Həftənin 5-ci günü Şiqeru Yokotanın dünyasını dəyişməsi ilə bağlı verilən xəbər Yaponiyada çox ailənin ümidsizliyə qapılmasına səbəb olub. Şiqeru Yokata kimdir və nə üçün mübarizə aparırdı?

Şiqeru Yokota

Şiqeru Yokota, 1970-80-ci illərdə Şimali Koreya agentləri tərəfindən qaçırılan yaponların geri qaytarılması ilə bağlı hərəkata rəhbərlik edirdi. Qaçırılanlar arasında Şiqeru Yokotanın qızı da olub.

1977-1983-cü illərdə Yaponiya vətəndaşları bir daha izi tapılmamaqla yoxa çıxırdı. Bir müddət hər kəs üçün sirr kimi qalan hadisənin şimali koreyalı agentlər tərəfindən təşkil edildiyini öyrənmək çox da vaxt almadı. Əsasən 15-25 yaşlarında olan gəncləri qaçıran agentlərin bir sıra məqsədi olurdu. Qaçırılanlar Şimali Koreyanın casus məktəblərində yapon dili və mədəniyyətini tədris etməli, koreyalı kişilərlə ailə həyatı qurmalı (gələcəkdə bu ailədən doğan uşaqlar daha çox yapona bənzəyəcəkdi və casusluq üçün istifadə edilə biləcəkdi) idilər. Yaşlıların isə şəxsiyyətləri ələ keçirilir və yaşlı koreyalı casuslar onların əvəzindən Yaponiyada nələrsə edə bilirdilər. Bir çoxlarının, Şimali Koreya tərəfindən yaradılmış yapon terrorist qrupu “Yodo-qo“nun üzvlərini tanımaq ehtimalı olduğuna görə qaçırıldığı da məlum olmuşdur.

2006-cı il aprel ayında Şiqeru Yokota və həyat yoldaşı Ağ Evdə Prezident Corc Buşla görüşür. Görüşdə Yokota ailəsi qaçırılanları təmsil edirdi.

Qurbanların 100-dən çox olduğu düşünülsə də, rəsmi şəkildə yalnız 13 yaponiyalının Şimali Koreyaya qaçırıldığı məlumdur.

Öz növbəsində, Şimali Koreya höküməti bu informasiyaları təkzib edirdi və hələ də edir. Bu halda Yaponiya höküməti heç bir addım ata bilmirdi. Məhz bu zamanlarda Şiqeru Yokota və qaçırılanların ailələri bir araya gəlib mübarizə aparmağa başladılar. Onlar hökümətlə birgə hərəkət edir, bir sıra Beynəlxalq Təşkilatlara müraciətlər edərək öz ailə üzvlərini geri istəyirdilər.

Qeyd edim ki, Şiqeru Yokotanın qızı qaçırılarkən 13 yaşında olub.

Yokotanın həyat yoldaşı dəfn mərasimindən sonra bildirib: “O, ( Şiqeru Yokota) bütün ömrünü qızımızı yenidən görməyə həsr elədi, amma onu görməmiş həyatdan köçdü. Hisslərimi heç cür ifadə edə bilmərəm“.

Gülər Nursu © yapon.az 2020