わかめサラダ (Vakame sarada)

Vakame – dəniz yosunudur. Biraz şirin dada malik və sağlamlığa xeyirli olan bu yosunu, yaponlar çox sevirlər və ən çox miso şorbası və salatların hazırlanmasında ondan istifadə edirlər.

9392ee9de03b75e00eb5bb0a5a5f15f0

Vakame, həmçinin, Koreya mətbəxində də geniş istifadə olunur. Şərq təbabətinə əsasən, vakame ən çox saç, dəri və qanın təmizlənməsi üçün faydalıdır. Yaponiyanın Hokkaydo Universitetinin son araşdırmaları isə, vakamenin piylənməyə qarşı çox faydalı olduğunu təsdiq edib.

Vakame salatının hazırlanma qaydası olduqca asandır və təxminən 5-10 dəqiqə ərzində salat hazır olur.

Qeyd olunan yosunu, Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalarda əldə etmək olar. Bundan başqa, vakameni ABŞ, Yaponiya və Avropanın bəzi onlayn mağazalarından sifariş etmək mümkündür. Satışda olan vakame yosunları qurudulmuş formada və bağlı paketdə olur. Yosunların normal yumşaq hala gəlməsi üçün, onları təxminən 3-4 dəqiqə suda islatmaq lazımdır.

Ərzaqlar (1 nəfər üçün):

  • 5 q qurudulmuş vakame yosunları
  • 1 ədəd orta ölçüdə xiyar
  • 0,5-1 x.q. soya sousu
  • Düyü sirkəsi (və ya adi üzüm sirkəsi)
  • 0,25-0,5 ç.q. biraz qızardılmış küncüt
  • 0,5-1 ç.q. şəkər tozu (zövqə görə)

Hazırlanma qaydası:

Öncə qurudulmuş vakame adi su ilə dolu bir balaca kasaya əlavə edilir və 3-4 dəqiqə gözlənilir ki, yosunlar yumşalsın. Bu arada, xiyar olduqca nazik oval dilimlərə doğranılır, üzərinə duz əlavə olunur və 1-2 dəqiqə saxlanılır ki, xiyar dilimləri duzu tam özünə hopdursun. Daha sonra salat üçün sous hazırlanır. Bunun üçün kiçik bir qabda soya sousu, şəkər tozu (zövqə görə) və düyü sirkəsi yaxşıca qarışdırılır. Şəkər tozu tam həll olmalıdır. Xiyar dilimləri duzu özünə tam hopdurduqdan sonra, onları soyuq su ilə yaxşıca yuyub əllə bərk sıxmaq lazımdır ki, əlavə su dilimlərdən çıxsın. Daha sonra, yumşalmış vakameni isti su ilə yaxşıca yuyub eynilə əllə bərk sıxımaq lazımdır ki, artıq maye çıxsın. Hazır olan bütün ərzaqlar – öncə vakame, daha sonra xiyar dilimlərini əlavə edib qarışdırmaq, üzərinə soya sousu və qızardılmış küncüt səpmək lazımdır. Salat hazırdır!

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2014