***
Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.
***
Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül
***
Kədər səni alanda daha artıq hiss edirsən
Şərabın müdrikliyini…
Yalnız kasıbçılıqda anlayırsan
Pulun ilahiliyini…
***
Qulaq kəsilirəm dolunun səsinə
Təkcə mənəm burada dəyişməyən,
Bu qoca palıd ağacı kimi.
***
Uzaqlarda tətrik səsi
Boş yerə özünü yorur. İndiki zamanda
Şairlər yaman çoxalıb.
***
Şair Sempunun xatirəsinə…
Sənin məzarına
Müqəddəs lotos yarpaqlarını deyil
Bir dəstə çöl otu gətirdim.
***
Dosta uğurlu yol arzusu
Eh, unutmadınsa əgər sən şairi,
Sayo-no Nakayama dağlarında öz-özünə de:
Bax elə buradaca o kölgəyə çəkilmişdi!
***
Şıq-şıq səs gəldi birdən
İçimdə dil açdı kədər…
Şaxtalı gecədə bambuk.
***
Pəncərəmdən baxdı ay
Nur saldı dörd bucağına
Mənim bu darısqal komamın.
***
Qürbətdə
Nazik alov dilimi,-
Lampanın yağı donub.
Ayılırsan…Kədər, kədər!
***
Avaragor qarğa, baxsana!
Hanı sənin köhnə yuvan?
Qaysı gül açdı hər tərəfdə.
***
Kəpənəklərin uçuşu
Oyandırır sakit zəmini
Günəşin istisində.
***
Seyrinə dalmışıq ayın.
Nəhayət nəfəsimizi ötürürük!-
Bulud keçib gedir.
***
Vıyıldayır payız küləyi!
Yalnız çöldə gecələdiyiniz zaman
Başa düşəcəksiniz şerlərimi.
***
Səhər açılmış sarmaşıqlara
Uçur kədər dolu vızıltıyla
Yarımcan mğmığa.
***
Təlaş içərisində
Xrizantem şehi içən bu kəpənək
Bir payız daha yaşamaq istəyir.
***
Çiçəklər soldu.
Toxumları tökülüb düşür
Sanki göz yaşlarıdır…
***
Sərt külək əsib əsib
Bambuk meşəsində gizləndi
Bir az sakitləşdi elə bil.
***
Kohnə qobu
Suya atıldı qurbağa
Səssizlikdə ləpələrin marçıltısı.
***
Nə qədər qar gördük indiyədək,
Ancaq elə buz ürəkli oldular hər zaman-
Yam-yaşıldır qayın ağaclarının yarpaqları!
***
Diqqətlə bax!
Quşəppəyi çiçəklərini görəcəksən
Çəpərin altında !
***
Oyan, oyan artıq!
Gəl mənə yoldaş ol,
Yatmış kəpənək
***
Qərbi əyalətə getmiş dosta
Qərb və ya şərq
Eyni bədbəxtlik hər tərəfdə
Külək hər yerdə eyni cürə üşüdür
***
İlk qar düşdü səhər erkən.
Azacıq əydi
Nərgiz yarpaqlarını
***
Bir az şərab içdim,
Ancaq yuxum daha da qaçdı…
Gecə yağan qar.
***
Su elə soyuqdur ki!
Uyuya bilmir qağayı,
Dalğalar üzərində ləngər vuraraq.
***
Çatırdayıb partladı bardaq:
Gecə donmuşdu içərisindəki su.
Diskinib ayıldım birdən.
***
Şəhərdə yeni il bazarı.
Heç olmasa bir dəfə gedə bilsəydim!
Özümə tənbəki çubuğu alardım.
***
Ay yoxsa səhər qarı…
Öz istədiyim kimi yaşadım, gözəlliyi seyr edərək.
Beləcə başa vururam ili.
***
Yeni ildə hədiyyə edilmiş paltarı geyərkən
Bu kimdir belə?
Özüm özümü tanımadım
Yeni il sabahı.
***
Ey, çoban bala!
Bir az budaq saxla qaysı ağacına,
Özünə çubuq qırarkən.
***
Dəniz kələmi daha yüngüldür…
Qoca satıcı isə çiyinlərində
İstridiyyə dolu ağır zənbil daşıyır.
***
Albalı çiçəkləri bulud kimi!
Çan səsləri gəlir… Uenodan
Bəlkə də Asakusadan?!
***
Gedən dosta
Dostum, yadında saxla
Gizlənib, gözə görünmür öz kasacığında
Qaysı çiçəyi!
***
Çiçəyin kasacığında
Mürgüləyir bal arısı. Toxunma ona,
Dostum sərçə!
***
Çölün ucsuz-bucaqsızlığında-
Heç nəylə yerə bağlanmadan-
Ötür torağay.
***
Yola çıxan dosta
Quşun tərk etdiyi yuva…
Nə qədər kədərlidir mənə
Qonşunun boşalmış evinə baxmaq
***
Mayı ayı yağış yağır.
Bu nədir?- çəlləyin çəmbərimi qopmuş? –
Nəsə anlaşılmır gecə yarısı bu səs…
***
Anasını itirmiş dosta
Evin qarşısında ağ rəngli çəpər
Qadının öldüyü yerdə…
Soyuq vurur üzümə.
***
Nə yaman uzanıb saçlarım,
Bax necə arıqlamışam, rəngim göyərib!
Aramsız may yağışı.
***
Gedək dostlar,
May yağışlarının selində üzən
Ördək yuvalarına baxmağa!
***
Tak-tarak döyür
Tənha komanın dirəyini
Ağacdələn.
***
Bu gün hava açıqdır.
Ancaq hardan çilənir bu damlalar?
Göy üzündə bir çəngə bulud.
***
Budaqlarımı qırdı külək
Şam ağaclarının arasından keçərkən? –
Somsoyuqdur ləpələnən sular!
***
Dupduru bulaq!
Ayağımın üstündən qaçdı
Balaca yengəc.
***
Gül açmış sarmaşığın yanında
Günün qızmarında dincəlir xırmançı.
Necə də kədərlidir, bizim bu dünyamız!
***
Bax elə buradaca sərxoş olub uyumaq
Bu çay daşlarının üstündə,
Cücərmiş qərənfilə dönüb…
***
Dostun yiyəsiz bağında
Yemiş becərərdi o burada.
İndi qoca bağ səsini çəkib içinə…
Axşam düşdükcə soyuyur hava.
***
Şair Rikanın şəninə
Qaranlıqda şamı yandıranda
Elə bil ki şimşəyi
Əllərində tutmuşdun.
***
Nə qədər sürətlə uçur ay!
Donmuş budaqlarda
Asılmışdı yağış damlaları.
***
Bir gecəliyinə, heç olmasa bir gecəliyinə,
Ey gül açan xaqi kolları
Qucağınıza alın bu evsiz iti!
***
Təkəbbürlə addımlayır
Taxıl zəmisində vağ.
Kəndə payız gəlib.
***
Düyü üyütməkdən
Bir anlıq əl saxlayıb kəndli,
Ayı seyr edir.
***
Bon bayramı keçdi.
Axşamlar hələ də zil qara.
Cırcıramaların səsi.
***
Quraq çöldə solmuş batat yarpaqları.
Ayın çıxmasını gözləyir
Səbirsizliklə kəndlilər.
***
Torpaqdan baş qaldırır yenə
Qaranlıqda cansız xrizantemlər,
Leysan yağışla döyüldükdən sonra.
***
Tamam torpağa sərilmiş
Xəstə xrizantem,
Ancaq mütləq gül açacaq.
***
Buludlar yağışla doldu
Təkcə dağ ətəyində, yal boyu.
Ağarır Fudzi dağının qarlı zirvvəsi.
***
İraqodzaki körfəzi.
Qırğı səsi… Varmı bu dünyada
Sənin bənzərin?
***
Payız taxılı cücərdi.
Kahin üçün misilsiz sığınacaq –
Çölün ortasında oba.
***
Dua et ən gözəl günlər üçün.
Qışda qağsı ağacına bənzə
Sən öz qəlbinlə.
***
Qar, qar, qar…
Ancaq elə bil ki, bu il
Sonuncu dəfə bədirlənib ay.
***
Gecə yolda
Şam ağacının budaqlarını yandırıram.
Dəsmalımı quruduram ocaqda…
Yola çıxıb qışn ayazı.
***
Vətəndə
Fınxrıb burunlarını təmizləyirlər…
Doğma kənd səsi!
Qaysılar cül açır.
***
Gül açdı şaftalılar !
Onların arxasınca – bu il –
İlk vişnələr göründü.
***
Albalı çiçəklərinə qonaq oldum
Nə az, nə çox:
İyirmi xoşbəxt gün boyu.
***
Əlvida, albalı çiçəkləri!
Sağ olun gülərüzlə qarşıladığınıza görə,
Xeyirxah və ürəyiaçıq idiniz, təşəkkürlər sizə.
***
Albalı çiçəklərinin kölgəsi altında
Sanki qədim bir əsərin qəhrəmanı idim,
Gecə uzanıb yatdım.
***
Albalılar çiçək açdı!
Dan yeri ağarır hər zaman olduğu kimi,
Orada, uzaq dağların üzrində…
***
May yağışlarının dumanlığında
Batmayan tək bircə nəfər var
Seta çayının üstündəki körpü.
***
Seta çayında işıldaböcək ovu
Hələ də sayrışır gözlərimdə
Dağ albalıları… və odlu xətlər çəkir onlara
İşıldaböcəklərr çayın üzərində.
***
Bir zamanlar burada bir qala vardı…
Onun haqqında ən birinci, qoy
Köhnə quyuda çırpınan çeşmə danışsın mənə.
***
Payız axşamı
Sanki indicə, bu saat
Çanlar da səs-səsə verib çalınacaq…
Beləcə çalınır cırcıramalar.
***
Sanki, kövrək yeniyetmələrdir,
Çöldə unudulmuş çiçəklər,
Nahaq yerə solursunuz.
***
Keyfim yaxşı idi, ancaq sonra
Nədənsə kədər aldı ürəyimi… Üzür
Balıqçı qayıqlarında işıqlar.
***
Təzə evə dair
Allaha şükür (Kami samaya) ev əmələ gəldi!
Dal bağçada sərçələr
Sevincək darı dənləyirlər.
***
Biri-birinə bənzəyir bütün sarmaşıqlar
Payızda balboranılarsa
Tamam başqa-başqa!
***
Payız artıq lap yaxında.
Sünbül zəmisi və dəniz –
Hər ikisi yamyaşıl rəngdə.
***
Darı da, çətənə də –
Əsla pis keçinmirlər
Eyni damın altında.
***
Yox, yox, mümkün deyil
Səni heç nəyə bənzədə bilmirəm,
Ey üçgünlük ay!
***
Hərəkətsiz asılıb
Göyün tən ortasında bulud…
Çox güman ildırımı gözləyir.
***
Gör ey, nə qədərdir çöldə onlar!
Ancaq hər birisi də öz bildiyi kimi açar, –
Bax elə budur çiçəklərin ən yüksək qəhrəmanlığı!
***
“Atılmış qarı” dağında
Yuxuma girdi qədim bir əhvalat:
Ağlayır dağlarda atılmış bir qarı,
Təkcə aydır onun həmdəmi.
***
Gah kimlərəsə “əlvida!” dedin,
Gah mənə… Ancaq yolun sonunda
Payız çöküb Kiso dağlarına.
***
Bütöv bir ömür sərf etdi
Bu vəhşi sarmaşıq
Asma körpüyə sarılmağa.
***
Budaqdan qopub düşdü şabalıd.
Ucqar dağları heç görməmiş birinə
Hədiyyə aparıram onu.
***
Xalq bayramını seyr edən imperator Nintokuya
Budur onun ən çox sevdiyi şey!
Millət bayram edir… Bütün həyətlərdə
Tüstülənir ocaqlar.
***
Dostuma
Mənə baş çək
Bu tənha günlərimdə!
İlk yarpaq düşdü…
***
Tükəndi evdə düyü…
Dən yığmaq üçün işlətdiyim alqabağa
Qoyuram “qızçiçəyi” gülünü.
***
Nə gizlədim axı:
Bibərli tərəvəz horrası –
Budur mənim öynəm!
***
Şika Rika yas tutur öz arvadına
Bir adamlıq yorğan.
Buz kimi qaranlıq gecə…
Ürəksə param-parça!
***
Günahların yuyulma günü
Xəfif meh əsdi,
Çırpınıb sıçradı balıq…
Çayda dəstəmaz.
***
Qış günləri kimsəsizəm.
Yenə kürəyimi söykəmişəm
Daxmanın ortasındakı dirəyə.
***
Ata həsrət çəkir öz uşağına
Hər şey düşür və cızıldayır.
Bir az da keçsə külün dərinliyindəki atəş
Sönəcək göz yaşlarından.
***
Şimala məktub
Yadındamı, necə əylənirdik səninlə
İlk qarda? Ah, bilirsənmi, elə bu il də
O yenə də öz vaxtında yağdı.
***
Qamış biçildi damın üstünə.
Unudulmuş qələmələrə
Səpilir narın yağış.
***
İlk baharda
Birdən, nə görsəm yaxşıdır –
Pambıq arxalığımın düz çiyinlərindn
Titrək hörümçək torları uzanır.
***
Yaza bağışlayıram öz evimi
Bahar gəldi, sən də öz kirəkeşlərini tapdın
Mənim köhnə daxmam:
Kuklaların evi olarsan bundan sonra.
***
Bahar çəkilib gedir.
Quşlar ağı deyir.
Balıqların gözü yaşla dolu.
***
Günəş batır.
Hörümçək torları da
Qaranlıqda əriyir…
***
Gecə zəngləri çalınır –
Onsuz da bu tənhalıqda heç nə eşidilmir.
Baharın alatoranlığı.
***
“Günəşgözü” dağlarında
Ey ilahi eşq!
Yaşıl, təzə-tər yarpaqlara
Axır günəşin şəfəqləri.
***
Odur – mənim yol işarətim!
Çəmənliyin hündür otları arasında
Bir qom samanla adam.
***
Uzaqdakı dağlar və bağ
Tərpənib hərkətə gəldilər və
Yaylaq evinin açıq qapısından içəri doldular.
***
Kənddə biçin vaxtı
Alaq… Yetişmiş taxıl…
Yalnız sevinc gətirir yayda –
Tətrik quşlarının səsi.
***
Ey, çodar! Atları çək
Bax ora, çölün o biri üzünə!
Tətriklərin oxuduğu o yerə.
***
“Ölüm daşının” qarşısında
Zəhərlə nəfəs alır qaya.
Qızartı çökmüş ətrafdakı otlara.
Hətta alov saçır şeh.
***
Sayqenin şer yazdığı söyüdün kölgəsində
Çöl başdan-başa
Cücərmiş otlarla örtüldü… Yalnız ondan sonra
Mən səni tərk etdim, söyüd ağacı.
***
Qədim Şirakava məntəqəsində külək
Külək qərbdən əsir, yoxsa şərqdən?
Yaxşısı budur, qulaq asım o
Necə vıyıldayır düyü zəmisinin üzərindən.
***
Cücərtilərin nə qədər böyüdüyünü gördüm çöldə
Düyü zoğları sözlərdən daha mənalıdır.
Yaman qaralmısan dedilər mənə,
Gör neçə günüm keçdi yollarda!
***
May yağışları
Dəfn etdi şəlaləni –
Suyun altında qaldı hər şey.
***
Kəndli mahnılarına qulaq asıram şimala doğru getdikcə
Bax-bax, budur qaynağı
Bütün şer sənətinin!
Düyü əkən insanların nəğməsi.
***
Adacıqlar… Adacıqlar…
Və yüzlərlə qəlpəyə bölünür
Yay gününün dənizi.
***
Qədim döyüş çölündə
Qəhrəmanların yoxa çıxdığı o yerdə
Bitmiş yaz çiçəkləri
Sanki bir yuxudur.
***
Allahın qüdrətinə bax!
Yaşıl düyü zəmisinin sərinliyi…
Suların şırıltsı…
***
Hər tərəf sükut içərisində.
Qayaların könlünə dolur
Cırcıramaların xəfif səsi.
***
Sürətə bir bax!
Moqami çayı toplayıb
Bütün may yağışlarını.
***
Üç günlük ay
“Qaraquş” dağının zirvəsində
Sərin meh əsdirir.
***
Selin qopacağı yerə
Başını əyir söyüd ağacı:
Buzlaq axtarır torpağın təkində.
***
Sıra buludlar
Parça-parça oldular… Əbəs yerə deyil ki,
Sənə “Ay dağı” deyirlər.
***
Siz bir fərqə baxın!
Dağdan endim və mənə
Təzə badımcan verdilər.
***
“Daşqın qapısı”.
Sinəsinə vurur vağ quşunun
Soyuq dəniz.
***
Günün qızmar istisini
Özü ilə apardı Moqami çayı
Dənizin dərinliklərinə.
***
İlk yemiş, dostlar!
Onu dörd yerə bölək?
Yoxsa dilim-dilim doğrayaq?
***
Söyüd ağacının budaqlarında
Qurudulur xırda xanı balıqları… Üşüdüm!
Sahildə balıqçı komaları.
***
Tanabata bayramı ərəfəsində
Ulduzlar görüşər bu bayramda,
Hətta gecə belə, bayram ərəfəsində
Bənzəmir adi gecələrə.
***
Mehmanxanada
Mənimlə eyni çatı altında
İki qız… Haqi budaqları çiçəklə dolu
Və göyün üzündə tənha ay.
***
Əcəb qoxusu var yetişmiş düyünün!
Çöllə gedirdim və birdən –
Sağ tərəfdə Ariso körfəzi.
***
Gənc yaşda ölmüş şair İssyonun təpədəki məzarı önündə
Silkələn, ey təpə!
Payız küləyi əsir çöldə –
Mənim tənha iniltim.
***
Qıpqırmızı günəş
Uzaq düzənliklərdə… Lakin adamı üşüdür
Bu payız küləyi.
***
Meyvələr budaqdan tökülür…
Pırlayıb uçdu sığırçın dəstəsi.
Səhər küləyi.
***
Musasi düzənliyi hər tərəfdə.
Heç bir bulud toxunmur
Sənin yol şlyapana.
***
Payız çölündə
Yağışda islanmış bu yolçu.
Lakin istəsə bir mahnı oxuya bilər.
Təkcə haqi deyil ki, çiçəkləyən.
***
Sanemorinin dəbilqəsi
Eh, amansız tale!
Bu şanlı dəbilqə altnda indi
İndi sisəy ötür.
***
Yolda öz şagirdimdən ayrılıram
Bundan sonra tək gedəcəm.
Şlyapamdakı “Biz iki nəfərik” yazısı…
Silirəm onu şehlə.
***
Ağappaq qayalar
Daşlı dağının yamacında
Payızın girdabıdır bu!
***
Həyəti süpürmək istədim
Getmədən öncə… Məbədin önündə
Söyüd yarpaqlarını tökür.
***
Dostumdan ayrılarkən
Ayrılıq şerini
Yazmaq istədim mən yelpiyin üstünə, –
Əlimdəcə qopdu o.
***
Dalğa bir anlığa geri çəkildi.
Xırda balıqqulağıların arasında qızarır
Haqi gülünün qopmuş ləçəkləri.
***
Kəpənəyin işi bitib
O, artıq yaşamayacaq… Nahaq yerə zavallı
Əsir payız küləyində.
***
Qapını açdım və qərbdə İbuki dağını gördüm.
Ona nə albalı bağları, nə də qar lazımdır, o özü-özlüyündə gözəldir
Necə varsa, elə!
Nəyinə lazımdır ay işığı…
İbuki dağı.
***
Şair Sayqyonun yaşadığı Futami körfəzinin sahilində
Bəlkə də nə zamansa
Mürəkkəb qabı olmuş bu daş?
İndi ağzınacan doludur şehlə.
***
Payızdır, mən evdə təkəm.
Nə etməli, böyürtkən toplayım,
Ağacdan meyvə dərim.
***
Tənha bir ev.
Ay… Hind payızgülüləri (lat. Chrysanthemum indicum)… Bunlara üstəlik
Bir parça çöl.
***
Aramsız soyuq yağış.
Üşümüş dişi meymun elə baxır,
Sanki, samandan toxunmuş bürüncək istəyir.
***
Bağçada qış gecəsi.
Sap kimi incə ay göy üzündə,
Və cırcıramaların güclə eşidilən səsi.
***
Dağ kəndində
Sarayda qulluq etmələri haqqında
Kahinlərin söhbəti…
Ətrafda dərin qar.
***
Dağda uşaqlarla oynayıram
Haydı, uşaqlar!
Buz tutmuş yarma topunu
Bir-birimizə ötürürük.
***
Qar dovşan – sanki canlıdır!
Ancaq bir şey çatışmır, uşaqlar:
Gəlin, ona bığ düzəldək.
***
Söylə mənə, ey qara qarğa,
Nə üçün sən bu yerləri qoyub
Səs-küylü şəhərə uçursan?
***
Qarın ortasında bir parça ərimiş yer,
Orada – açıq bənövşəyi rəngdə
Qulançar saplağı.
***
Yağır yaz yağışları.
Bax, necə də can atır boğazotu yuxarıya doğru
Bu unudulmuş cığırda!
***
Pəncərənin altında sərçələr
Civildəşirlər, onlara səs verir
Damdakı siçovullar.
***
Nə qədər incədir təzə açılmış yarpaqlar
Hətta burada, bu alaq otlarının üzərində,
Unudulmuş evin qarşısında.
***
Kameliya ləçəkləri…
Bəlkə bülbül düşürmüş
Baş örtüyünü çiçəklərin üstündən?
***
Yaz yağışı…
Artıq, iki diş yarpaq gətirmiş
Badımcan toxumları.
***
Qədim çayın üstündə
Təzə tumurcuqlarla dolmuş
Sahildəki söyüd ağacları.
***
Məxmərçiçəyi yarpaqları…
Nədəndir onun ətirli rayihəsi
Keçmiş günlərdən danışır.
***
Mamır bağlamış məzar daşı.
Altında – yuxumy, aşkaramı ?
Bir səs dua oxuyur.
***
Fır-fır fırlanır cırcırama
Heç cür qona bilmir
Otların əsnək budağına.
***
Çan səsləri susdu uzaqlarda,
Ancaq axşam çiçəklərinin ətrində
Hələ də süzür onun əks-sədası.
***
Öz şagirdimə
Uzaq ölkələrin yolçusu!
Qayıt gəl, mən sənə göstərim
Əsl çiçəkləri.
***
Azacıq titrəyir hörümçək torları.
Sayko otlarının incə sapları
Qımıldanır yarımqaranlıqda.
***
Dörd bir tərəfdən
albalı yarpaqları uçur
Nio gölünə sarı.
***
Arxada qaldı yaz gecəsi.
Albalı çiçəklərinin dənizinə döndü
Ağaran dan üzü.

Tərcümə “Alatoran” dərgisinin 2004-cü il, №4 sayından götürülüb. Redaktə olunub.