Ötürdüyünüz enerjini sizə şeir şəklində yazıb versələr necə olardı?

Osakada tez-tez qarşılaşacağınız, fərqliliyi ilə hər addım başı sizi təəccübləndirəcək  küçə mədəniyyəti adı ilə tanınan “sənət növləri” vardır. Evə gedəcəyiniz zaman “bir neçə dəqiqə dayanım” düşünürsüz, amma əvəzinə bir neçə saatınızı ala bilər… Bu, həftə içi deyil, daha çox cümə günlərinin axşam saatlarında qarşılaşacağınız haldır. Çünki məhz bu günlər yaponlar dostları, ailələri və ya iş yoldaşları ilə vaxt keçirmək üçün əyləncə məkanlarının axtarışına gedir. İzdihamı fürsətə çevirən qabiliyyətli dostlarımız isə məhz küçələrdə öz məharətlərini sərgiləyirlər. Hər on addımdan bir mahnı oxuyanları, rəqs edənləri, rəsm çəkənləri görmək mümkündür.

Adətən Yaponiyada bir yeni ( 1 ¥) istifadə edə biləcəyiniz tək məkan məbəddir. Ətrafda məbəd görə bilmədikdə isə cibimdə qalan çoxlu sayda 1 yenlikləri istifadə etmək üçün dostumla birlikdə ətrafa baxa-baxa gəzirdim. Birdən qarşıma “Adını 1 yen`dən başlayaraq yazıram” tabelası çıxdı. Tabeladan daha çox diqqətimi ətrafı rəngarəng təbaşirlər ilə dolu, sümüyü donduracaq qədər soyuqda belə işini sevgi ilə görən insan çəkdi. “Neçə saatdır işləyirsən?” sualına isə “Artıq 8-ci saatdır” cavabını aldım. Pula ehtiyac üçün bu qədər saat işlədiyini soruşduq, lakin onun cavabı bu işə olan sonsuz sevgisi oldu. Öncə niyyətim bir yeni istifadə etmək olsa da, onun gördüyü işin qarşılığının heç 1000 ¥ belə etməyəcəyini yaxşı anlayırdım.

 
 

Dostumun sayəsində adımı yazdırmaq şansını qazandım! Amma maraqlı olan adımı yazmağı deyil, onu necə yazmasında idi!

Adım yazılır:   1. Əgər adınızın mənasını bilirsinizsə adınızın mənasını deyirsiniz və ya adınızı tələffüz edərək tələffüzə əsasən uyğun heroqlifləri seçməyinə kömək edirsiniz.

2. Sizin üzünüzə baxıb ona ötürdüyünüz enerjiyə görə qulaqcıqları taxaraq o enerjiyə uyğun mahnı seçir.

3. Mahnıya qulaq asaraq adınızı yazmağa və ətrafını rənglər ilə bəzəməyə başlayır.

4. Mahnı dayanır, sizin üzünüzə bir neçə saniyə baxaraq onda yaratdığı enerjiyə görə sizi təsvir edən, sizin xarekterinizin ifadə formasını şeiranə şəkildə adınızın altında yazmağa başlayır.

5. Və budur! Adınız və mənası. Hər kəsin sizə baxaraq düşündükləri və adınız.
“Adımız elə bizim xarakterimizin simvoludur. Hər kəsdə oyandırdığı hisslərdir.” 😀

Mən təkcə Osakada deyil, daha sonra Saitama, Kioto, Hiroşimada da bu işi görən bir neçə insan ilə tanış olmaq fürsəti tapdım. Yaponiyada qarşınıza çıxdığı zaman mütləq öz adınızı yazdırın. Həqiqətən də çox əyləncəlidir. Sınamağa dəyər 🙂 !

Gülşən Cabbarlı © yapon.az 2018