Bəşər tarixində ölümün mahiyyəti haqqında düşünməyən bir mədəniyyət, çox güman ki, olmamışdır. İnsan bir canlının ölüm səbəbini izah edə bilmədiyi üçün ölümün həqiqi varlıq kimi təsəvvürlərini yaratmağa başlamışdır. Bu baxımdan sirli ölüm prosesinin fövqəltəbii qüvvələrlə əlaqələndirilməsində təəccüblü heç nə yoxdur. Ölüm obrazı ölümün müəyyən bir fiziki varlıq şəklində təcəssümüdür. Xəyali bir obraz olaraq ölüm qədim zamanlardan bəri bütün dünya mədəniyyətlərinin mif və əfsanələrində tapılır. Qərb mədəniyyətində ölüm tanrıları (Anibus (qədim Yunanıstan), Osiris (qədim Misir)) və yaxud əlində iri orağı, üzərində qara və ya ağ libası olan insan skeletinin təsviri – “ölüm mələyi” (ing. “Grim Reaper”, “Skelet biçinçi”), Şərqdə Əzrail; – ruhları axirətə aparan varlıqlar haqqında təsəvvürlər vardır. Yaponiyada isə bu, Şiniqamidir.

death

Şiniqami (yap. 死神 “ölüm tanrısı”, “ölüm gətirən” və ya “ölüm ruhu”) Yaponiya dini və mədəniyyətinin müəyyən aspektlərində insanları ölümə dəvət edən tanrı və ya fövqəltəbii ruhlardır. Şiniqamilər qulyabani, köməkçi və qaranlıq məxluqlar kimi təsvir edilmişlər. Yaponiya mədəniyyətində şiniqamilərə nağıllarda da rast gəlinir.

Buddizmdə ölümlə əlaqəli Mara, Mrtyu-mara var. Bu, insanların ölmək istəməsinə səbəb olan bir cindir. Deyilinə görə, o, insanın ruhuna sahib olduqda, özündən getmiş insan intihar edərək ölmək istəməlidir. Ayrıca, “Yoqakarabhumi-sastra”da Yoqakaraya aid bir yazıda bir cinin insanların ölümünün vaxtını təyin etdiyi deyilir. Yeraltı dünyanın kralı olan Yama, öküz başlı və at sifətli onilər də şiniqaminin bir növü hesab olunur. Şinto və yapon mifologiyasında İzanami də insanlara ölüm gətirdiyindən bəzən şiniqami olaraq görülürdü. Bununla birlikdə, İzanami və Yamanın da Qərb mifologiyasındakı ölüm tanrılarından fərqli olduğu düşünülür. Buddizmin bəzi formaları heç bir tanrıya inanmağı özündə cəmləşdirmədiyindən ölüm tanrısı anlayışının başlanğıcdan mövcud olmadığı qəbul edilir. Belə bir fikir də vardır ki, yapon buddist inancına görə, kicinonryo insanların həyatını almış olsa da, onları birbaşa ölülər dünyasına aparan “ölüm tanrısı” olmamışdır. Yalnız müharibədən sonra ölüm tanrısı haqqında qərbli təsəvvürləri Yaponiyaya ayaq açdığından şiniqami də insan təbiətli bir varlıq kimi xatırlanmağa başlayır…

💀💀💀

Şiniqaminin yaranması tarixçəsi

“Ningō cōruri”də şiniqami

Ümumiyyətlə, “şiniqami” kəlməsinin Yaponiya klassik ədəbiyyatında istifadə olunduğu görünmür və onun haqqında çoxlu sayda yazı yoxdur. Yalnız Edo dövrünün əvvəllərindən “şiniqami” sözünü Çikamatsu Monzaemonun “Ningō cōruri” (人形浄瑠璃 – 17-ci əsrin əvvəllərində Osakada qurulan ənənəvi yapon kukla teatrının bir forması) toplusunda və cüt intihar mövzularına toxunulan klassik əsərlərdə görmək mümkündür.

Hōei 3 və ya 1706-cı ildə (Hōei (宝 永) Genrokudan sonra və Şotokudan əvvəl dövr adı (年号  ⌈nengou“il adı”)). 1704 mart – 1711 aprel) ölümə dəvət olunan kişi və qadınlar haqqında “Şinçuu Nimai Souşi” tamaşasında “ölüm tanrısının apardığı yol” misraları yazılıb. 1709-cu ildə isə “Şinçuuha ha Koori no sakucitsu”da bir qadın, bir kişi ilə birlikdə intihara gedərkən “ölüm tanrısı tərəfindən cəzb edilən həyatın aniliyi” demişdi. Təəssüf ki, buradan, şiniqaminin mövcudluğu səbəbindən kişi və qadının birlikdə intihar etməsi fikrinə gəlməsi və ya bir şiniqaminin cüt intihar vəziyyətlərinə nümunə olaraq göstərilməsi fikirlərindən hansının dəstəkləndiyi aydın olmur. 1720-ci ildə “Amicimada sevgi intiharı” adlı digər tamaşada isə “ölüm tanrısına sahib olan” ifadəsi işlədilib. Burada xarakter kağız satıcısı olduğundan ölümlə qarşılaşan personaj “kağız” (紙 – “kami”) “tanrı” (神 – “kami”) kimi yazılıb, lakin Çikamatsunun özünün şiniqaminin varlığı haqqında düşünmədiyinə dair fikirlər də vardır.

Şiniqami, "Ehon Hyaku Monoqatari". Shunsensai Takehara. 1 January 1841-ci il. Vikipediya - elektron ensiklopediya.
Şiniqami, “Ehon Hyaku Monoqatari”. Shunsensai Takehara. 1 January 1841-ci il. Vikipediya – elektron ensiklopediya.

Klassik ədəbiyyatda

Edo dövrünün klassik ədəbiyyatında insanlara sahib olacaq şiniqami xatırlanır. “Ehon hyaku monoqatari”də (1841) “Şiniqami” adlı bir hekayə var. Burada şiniqami mərhumun ruhu idi və pis niyyəti vardı və sağ olan insanların içində mövcud olan zərərli niyyətlə hərəkətə gəlir və inkişaf edirdi. Bu insanlar əvvəllər bir qətl hadisəsi baş verən yerlərdə təkrar hadisələrin baş verməsinə səbəb olan pis yollarla aparılırdı, məsələn, əvvəllər insanların özünü asdıqları yerlərdə eyni intihar hadisəsini törədirdilər. Beləliklə də şiniqami insanları intihara sövq edən bir varlığa çevrilmiş olur.

İnanclarda şiniqami

Müharibədən sonra xalq arasında şiniqami haqqında inanclar dolaşmağa başlayır. Kumamoto prefekturası, miyacimalılar hesab edirlər ki, gecə boyu kiməsə qulluq etmək məqsədilə qonaq gedib geri qayıdanlar, yatmadan əvvəl çay içməli və ya bir kasa düyü yeməlidirlər. Əgər buna məhəl qoyulmasa bir şiniqaminin mütləq onu ziyarət edəcəyinə inanılır.

Günorta və ya qürub vaxtı Hiqan naminə qəbirləri ziyarət etmək adi hal olsa da, Okayama prefekturasında inanca görə,  günəşin doğuşu zamanı eyni məqsədlə məzarlığa baş çəkmək şiniqami əsiri olmaq deməkdir. Buna görə də bir dəfə qürubda qəbri ziyarət etdikdə, günəş doğanda yenidən qəbri ziyarət etmək lazımdır ki, bədəninə sahib olan şiniqamidən qurtulasan.

🎬🎬🎬

Yapon manqa (“Black Butler” (2016)), animelərində də qarşımıza ölüm tanrıları çıxır: “Bleach” (2001-2016), “Death note” (2003-2006), “Boogiepop Phantom” (2000) kimi animelərdə də bu mistik varlıqlardan istifadə olunmuşdur. Aşağıdakı videoda “Death note”dakı şiniqamilər haqqında məlumat toplanılıb:

Sevinc Nur © yapon.az 2020