O, sosial rəylərə görə intihar edib?

Yaponiyada və xaricdə ciddi izləyici kütləsinə sahib olan, “Fuji Tv”də yayımlanan “Terrace House” proqramı (proqram eyni evdə yaşayan 3 oğlan və 3 qızın romantik münasibətlər qurması haqqındadır) ilə bağlı qalmaqal hələ də davam edir.

“Terrace House” proqramının afişası

“Netflix”də də yayımlanan və yüksək reytinqə sahib olan verilişin 2019-20-ci il mövsümündə baş verən son hadisələr bir neçə aydır ki, gündəmi zəbt edir. Belə ki, verilişin bu mövsümündə (3-cü hissəsində) peşəkar qadın güləşçisi Hana Kimura da yer alırdı. May ayının 24-də isə Hana Kimuranın evində ölü tapıldığı, intihar etdiyi açıqlandı. 22 yaşındakı güləşçi və “Terrace House” (TH) proqramının iştirakçısı bir gün əvvəl tvitter hesabında pişiyi ilə birlikdə “goodbye” başlıqlı şəkil paylaşmışdı. Çox keçmədən, Hana Kimuranın intiharı ilə bağlı daha ətraflı faktlar ortaya çıxmağa başladı.

TH proqramının may ayındakı bölümlərindən birində Hana Kimura, onun bahalı güləş geyimini yuyucu maşına ataraq məhv edən otaq yoldaşı ilə dalaşmışdı. Bu bölümdən sonra davamlı olaraq Kimuranın sosial hesablarına “öl; qorillaya oxşayırsan; dərinin rənginə bax; çıx verilişdən bezdik; özünə qız deyirsən, əzələlərə bax” və sairə kimi rəylər gəlməyə başladı. Sosial hücumlara davam gətirməyən Kimura isə özünə qəsd etməklə bu “baş ağrısından canını qurtardı“. Bir müddət sonra isə Kimuranın verilişdən ayrılmaq üçün dəfələrlə (vəkili ilə) lazımi yerlərə müraciət etdiyi, lakin təklifinin rədd edildiyi ortaya çıxdı. Proqramın quruluşuna əsasən şəxs, qarşılıqlı razılaşma ilə verilişdən ayrılmaqda sərbəstdir. Amma yəqin ki, müəlliflər Kimuranın verilişə qatılması ilə artan reytinqin düşəcəyindən çəkindikləri üçün təklifi qəbul etməyiblər. Bu məqamda isə bütün mənfi rəylər TH proqramına yönəldi. Hər kəs proqram yaradıcılarını hadisə ilə bağlı günahlandırmağa başladı.

Geridə qoyduğumuz həftə isə Hana Kimuranın anası (həm də keçmiş güləşçi) proqramın aparıcı heyətini günahlandırıb. (Aparıcı heyəti əslində iştirakçılarla ümumiyyətlə görüşmür, sadəcə bəzi səhnələri izləyərək hadisələrə şərh verirlər). Kimuranın anası aparıcıları, tamaşaçıları manipulyasiya edib iştirakçılara qarşı mənfi fikir formalaşdırmaqda ittiham edirdi. Üstəlik, Kimuranın öz otaq yoldaşı ilə olan mübahisə səhnəsini verilişdən niyə kəsərək çıxartmaqdıları və ya ən azından daha qısa şəkildə göstərmədikləri üçün proqrama qarşı sərt reaksiyalar davam edir. Bu səbəbdən bu gün “Fuji Tv” açıqlama yayımlayıb. Açıqlamada deyilir ki, yayımlanan bölümlərdə montaj edilən hissələr əvvəlcədən razılaşdırılır və bütün iştirakçılarla müqavilə bağlanılır. Lakin Kimuranın anası öz paylaşımlarında bildirir: “Proqram heyəti Hanaya deyirdi ki, hadisələri daha həyəcanlı və baxınaqlı hala gətirsin“. Hadisələr hələ də son tapmayıb, “Fuji Tv”, iştirakçılar, aparıcılar, Hana Kimuranın yaxınları, fanatları və digər proqram heyəti arasında ciddi gərginlik və ittihamlar davam edir.

Bildirim ki, proqramın yayımı intihar hadisəsindən sonra dayandırılıb. Daha sonra isə proqramın 2019-20-ci il mövsümünün ümumiyyətlə davam etməyəcəyi bildirilib.

Hana Kimura sosial rəylərə görə həyatını itirən ilk şəxs deyil. Onun kimi yüzlərlə məşhur və ya sadə vətəndaş sosial şəbəkələrdə qarşılaşdıqları hala görə intihara əl atıblar. Bu hadisə, höküməti yenidən bu məsələ ilə bağlı qərarlar almağa yönəldib.

Gülər Nursu © yapon.az 2020