Nikucaqa  necə hazırlanır?!

Nikucaqa (肉じゃが) – yaponların tez-tez “müraciət etdiyi” gündəlik yeməklərindən biridir. Yeməyin adı yapon dilindən tərcümədə “ət və kartof” (肉 (niku) “ət”, じゃが (caqa, cyaqa) じゃがいも (caqaimo) sözünün qısaldılmış forması “kartof”) anlamına gəlir.

original-kyoto-style-nikujaga-2
Kioto üslubunda orijinal nikucaqa 

Yeməkdə istifadə olunan əsas məhsul kartofdur. Halbuki, Yaponiya mətbəxində kartof çox az istifadə olunur. Adətən nikucaqanı miso şorbası və düyü ilə süfrəyə təqdim edirlər. Bu yeməkdən dadan əcnəbilər ilk olaraq, yeməyin şirin tamını qeyd edirlər. Bu isə yeməyin bişirilməsi zamanı şəkər tozundan istifadə olunması ilə bağlıdır.

nikujaga-500
Nikucaqa. Mənbə: tokyocherie.wordpress.com

Ərzaqlar (1 nəfər üçün):

  • 150 qr. çox nazik doğranılmış dana əti
  • 4 ədəd orta ölçüdə kartof
  • 1 soğan
  • 1 kök
  • 1 çay qaşığı zeytun yağı
  • 2 xörək qaşığı şəkər tozu
  • 60 ml. su
  • 100 ml. sake
  • 100 ml. mirin
  • 60-90 ml soya sousu

Bişirilmə qaydası:

Öncə soğanı nazik dilimlərə, kartofların hər birini 4 bərabər hissələrə, kökü isə orta kiçik hissələrə doğrayırıq. Daha sonra kiçik ölçülü qazana zeytun yağı əlavə edib qızdırırıq. Yağ yetərincə qızdıqda çox nazik dilimlərə doğranılmış dana ətini qazana əlavə edib, 2-3 dəqiqə qızardırıq. Ətin rəngi dəyişdikdən sonra qazana soğan, ardınca kartof və sonda kök dilimlərini əlavə edib bişirməyə davam edirik. Kartof dilimlərinin üstü bir qədər yumşaldıqda qazana şəkər tozu əlavə edib yaxşıca qarışdırdıqdan sonra su əlavə edib qapağını örtürük. 10 dəqiqə orta temperaturda bişirməyə davam edirik.

10 dəqiqə tamamlanana qədər soya sousu, mirin və sakeni bir qaba əlavə edib qarışdırırıq. 10 dəqiqə keçdikdən sonra hazırladığımız sousu qazana əlavə edib qapağı bağlayıb bişirməyə davam edirik.

Bir neçə dəqiqə keçdikdən sonra yeməyə nəzər yetirin. Bişirilmə zamanı yaranan mayenin miqdarı azalıbsa və kartof artıq yetərincə yumşaq olubsa, artıq odu söndürə bilərsiniz.

Nikucaqanı süfrəyə təqdim edərkən üzərinə xırda doğranmış göy soğan səpmək olar. Yeməyin yanında miso şorbası və bişmiş düyü də təqdim oluna bilər.

1023215_600.gif いただきます!

Hüseyn Əskərov © yapon.az 2015