Meici Şrineyə baş çəkmək üçün Tokionun Şibuya stansiyasından uzun bir yol qət etmək lazım idi. Səhər başlanan yolumuz Yoyogi İmperial bağından, Haracuku küçəsindən, Tokio Olimpia Stadionunun yanından keçməklə, üfüqdə nəhəng toriinin görünməsilə bitir. Qarşıda bizi şəkillərdən tanıdığımız tarixi məkanlar qarşılayacaq. Mən isə sizə ən əzəmətli məbədlərdən birinin tarixini danışmadan edə bilmərəm.

Şibuya, Tokio şəhərində yerləşən Meici (yap. 明治 神宮 və ya Meici Cingu) İmperator Meici və onun həyat yoldaşı İmperator Şokenin “müqəddəsləşdirilmiş” ruhuna həsr olunmuş şinto tapınağıdır. İmperatorun qəbri isə burada deyil, Kiotonun cənubundakı Fuşimi-momoyamada yerləşir.

İmperatorun ölümündən sonra, 1912-ci ildə Yaponiya hökuməti Meici bərpasında onun rolunu xatırlatmaq üçün məbəd tikdirmək qərarına gəlir. Beləliklə, İmperator Meici və onun xanımı Şokenin ziyarət etdiyi yerlərdən biri, Tokioda iris bağçası kimi tanınan yer tikinti üçün münasib seçilir.

IMG_0715.JPG

Tikinti 1915-ci ildə İto Çuta adı altında başlamışdır və ibadətgah ənənəvi naqare-zukuri (流造, aerodinamik (axıcı) tavan tərzi) üslubunda inşa edilmiş, tikintidə əsasən, Yaponiya sərvi və misdən istifadə edilmişdir. Tapınağın əmək və eləcə də, maliyyə baxımından təminatı bütün Yaponiya daxilində olan gənc qruplar və digər ictimai birlikləri əhatə etmiş, beləcə də vətəndaşları səfərbər edən milli bir layihə olmuşdur.

Layihə rəsmi şəkildə 1920-ci ildə təsis edilmiş, 1921-ci ildə tamamlanmış və onun əsasları 1926-cı ilə rəsmi şəkildə bitmişdir. 1946-ci ilə qədər Meici rəsmi olaraq kanpei-taişa (官 幣 大 社) kimi təyin edildi, yəni, hökumət tərəfindən dəstəklənən ibadətxanaların ilk sıralarında dayandı.

Orijinal tikili İkinci Dünya müharibəsində Tokio hava hücumları zamanı məhv edilib. Tapınağın indiki variantı ictimai fondların maliyyələşdirilməsi sayəsində tikilib və 1958-ci ilin oktyabrında başa çatdırılıb.

Meici tapınağı 70 hektar ərazini əhatə edən meşədə yerləşir. Buraya məbədin qurulduğu zaman Yaponiyanın bütün bölgələrindən olan insanlar tərəfindən bağışlanan 365 növdən ibarət 120 min həmişəyaşıl ağac daxildir.

Bura Tokionun mərkəzində meşə istirahət sahəsi, toy mərasimlərinin keçirildiyi yer, ibadəygah kimi nəinki turistlər, yerli əhali tərəfindən də ziyarət edilir.

Məbədə giriş Cinqu Başi (神宮橋) körpüsündən keçir. Bu, Haracuku körpüsü kimi də tanınır. Cinqu Başi dəmir-betondan hazırlanmış 20,4 metr uzunluğunda bir körpüdür. Onun tarixi 1982-ci ildə, 1920-ci ilin sentyabrında açılan orijinal körpünü əvəz etdiyi dövrdən başlayır. Orijinal köprü Yaponiyada ilk dəmir-beton körpülərdən biridir. Hazırkı körpü orijinal körpünün dizaynı və bəzi elementlərini özündə birləşdirir.

Yuxarıda bir də toriinın adını xatırlamışdım. Otorii – Yaponiyada myocin üslubunda ən böyük ağac toriidir. 1975-ci il dekabrın 23-də orijinalına (1920-ci il) əsasən hazırlanıb. İstifadə olunan material 1500 yaşlı hinoki (Yaponiya sərvi) ağacıdır. Hündürlüyü 12 m, eni 17 m-dir. Hər ağac gövdəsinin diametri 1,2 m, iki sütün arasındakı məsafə isə 9,1 m-dir.

İbadətgah iki əsas hissədən ibarətdir:

Naien

İbadətgah tikililəri və İmperator və xanımına məxsus əşyalardan ibarət olan xəzinə muzeyini əhatə edən daxili hissədir. Xəzinə muzeyi azekurazukuri üslubunda inşa edilib.

Qaien

İmperator və onun xanımının həyatında baş verən hadisələri təsvir edən 80 böyük əsər və illustrasiya kolleksiyası olan Meici Memorial Şəkil Qalereyasını əhatə edən xarici hissədir. Həmçinin, Milli Stadion (1956-cı ildən Tokio Olimpiya Stadionu) və XIX əsrin sonlarında Meici Konstitusiyasının tərtib edilməsi ilə bağlı müzakirələr də daxil olmaqla, bir sıra dövlət əhəmiyyətli görüşlərin keçirildiyi Meici Memorial Zal (Meiji Kinenkan) daxil olmaqla müxtəlif idman obyektlərini əhatə edir.

Meici Cinqu İmperial Bağında həm də Kakuun tei (çay evi), balıq gölü, Kiyomasa ido (quyu), iris və digər gül bağlarını görmək olar.

Meici tapınağını ABŞ prezidenti Corc Buş, ABŞ-ın dövlət katibi Hillari Klinton, Almaniyanın xarici işlər naziri Guido Vestervelle də daxil olmaqla bir çox xarici siyasətçi ziyarət etmişdir.

Məqalədə olan bütün fotolar müəllifə məxsusdur.
Sevinc Nur © yapon.az 2018