Oyakodon (親子丼) – yaponların çox sevdiyi gündəlik yeməklərdən biridir. Bu yeməyin bişirilmə qaydası çox asandır və o, qısa bir vaxt ərzində hazır olur. Yeməyin adı yapon dilindən tərcümədə“valideyn və uşaq donburi” (Donburi (丼物) – adını yeməyin süfrəyə verilməsində istifadə olunan xüsusi saxsı qabdan (azərbaycancada piyalə) alıb. Adətən donburi dedikdə 2 adi kiçik ölçülü standart piyalə həcmində kasada düyü, üstündə isə, ət, balıq, yumurta, tərəvəz qarnirə edilərək süfrəyə verilən yemək başa düşülür. Yaponiyanın tezbazar (fast food) yeməyi hesab edilən donburilərin xüsusi növlərinin öz adı da olur. Lakin bir qayda olaraq, onların hər birinin adının sonu “~don” hecası ilə bitir. Məsələn, ən məşhur toyuq və yumurtalı donburi – “ana və uşaq” oyakodon adlanır. red.) anlamına gəlir. Yeməkdə istifadə olunan əsas məhsullar toyuq əti və yumurtadır. Deyərdim ki, yemək Azərbaycan mətbəxinin “Toyuq çığırtması”na bir qədər bənzəyir.

Yeməyin hazırlanmasında istifadə olunan ərzaq adlarının izahı: 

  • Daşi bulyonu – Yaponiya mətbəxində tez-tez istifadə olunan balıq bulyonudur.
  • Sake – düyü çaxırıdır.
  • Mirin isə sırf, yemək hazırlama zamanı istifadə olunan şirin düyü çaxırıdır.

167782Bu ərzaqları Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalardan əldə etmək olar.

Ərzaqlar (1 nəfər üçün):

  • 40-50 ml daşi bulyonu
  • 1-1,5 xörək qaşığı (x.q.) soya sousu
  • 0,5 x.q. sake
  • 0,5 x.q. mirin (yemək bişirmək üçün şirin düyü çaxırı)
  • Soğan 0,5 böyük və ya tam balaca
  • 0,5-1 x.q. şəkər tozu (zövqə görə)
  • 75-90 q toyuq əti (file)
  • 2 yumurta
  • Cəfəri, daha çox keşniş (təxminən 5-10 yarpaq)
  • 200-300 q yaponsayağı bişmiş isti düyü (daşma plov).

Bişirilmə qaydası:

Öncə toyuğun ağ əti xırda-xırda doğranılır. Daha sonra soğanı uzun zolaqlara bölünür. Tavaya daşi bulyonu (daşi bulyonu yoxdursa adi 40-50 ml bulyonsuz su əlavə edilir), sake, mirin, soya sousu və şəkər tozu əlavə edilir, azca qarışdırılır və orta-yüksək odda qızdırılır. Təxminən 1-2 dəqiqə qızdıqdan sonra doğranılmış soğan əlavə edilir və 2-3 dəqiqə tavanın qapağı bağlı şəkildə bişirilir. Daha sonra toyuq əti əlavə edilir və qapağı bağlı şəraitdə təxmini 2 dəqiqə yeməyin bişirilməsi davam etdirilir. Bu zaman ayrı bir qabda 2 yumurtanı qarışdırırsınız və azca duz əlavə edirsiniz. 2 dəqiqə keçdikdən sonra toyuq ətinin daha yaxşı bişməsi üçün ət parçalarının üzünü çevirirsiniz və yenə tavanın qapağını bağlayaraq 2-3 dəqiqə bişirirsiniz. Ət bişdikdən sonra tavaya yumurta məhlulunu əlavə edib toyuq və soğanın üzərinə yayırsınız. Yumurta bişən dövrdə yeməyə cəfəri əlavə edirsiniz. Təxminən 1-2 dəqiqə yumurta bişdikdən sonra odu söndürürsünüz.

Yaponlar bu yeməkdə yumurtanı çox bişmiş formada sevmirlər, yumurta bir qədər çiy formada qalanda daha çox bəyənirlər. Odur ki, yumurtanın 1 və ya 2 dəqiqə bişməsi sırf sizin ağız dadınızdan asılıdır.

Sonda hazırlanmış yemək bişmiş düyünün üzərinə qoyulur və süfrəyə təqdim olunur!

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2015