İndi kazoedoşi sisteminə görə neçə yaşınız var? Bəs kazoedoşi nədir?

Yaponiyada insanların yaşının ənənəvi hesablanması forması “kazoedoşi” (数え年) adlanır. Hərfi “hesablanan illər” mənasını ifadə edən bu sistemə görə, hər yeni ildə yaşın üstünə bir il gəlirdi. Hələ 1902-ci ildə Yaponiya hökuməti bu sistemi köhnəlmiş adlandırıb. Qərb sisteminə (man nenrei – 満年齢) keçsə də, bəzi ailələr bu ənənəyə davam edirdilər. Buna görə də, 1950-ci ildə Yaponiyada insanları müasir yaş sistemindən istifadə etməyə həvəsləndirən “istisna hesab sistemi” haqqında qanun qəbul edilir. Hazırda köhnə sistemə yalnız yaşlılar əməl edir və bu sistem yalnız dini mərasim, ölüm elanları və ya proqnozlaşdırmalar zamanı istifadə ilə məhdudlaşır.

Yapon dilində, həm ənənəvi, həm də müasir yaş sistemi üçün “sai”  (歳 və ya 才) – yaş sözündən istifadə edilir.

Ümumilikdə, Şərqi Asiya ölkələrinin bir neçəsi Vyetnam, Koreya, Çin Xalq Respublikası (ÇXR) və hətta Monqolustanda da bu hesab qaydaları fərqli formada işlənməkdədir.

Çində yaranan bu ənənəyə görə uşaq dünyaya gəldiyi il “0” yox, “1” yaşında hesablanır və doğulduğu tarixdə deyil, ay təqvimi ilə hər yeni ildə yaşı yenilənir. Buna görə də Qərb hesab sistemi ilə müqayisədə uşaqlar Şərq hesab sistemi ilə hesablanarsa 1-2 yaş böyük olur.

Sevinc Nur © yaponaz2014