Tokyo hal-hazırda intihara meyilli şəxslərin sayının çoxalması ilə üz-üzə qalıb. İntiharla bağlı qaynar xəttə gələn zənglərin ardı-arası kəsilmir.

Buraya virus səbəbindən işini, biznesini itirən yetişkinlərdən, təhsil haqqı ödəyə bilməməsinə görə arzularından əl çəkən və məqsədsiz qalan gənclərə qədər hər kəsin zəng vurduğu deyilir. Qaynar xətdə cavab verən işçilər onlarla danışıb, psixoloji vəziyyətlərini düzəltməyə çalışırlar, lakin bildirirlər ki, artıq hər kəsə cavab verə bilmirlər. Bu isə zəng edənləri daha da ümidsiz edir. “İndi nəsə addım atmalıyıq. İndi, ölümlər başlamazdan əvvəl“, – Akita prefekturasının baş məsləhətçisi bildirib (Akita prefekturası Yaponiyada intihar hallarına görə ilk sıradadır).

1998-ci ildə Yaponiyada iqtisadi krizisin hökm sürdüyü bir dövrdə 30 mindən çox intihar qeydə alınmış, bu rəqəm 2003-cü ildə 34 minə çatmışdır. Səlahiyyətli şəxslər yenidən bu vəziyyətlə üz-üzə qalmaqdan qorxurlar.

2020-ci il aprel ayından etibarən intiharlar 20 faiz azalmışdı, indi isə artıq intihar edənlər özlərini göstərməyə başlayır. “Bu, fırtınadan əvvəlki sakitlikdir, amma buludlar üstümüzdə hazır dayanıb“, – məsləhətçi əlavə edib.

Gülər Nursu © yapon.az 2020