Teru, teru bouzu, teru bouzu, aşita tenki ni şiteokure! (Par-par parlayan, rahib, parlaq rahib, sabah havanı yaxşı et!

Nyanpasu, minna! 🙋🏻 Bu gün, sizə, qorxulu görünsə də, şirin-şəkər bir oyuncaq haqqında danışacağam, 🤗 daicoubu sa! Teru teru bouzu (てるてる坊主) oyuncaqlarından xəbəriniz varmı? Animeyə baxanlar məncə, görmüş olarlar. Çünki özüm də bir neçə animedə görmüşəm 😉 (məs: “Non non biyori”). Bu oyuncaqların niyə və necə var olması barədə danışacağam!

teru teru bozu1

Bildiyimiz kimi, Yaponiyada yay aylarının əksəriyyəti yağışlı keçir, musson küləkləri vasitəsilə yaranan və ölkəni yağışlara boğan tsuyu mövsümü başlayır (Bakıda yayda yağış yağanda camaat sevinir). Məhz bu ifrat dərəcədə yağan yağışlar (hər şeyin çoxu ziyan olur, dostlar) bəzən həddini aşaraq daşqına və selə səbəb olur, bəzən isə sadəcə yağış sevməyənlərin kefini pozur. Elə buna görə də, yağışın dayanması üçün bu teru teru bouzu oyuncağı düzəldilir. Teru teru bouzu “Yağışdan qoruyan yapon gəlincikləri” adlanır. Bu gəlinciklər əllə salfet kağızı və ya ağ parçadan hazırlanır. Adətən ağ rəngdə olduğu üçün ruh kimi görünür deyə qorxuducu gələ bilər. Onlar adətən evlərin qapı və pəncərələrinin çöl hissəsindən asılır. Çünki bu oyuncaqların havanı günəşli edəcəyinə inanılır. Onları nəinki yağış mövsümü dövründə, həm də açıq hava festivalları və məhsul yığımı zamanı da görmək mümkündür.

Niyə və necə?!

teru teru bozu

“Teru” (照る) “parlaq”, “parıldamaq”, “bouzu” (坊主)  “kahin” (və ya “keçəl olan biri”) (hərfi tərcümədə “parla, parla kahin”) mənasını verir. Bu sözlər yağışın qarşısını almaq məqsədilə sehirli gücləri olan bir keşişi (parlaq rahib) köməyə çağırmaq üçün deyilir. Kökü Çinə qədər uzanan bu şirin, “yaxşı hava” oyuncaqları haqqında bir çox əfsanə var, bəziləri isə olduqca dəhşətlidir. Hekayələrin birində teru teru bouzu feodalizm dövründə Yaponiyadakı “yaxşı hava rahibi”nin faciəvi ölümü ilə əlaqələndirilir. Rəvayətə görə o, davamlı yağışdan əziyyət çəkən bir yapon kəndində pis havanı dayandıracağını və əkin sahələrini xilas edəcəyini vəd etmişdi. Lakin yağış dayanmır və qəzəbli feodal rahibin boynunun vurulmasını əmr edir. Beləliklə, rahibin başı ağ parça ilə sarılır və yaxşı hava arzulamaq üçün asılılır.

Başqa bir əfsanəyə görə, teru teru bouzu ənənəsinin Heian dövründə Çindən gəldiyi və bouzunun rahib deyil, süpürgəsi olan bir gənc qız olduğu söylənilir. Hekayədən göründüyü kimi, güclü yağış yağdığı vaxtda bir qız yağış buludlarını süpürmək üçün göylərə doğru gedərək şəhəri xilas etmək məqsədilə qurban verilir. Ssenari tanış gəldi! (天気の子かよ?!)  O vaxtdan insanlar onu, xatırlayaraq, ona bənzəyən kağızdan fiqurlar düzəldərək, yenidən havanı yaxşılaşdırması ümidilə çöldən asırlar.

Deyilənlərə görə, Edo dövründə şəhər sakinlərinin uşaqları havalar qızmağa başlamadan öncə havanın gözəl olması üçün bu oyuncaqlardan düzəldib mahnı oxuyarlarmış. “Parlaq rahib, sabah havanın gözəl olmasına icazə ver, xahiş edirəm!”

“Teru teru bouzu” 1921-ci ildə Yaponiya bağçalarında məhşurlaşan uşaq mahnısı olmuşdur (bəstəkar Şinpei Nakayama, sözləri Kyoson Asahara).Misralarda “teru teru bouzu” günəşli günləri geri qaytarmağa çağırır, əgər istək yerinə gətirilsə şirin sake (yapon içkisi amazake) veriləcəyi, yağış yağmağa davam edərsə boynunun kəsiləcəyi söylənilir. Qorxulu səslənir! Bizdə isə;

“Gün çıx, gün çıx,
Kəhər atı min çıx,
Keçəl qızı evdə qoy,
Saçlı qızı götür, çıx!”

var.

Mahnı isə aşağıdadır. Düzü, bir az qorxulu səslənir. Qabaqcadan deyim bilin, sonra demədi deməyin ☺

Minna, bir gün yağışlı havada teru teru bouzu düzəldin və pəncərənizdən asaraq gözləyin. Növbəti gün əgər hava günəşli olarsa, gülümsəyərək gəlinciyinizə təşəkkür edin. İşdir, birdən gəlincik öz vəzifəsində uğursuz olsa, yenə də çalışın yumşaq davranın və ona bir şans daha verin (hər kəsin ikinci bir şansa haqqı var)! Axı indi artıq feodalizm dövrü deyil!  <3

Xəyalə Əlizadə © yapon.az 2020