Gənc yaşlarında olduğu kimi, cizgilərinə illərin gətirdiyi dəyişikliklərdən sonra belə kifayət qədər xarizmatik olan aktyor Tatsuya Nakadaiya (仲代 達矢) Yaponiyanın klassik və dahi rejissorları ilə çiyin-çiyinə işləmək nəsib olmuşdur. Onun kino aləminə gəlişi də zərurətdən doğan təsadüflərin baş verdiyi bir günə düşür…

tatsuya nakadai
Tatsuya Nakadai. Pinterest.

O, 1932-ci ilin dekabr ayının 13-də Tokio şəhərində Motohisa Nakadai (仲代 元久) adı ilə dünyaya gəlib. Hazırda (2018-ci il) 85 yaşı var.

Nakadai çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir, Con Veyn (ing. John Wayne) və Marlon Brando kimi aktyorlara pərəstiş edirdi.

Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və “Qalın divarlar arxasında” (“Qalın divarlı otaq”/ “Qalın divar”) filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur.

Növbəti, 1954-cü ildə Nakadai “Yeddi samuray” filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq “Yeddi samuray” filmi onun debütü hesab olunur. Çünki “Qalın divar” filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan “Qara nehr” filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir. Nakadai 1960-cı illərdə Kobayaşi ilə işləməyə davam edir və “Harakiri”dəki yaşlı ronin Hanşiro Tsuqumo roluna görə ilk “Blue Ribbon” mükafatını qazanır.

KAGEMUSHA
“Kagemuşa” (影武者 – “Döyüşçünün kölgəsi” filminin afişası. Akira Kurosavanın öz əl işidir. Vikipediya – elektron ensiklopediya.

1980-ci ildə Akira Kurosavanın “Döyüşçünün kölgəsi” filmində oğru və daimyo Takeda Şingen obrazını canlandırır və bu iki obraz ona ikinci, ən yaxşı kişi roluna görə “Blue Ribbon Award” mükafatını qazandırır.

Nakadai Masaki Kobayaşi ilə birgə “Harakiri”, “Kvaydan”, “Samuray üsyanı” və “İnsan yaşamının şərtləri” trilogiyası kimi şah əsərlər də daxil olmaqla 11 film ərsəyə gətirir. Karyerası dövründə Nakadai Yaponiyanın məşhur rejissorlarının filmlərində rol alıb. O, Kihaçi Okamotonun (岡本 喜八) (o cümlədən, məşhur “Taleyin qılıncı”, “Öldür!”) 9, Qoşa Hideonun (五社 英雄) 9 (“Qoyokin”), İçikava Konun (市川崑) 6 (“Alov”, “Açar”), Akira Kurosavanın 6 (“Cangüdən”, “Cəsur samuray”, “Cənnət və cəhənnəm”, “Döyüşçünün kölgəsi” (影武者 ⌈Kagemuşa⌉), “Ran”), Mikio Narusenin (成瀬 巳喜男) 5 (“Qadın pilləkənla qalxanda”) və Hiroşi Teşiqaharanın (勅使河原 宏) 2 filmində (“Yadın üzü”) çəkilmişdir. Bunun başlıca səbəbi isə o idi ki, Nakadai Yaponiya kino sənayesinin heç bir nəhəng şirkəti ilə uzunmüddətli layihələrini imzalamır və istədiyi təklifi qəbul etməkdə sərbəst idi.

O, Koci Yakuşo, Mayumi Vakamura, Toru Masuoka, Azusa Vatanabe, Kenişi Takitō və s.  kimi gələcək perspektivli gənc aktyorların müəllimidir.

2015-ci ildə Mədəniyyət Ordeni ilə təltif olunub.

Şəkillər: Pinterest və The Diva Review
Sevinc Nur © yapon.az 2018