YAPON DILI (日本語) HAQQINDA QISA MƏLUMAT

Yaponiyanın rəsmi dövlət dili yapon dilidir. Dilin 125 milyondan çox istifadəçisi  var. Dünyada ən çox danışılan dil olaraq 7-ci yeri tutur.

Yapon dilində üç əlifba var: hiraqana [ひらがな], katakana [カタカナ] və heroqlif (kanci) [漢字].

Hiraqana əlifbası 46/47 hərfdən ibarətdir. Yapon mənşəlli sözlər, qrammatik hissələr və heroqlifi olmayan yapon əsilli sözləri yazmaq üçün  hiraqana əlifbasından istifadə olunur.

2. Katakana əlifbası 46/47 hərfdən ibarətdir. Yapon dilində olmayan, alınma sözləri (外来語) yazmaq üçün katakana əlifbasından istifadə olunur.

3. 4500/5000 -dən çox heroqlif var. Söz birləşmələri ilə birlikdə isə 40.000-ə kimi hesablanır. Gündəlik hər kəsin bilməli olduğu heroqlif sayı isə 2130-dur. Çin dilindən alınma olsalar da, təkamül göstərərək dəyişikliklərə məruz qalıblar. Əsas nitq hissələri, sözlər və müəyyən ifadələr heroqliflərlə yazılır.

Yapon dilində 5 sait səs var: 

A İ U EO
あ/アい/イう/ウえ/エお/オ
latın dilində qarşılığı – hiraqana/ katakana

Digər samit səslər bu sait səslərə qoşularaq hecalar yaradır. Yapon dilində bir hərf heca şəklində (iki səs) oxunur.

Məsələn: ねこ [neko] – pişik、こども [kodomo] – uşaq、すし [suşi] – suşi、トヨタ [toyota] – Toyota

Yapon əlifbasının yaranma tarixi

Hiraqanada olan hərflər fiqurlara və ya hər hansı şəkilə bənzədilir. Əslində isə hiraqana və katakana əlifbası Heian (794-1185 ə.ö) dövründə Çindən gələn heroqliflər əsasında yaradılaraq təkmilləşdirilib. Qədim dövrdə Çinin digər Asiya ölkələrinə böyük təsiri olub. Həmin bu ölkələrin siyahısına Yaponiya da daxildir. Çin dilində olan və yapon dilində olan eyni heroqlif hər iki dildə fərqli oxunuşa sahibdir, fərqli mənalar bildirir. Heroqlifin “kun-yomi” və “on-yomi”, yəni çin və yapon oxunuşu olur.

Yaponiya heroqlif ilə 5-ci əsrdə tanış olub. Keçmişdə yapon aristokratlar, yüksək rütbəli şəxslər, saray adamları çin dilində yazmağa və danışmağa üstünlük verdiklərinə görə yapon dilinə çox sayda heroqliflə yazılan sözlər daxil olub. Bütün rəsmi sənədlər, sözləşmələr çin dilində yazıldığına görə uzun müddət çin dili təhsil dili olub. Həmçinin, şeirlər və romanlar da çin dilində yazılırdı. Yəni danışıq dili yapon dili olsa da, yazı və ədəbi dil çin dili sayılırdı.

Daha sonrakı dövrlərdə bu problem yaratmağa başladı. Buna görə də çin dilindən gələn heroqliflərə yapon dilində olan səslənmələr, mənalar əlavə edildikdən sonra heroqliflər böyük dəyişikliklərə məruz qaldı. Bu dəyişimdən sonra yapon dili lüğətinin inkişafı yapon dili əlifbasının yaranmasına səbəbiyyət verdi. Hiraqana və katakana əlifbası heroqliflər əsasında yaranıb.

Hiraqana əlifbasının hər kəs tərəfindən qəbul edilməsi, dilin bir hissəsi olması uzun zaman aldı. Belə ki, hələ də rəsmi prosedurlar, dövlət sərəncamları, müqavilələr heroqlif ilə yazılmağa davam edirdi. Qadınların kişilərlə eyni dərəcə təhsil almaq şansları olmadığına görə sadə yazılış sistemi ilə fərqlənən hiraqana əlifbası öncə qadınlar arasında populyar olmağa başladı. Həm əlaqə vasitəsi kimi, həm də ədəbiyyatda istifadə edilən hiraqana əlifbası tez zamanda yayılmağa başlayır. Belə ki, dünyanın ilk romanı hesab olunan “Genci monoqatari“ də hiraqana əlifbasında yazılıb. Daha sonra kişi yazıçılar da ədəbi əsərlərində hiraqanadan istifadə etməyə başladılar. Amma hələ də məktublarda, rəsmi sayılmayan yazışmalarda hiraqana əlifbası, rəsmi prosedurlarda isə katakana və heroqliflərdən istifadə edilməyə davam edilirdi. 19-cu əsrdən etibarən isə dildə olan söz rəngarəngliyi, lüğətin inkişaf edilməsi ilə hər üç əlifbadan (hiraqana, katakana, heroqlif) istifadə edilməyə başlanıb. Hazırda bir cümlə daxilində üç əlifbadan istifadə edilir.

Heroqlifləri öyrənmək çətindir?

1) Bütün sözlərin heroqlifi yoxdur. Yapon dilində olan 300.000-dən sadəcə 50.000-ə yaxın olan sözlər heroqliflə yazılır.

2) Bütün heroqlifləri bilməyə ehtiyac yoxdur. Ən çox istifadə edilən heroqliflərin oxunuşunu və mənasını bilmək vacibdir.

3) Heroqlifi xatırlamayanda hiraqana əlifbasından istifadə edərək yazmaq olar.

4) Çətin, az istifadə olunan heroqliflərin üzərində hiraqana ilə oxunuşu verilir.

Gülşən Cabbarlı © yapon.az 2015