İctimai yerlərdə “qaydalar”a əməl etmək…

Qurumlar və ya fərdlər?!

Bəli, bəli. Yaponiyada həyatı onsuz təsəvvür etmək olmaz. Necə olub ki, hamı bir nəfər kimi bu yazılmamış qaydaya əməl edir, bilmirəm. Amma əməl etdiklərini bilirəm…

Yaponiyada hamı olmasa da, əksər insanlar qaydalara əməl edir. Məsələn, qırmızı işıqda keçən, siqnal çalan qadın sürücü (ümumiyyətlə, 1000 nəfərdən 1-i cinsindən asılı olmayaraq, siqnal çala bilər), sırada durmayıb yandan qatara minən və s. görə bilərsiniz. Lakin əksər hallarda insanlar qaydalara əməl edir. Bir çox hallarda bunun üçün müvafiq üsullar, cığır və yollar çizilir. Məsələn, metroda qatara minmək üçün yerdə xətlərlə vaqonun qapısınadək işarələr var. Düşənlər üçün ayrı, minənlər üçün ayrı. Hətta əksər stansiyalarda qatardan öncə də platformada qapılar olur.

Avtobuslara minmək üçün nəzərdə tutulan yerlərdə səkilər boyu dəmir dirəklər yerləşdirilir və yalnız avtobusun qapısının önündə həmin dirəklər zəncirsiz olur. Marketlərdə, alış-veriş mərkəzlərində, ümumiyyətlə, kassalarda “çıxış” və “giriş” yazılı tabelaları görə bilərsiniz… Yəni, bir şeyin qaydaya və nizama salınması üçün onun davamlı olmasına müvafiq qurumlar nəzarət edib və edir.

Lakin təkcə dövlət və qurumlardan nəsə gözləmək də düzgün deyil və birtərəfli olardı. Məsələn, qar yağanda hamı bir nəfər kimi özü onu təmizləyir. Yıxılan, əzilən olursa da, bunun günahını özündə görürlər. Eskalatorda solda getmək (Yaponiyada keçənlər üçün sağ tərəf saxlanılır) üçün hər gün insanlara “zəhmət olmasa solda gedin” deyilmir…

Deməyim isə o idi ki, qoruyucu maskanın (respirator) necə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini bilmirəm, lakin hər kəs ondan istifadə edir. Əvvəl mənə qəribə gəlirdi, düşünürdüm ki, görən insanlar kütləvi şəkildə nədən qorxur belə?! Lakin indi kimsə yanımda öskürür, burnunu “fırtıldadırsa” və mən onu maskasız görürəmsə, bundan narahat oluram :). Bəli, bəli 😀 !

Yaponiya rütubətli yerdir və bir adadır. Burada xəstəliklər yayılanda nəticəsi çox ağır olur. Mövsümlər dəyişərkən – yaz və payız aylarında allergiyadan qorunmaq da vacib məsələdir. İnsanlar həm özlərini, həm də çevrəsindəkiləri onların haqlarına girmədən qorumağa çalışırlar. Təbii ki, dişin şişəndə, dodağın uçuqlayanda, yetkinlik yaşında üzündə sızanaqlar əmələ gələndə də maska işə yarayır… Bəzilərinə görə isə bu bir dəbdir 😀 . Dəbli, bahalı maskalar aksesuar kimi də istifadə edilir.

Maskanı gəzdirmək də asan iş deyil. Narahat edir. İsti nəfəs insanı tərlədir. Buna baxmayaraq, insanlar bir-birinin həyatına ehtiramla yanaşır və xüsusi hallarda bu əziyyətə dəyər.

Əslində, bu yazını yazmaqda məqsədim həm də sosial çağırış etməkdir. Bakıda son dəfə 2009-cu ildə quş qripi epidemiyası məsələsi gündəmə gələndə maskadan istifadə etmişdim. O zaman hamının mənə qəribə davranması heç də xoş olmamışdı. Demək istəyirəm ki, maskadan qorxmaq lazım deyil. Adı üstündə, o, qorumaq üçündür. Həm bizi, həm də qarşımızdakını. Hər birimizin həyatı önəmlidir. Ona görə də, gəlin maskadan istifadə edək. Özümüz üçün 🙂 Elə digər məsələlərdə də duyarlı olaq… Yenə özümüz üçün.

Sevinc Nur © yapon.az 2016