Yapon maskaları qədim və yüksək sofistika ilə stilizə edilmiş teatral ənənənin bir hissəsidir. Tarixi, miflərə və dini rituallara qədər uzanan incəsənət nümunəsidir.

Ən qədim maskalar qiqakudur. Bu maskalar artıq mövcud deyil, lakin hər zaman rəqs təqdimatının bir növü kimi işlənirdi. Buqaku qiqakudan yaranıb, daha çox inkişaf etdirilərək hərəkətli çənələri olan maskalara çevrildi və mürəkkəb dramatik rəqslər zamanı istifadə olundu.

Maskaların geniş çeşidi var. Bəziləri tanrıları, bəziləri isə heyvanları təmsil edir və festivallarda mühüm rol oynayır. Qədim dövrlərdən bəri Yaponiyada insanlar çoxlu sayda müxtəlif tanrılara inanırlar. Festivallarda tanrılar personaj kimi çıxış etdiyinə görə məhz bu maskalar istifadə olunur və tanrı obrazı yaradılır. Hyottoko və Okame ən gözəl rəqs sərgiləyən personajlardandır. Onlar təxminən XVII əsrdən etibarən qeyd olunan festivalların ən məşhur simalarıdır. Hyottoko çox vaxt atəş tanrısı kimi qəbul edilir. Bükülmüş ağzı odunun daha çox yanması üçün üfürməsini simvolizə edir. Okamenin isə yaxşı bəxt gətirən incəsənət ilahəsi olduğu deyilir.

Yaponiyanın bir çox tanrısı müxtəlif güclərə malikdir. Festivallarda müxtəlif tanrıların maskalarını taxan insanlar o tanrıların gücünü, rolunu və xeyir-duasını bölüşə bilirlər.
Ən məşhur maskalar isə yapon teatr tarixinin incisi sayılan “Noh” maskalarıdır.

Xəyalə Əlizadə ©  yapon.az 2022