində təhsili almaq məcburiyyətindədir. Geişa olacağı dəqiqləşən qızlar kiçik yaşlarında yetişdirilmələri üçün geişa evlərinə verilirlər. Onlara “şikomi” deyilir. Bu qızlar bütün ev işlərini qüsursuz bilməlidirlər. Qızlar tərbiyə edilmək üçün çox ağır şərtlər altında işlədilərlər.

Geişa evinə gələn qız xidmətçilik dövründən sonra şagirdlik dövrünə qədəm qoyur. Bu bir neçə il davam edir. Onlar hətta necə çay təqdim etməyi də öyrənirlər. Məlumdur ki, Yaponiyada çay təqdim etmək xüsusi bir mərasimdir. Şikomilər necə danışmağı, oturub-durmağı, siqaret yandırmağı, gəzməyi, şamisendə (klassik gitaranı xatırladan üçsimli çalğı aləti) çalmağı, rəqs etməyi, bambukdan düzəldilmiş fleytada ifa etməyi, ədəbiyyatı və şeiri öyrənirlər. Bundan əlavə, onlar bir neçə tərzdə mahnı ifa etməyi də bacarmalıdırlar.

13 yaşından 18 yaşına qədər olan dövrdə bu qızlar naşı geişa olaraq müştəri qəbul edirlər. Bu yaşlardakı naşı geişalara Tokio və ətrafında “hanqyoku” (“pul ləl-cəvahirat”), Kiotoda isə “maiko” (“uşaq rəqqasə”) deyilir. Naşı geişalıq dövründə geyilən xüsusi bir kimono və xüsusi saç düzümü olur.

Üç gənc maiko ənənəvi oyun nümayiş etdirirlər. 1890-1900-cü illər. © Fotoqrafiya Sənəti Muzeyi / Flickr
Üç gənc maiko ənənəvi oyun nümayiş etdirirlər. 1890-1900-cü illər. © Fotoqrafiya Sənəti Muzeyi / Flickr

Dövrümüzdə

Ənənəvi geişalık indiki vaxtda Tokioda tamamilə ortadan qalxıb, Kiotoda isə getdikcə azalmaqdadır. Yaponiya qanunlarına görə, hər kəsin ibtidai və orta təhsil alması zəruridir. Bu isə o deməkdir ki, qızlar ən tez 15 yaşında geişalığı öyrənməyə başlaya bilərlər. Başqa sözlə, əvvəllər bir geişanın “maiko”luqdan geişalığa keçdiyi dövr indi başlanğıc dövrüdür. Buna görə geişa evlərindəki qaydalar və tətbiqlər əvvəlki dönəmlərə nisbətən dəyişikliyə uğrayıb, müasir ictimai-əxlaqi qaydalar və qanunlara tabe olub.

Təşkilat

Geişalar regional qruplara ayrılırlar. Bu bölgələrə “hanamaçi”, yəni “çiçək məhəlləsi” deyilir. Hər qrupun “kenban” deyilən qeydiyyat bürosu olur. Bir geişanın işləyə bilməsi üçün bu kenbanlardan birində qeydiyyatda olması və işləmək üçün icazəsi alması lazımdır.

Hər geişa qrupunun öz bölgəsində müştərilərini apardığı restoranlar olur. Bu restoranlarda görüşmə üçün lazımi tədbirləri müştəri görür. Ancaq müştəri “Geişa Birliyi”nin qoymuş olduğu qaydalarla razılaşmaq məcburiyyətindədir. Geişa ilə birlikdə olduğu müddətdə yemək, yol, sığınma kimi bütün xərclər müştərinin hesabına yazılır. Bundan başqa, müştəri geişa ilə keçirdiyi vaxt üçün də ayrıca pul ödəməlidir.

Geişa – o, fahişə deyil…
Amma bəkarətlərini pulla satırdılar

Məşhur inamın əksinə geişalar fahişə deyillər. Ən önəmli məqam bundan ibarətdir ki, geişalığa başladıqları andan etibarən onlara pul qarşılığında seksual xidmət göstərmək qanunla qadağan olunur.

Geişa cəmiyyətdə hörmətə malikdir. Onların vəzifələrinin peşəkar cəhəti budur ki, müştəriləri ilə cinsi əlaqədə olmurlar – yox, əgər belə bir təsadüf olarsa, bu onun istəyi ilə baş verir və peşəsi ilə əlaqəli olmur. Yəni özəl həyat hesab olunur.

Geişalara qarşı olan yanlış münasibət İkinci Dünya müharibəsi zamanı Amerikanın Yaponiyaya ordu yeritməsindən sonra alt-üst olur: amerikalı əsgərlər onlarla yatağı paylaşan yapon qızlarını “qisya” və yaxud da “qız-geişa” adlandırırdılar. Üstəlik, onların əksəriyyətinin pula ehtiyacı olduğu üçün özlərini “geişa” adlandırırdı, lakin geişa deyildilər.

Yuco və geişa

Yuco. 1910-ci il. © Flicr
Yuco. 1910-ci il. © Flickr

Həm də Yaponiyada fahişələrə geişa yox, “yuco” (yuuco (遊女)) deyilir. Geişa və yucolar tarix boyu bir-birindən fərqləniblər. Məsələn, yucolar kimonolarının kəmərinə düyünü qabaqdan və sadə vururdular ki, gün ərzində açıb bağlayanda çətinlik yaranmasın. Eyni zamanda, onların paltarlarında və saç düzümlərində də ciddi fərqlər vardı. Beləcə, yucolar və geişalar zahiri olaraq da fərqlənirlər. Geişanın geydiyi kimononun tikilməsi, üzərinə naxışlar vurulması və boyanması iki-üç il vaxt alır. Yəni geişalar özlərinin tikdiyi xüsusi kimono geyinirlər. Lakin bu işi özləri yox, “otokosi” adlanan və “paltar geyindirən” mənasını verən işçilər görür. Təbii ki, onların köməyinə ehtiyac böyükdür. Çünki geişaların paltarları xüsusi olaraq hazırlanıb və onu geyinmək bir nəfərin işi deyil. Bunda əsas məqam isə kimononun kəmərinin bağlanma qaydasıdır. Geişaların kəmərinin düyünü bədənin arxa hissəsinə düşür və düyün xüsusi qayda ilə vurulur ki, bir nəfərin onu açması az qala mümkünsüz olur. Bu yerdə onu da qeyd edim ki, otoksilər geişaları bir saat ərzində geyindirir və eyni müddətə də soyundururlar. Onlar ayaqlarına “oboko” deyilən səndəl geyirlər. Amma bu səndəllər evin içində geyilmir.

Bütün bunlardan sonra geişaların yucolardan fərqi açıq şəkildə ortaya çıxır. Onlar müştərilərlə cinsi əlaqədə olmurlar, sadəcə zərif xanım rolunu oynayır və bununla da müştərilərinin maksimum istirahət almalarını təmin edirlər.

Oiran

Oiran (花魁) isə Yaponiyada tarixən yüksək səviyyəli “zövq qadını” və ya fahişə növü hesab olunurdu. Bununla birlikdə, onlar adi yūcodan fərqlənirdilər. Onlar ənənəvi sənətlərə yüksək səviyyədə yiyələnmiş olur və müştərilərin kim olacağını daha çox özləri seçirlər. Onlar yalnız cinsi funksiyaları yerinə yetirmirdilər, həm də müştəriləri əyləndirirdilər. Bir çox oiran dövrünün ulduzları idi. Onlar dəb dünyasına yazılmamış qanunlar gətirir, çalğı alətlərində ifaları və rəqsləri haqqında əfsanələrə mövzu olurdu.

Nə qədər qəribə olsa da, statistika göstərir ki, geişaların yanından çıxan kişi fahişəxanaya deyil, evinə üz tutur. Bu isə geişaların müştərilərinə verdiyi tərbiyədən irəli gəlir. Yəni kişi psixologiyasının ən son nüansına qədər araşdıran geişa məktəblərində verilən təhsil nəticəsində müştəri ailəsindən uzaqlaşmır, əksinə, ailəsinə daha da sıx bağlanır. Bunun səbəbi Yaponiyada ailənin ən müqəddəs məfhum olması ilə əlaqəlidir. Başqa sözlə, müştərisinə maksimum istirahət imkanı verən geişalar, həm də onları mümkün dərəcədə tərbiyə edirlər. Təbii ki, bu baxımdan onları fahişə adlandırmaq və yaxud da fahişələrlə eyniləşdirmək doğru olmaz.

98 yaşlı geişanın etirafları

Özünə “Böyük bacı” deyə xitab edilməsini istəyən, bir zamanlar əyləncəsi, zəkası, cazibədarlığı və gözəlliyi ilə dillərə dastan olan 98 yaşlı geişa, hazırda geişalığın öz əhəmiyyətini itirdiyini söyləyir. Peşəyə başladığı 1928-ci ildə ölkəsində 80 min geişa olduğunu xatırladan “Böyük bacı” bu gün rəqəmin dəfələrlə azaldığını bildirərək kövrəlir:

“O günlərdə, restoranlarda zəngin iş adamlarını əyləndirər, mahnılar oxuyar və zarafatlar edərdik. Gün əyilən kimi bizim işimiz başlayar, gecənin oğlan vaxtına qədər davam edərdi. Yaxşı pul qazanardıq. İndi isə gənclər gəlir. Amma danışmağa mövzuları, zarafatları və peşəkarlıqları yoxdur. Haradadır o köhnə günlər?!”

“Böyük bacı” geişaların yucolarla bir tutulmasından da da böyük narahatlıq duyduğunu bildirərək, bunun əsla doğru olmadığını ifadə edir: “Bu günlərdə gənc kişilər söhbət etməyi bilmədikləri kimi, “geişayam” deyib ortaya çıxanlar da nə rəqs etməyi, nə də mahnı oxumağı bacarırlar. Halbuki, geişa əyləndirən zərif qadın deməkdir”.

Vüqar Qurdqanlı © yapon.az 2020