Yaponiya kinematoqrasiyasının tarixi

Dünyanın ən qədim və ən böyük kino mərkəzlərindən biri hesab edilən Yaponiya kinematoqrafiyasının tarixi 1897-ci ildən başlayır. 1897-ci ilə aid  olduğu bilinən ən qədim Yaponiya filmi “Payız yarpaqlarının oyunu”dur. Bu film başda olmaqla, ilk çəkilən filmlər qısametrajlı olurdu və əsas mövzu geyşa, yaxud da Tokyoda baş verən hadisələrdən ibarət idi. Geniş auditoriyanın marağına səbəb olan belə mövzular sayəsində sonralar uzunmetrajlı filmlərin çəkilişi həyata keçirilir.

fgg
Kabuki teatr səhnəsi

Tarixə nəzər saldıqda yaponların ən vacib sənət anlayışının kabuki olduğunu görə bilərik. Kabuki 17-ci yüzillikdə meydana gələn rəqs və pantomimdən ibarət olan xalq teatrıdır.

gf
“Minaqoroşi no kencû” (1967). Gendaigeki janrında çəkilmiş film

İstənilən pyes teatrın repertuarına daxil edilə bilərdi. Aktyorlar “kuklalar” kimi qrim edilir və sanki onları təqlid edirdilər. 1925-ci ilə qədər çəkilən filmlərin əksəriyyəti məhz kabuki cərəyanına dayanır. Uzun müddət insanların maraq dairəsində qalan kabuki, səsli filmi müəyyən zamana qədər yaponlar üçün önəmsiz etmişdir.

Ümumilikdə isə, Yaponiya kinematoqrafiyasında iki cərəyan uzunmüddətli olmuşdur. Bunlardan biri, yaponca desək, cidaigeki ideyasına əsaslanaraq çəkilən filmlərdir. Belə filmlərin mövzusu imperator, samuraylar, yaponların qədim döyüş növləri, adət-ənənələr və s-dir. Bununla yanaşı, gendaigeki də inkişaf etmişdir. Bu cür filmlər isə müasir həyat tərzinə daha uyğun hesab edilirlər.

10-yojimbo-600x338
“Yocimbo” 1961. Cidaigeki janrında çəkilmiş film

Vaxt keçdikcə Yaponiyada baş verən tarixi hadisələr yaponların sənədli filmlərə olan marağını artırmışdır. Əsasən Rusiya-Yaponiya müharibəsi bu cür filmlərin çəkilişinə təkan vermişdir. Bu gün də Yaponiya filmləri içərisində müharibə mövzusunun əsas yer tutduğunu aydın şəkildə görmək olar.

Yaponiyada iqtisadi çətinliyin artdığı, əhalinin marksist və sağçılara bölündüyü bir vaxtda Masaki Kobayaşi, Kon İçikava, Akira Kurasava, Mikio Naruse kimi rejissorlar filmdə yeni inqilab etməyə çalışmışlar. Lakin özündə siyasi motivləri birləşdirə biləcək bu filmlərin çəkilişi dövlət tərəfindən müsbət qarşılanmamışdı. Buna baxmayaraq, Akira Kurasava hətta Qərbə də yol açan cidaigeki ənənəsini davam etdirərək, əksəriyyəti samuraylar haqqında olan filmlər çəkmişdir.

Akira Kurosava
Akira Kurosava

Gözlənildiyindən daha çox marağa səbəb olan həmin filmlərin içərisində yalnız yaponlar üçün deyil, dünya kinematoqrafiyası üçün ən dəyərli sayılan “Yeddi samuray” filmi olub. Akira Kurasavanın filmlərinin əksəriyyətinin mövzusu ABŞ və başqa ölkələr tərəfindən fərqli aktyor tərkibi ilə yenidən çəkilmişdir. “Yeddi samuray” filmi 1960-cı ildə ABŞ istehsalı olan “Möhtəşəm yeddi” adlı yeni versiya ilə “Hollywood”da təqdim edilmişdir.

ggg
“Yeddi samuray” (1954) Yaponiya istehsalı və “Əsrarəngiz yeddi”(1960) ABŞ istehsalı

XX əsrin əvvəllərində Yaponiya kinematoqrafiyasında yeni dalğa yaranır. Günümüzdə baxış sayına görə bəzi filmləri də qabaqlamağı bacaran Yaponiya animasiyaları, onların öz dili ilə desək animelər, dünya kinematoqrafiyası üçün tamamilə yenilik olur. Həmin dövr üçün animenin əsas təmsilçisi Osamu Tezuka sayılır.

Anime xarakterlərinin xüsusi görünüşləri: uzun saçları, uzun ayaqları, çox böyük gözləri, balaca burun və ağızları insanların psixologiyası haqqında araşdırmaların nəticəsi olaraq yaradılmışdı. Bəzən xarakterlərin bu formada təsvir edilməsini yaponların balaca gözlərinə, qısa saçlarına qarşı olan kompleksləri ilə də əlaqələndirirlər.

98c27aa722f6ff9b80f3415a6a042a541410650586_full
“Berserk”

Dünyanın ən reytinqli filmlərinin yığıldığı İnternet Film Məlumatlar toplusu (İnternet Movie Database) qısaca desək, İMDb saytında Yaponiya animelərinin yüksək reytinq topladığının da şahidi ola bilərik. Bu cür animelərdən İMDb balına görə öndə olanlardan bir neçəsinin adını çəkmək olar: “Kovboy Bebop” (imdb-9.0), “Steins; Gate” (imdb-8.8), “Ölüm dəftəri” (imdb- 9.0), “Berserk” (imdb- 8.7) və s.

missed call.jpg
“Bir buraxılmış zəng”in posteri

Yaponiyalı rejissorların çəkdiyi qorxu janrında filmlər başqa ölkələrin ekranlaşdırdığı qorxu filmlərindən tamamilə fərqlənir. Belə ki, yaponlar professional qorxu filmlərində səssizliyin ardından gələn ani qışqırıq səsləri, qatilin üzünün göstərilməməsi, qaranlıqda görünən ruhlar və s. kimi adət olunmuş üsüllardan istifadə etməyi sevmirlər. Yaponiyada mövcud olan dini inanclardan dolayı rejissorlar adətən qəribə dini hadisələrin baş verdiyini göstərməkdə maraqlı olurlar və izləyicinin psixologiyasında iz qoymağı bacarırlar. Bu həm də filmi izləyən xarici kütlə üçün yetəri qədər maraqlı olur. Ən məşhur Yaponiya qorxu filmləri arasında “Halqa” (“The ring”), “Qaranlıq sular” (“Dark water”), “Bir buraxılmış zəng”in (“One missed call”) adını çəkmək olar.

Zaman keçdikcə Yaponiya filmləri dünya ölkələrinə, ən böyük şəhərlərə yol tapır və çox maraqla qarşılanırdı. Təbii ki, bu sırada yaponlar üçün də ən maraqlı olan yerlərdən biri məhz dünya kino mərkəzi hesab edilən “Hollywood” idi. Qazanılan “Oscar” (Oskar) mükafatlarının sayına görə, Yaponiya Asiyadakı digər ölkələri qabaqlamağı bacarıb. 1951-ci ildən 2015-ci ilə qədər Xarici Dildə Ən Yaxşı Film nominasiyasiyası üzrə Oskar təqdim edilmiş 44 filmin 15-i Yaponiyaya aid olub və dalbadal 3 il Yaponiya filmləri sözügedən mükafatı qazanmışdır. İlk dəfə, yəni, 1951-ci ildə Akira Kurasavanın “Raşomon” filmi məhz həmin mükafatı alıb.

Hayao Miyazaki və Akira Kurasava Oskar mükafatlandırmasında
Hayao Miyazaki və Akira Kurasava Oskar mükafatlandırmasında

Ümumilikdə, Akira Kurasava 3 dəfə bu mükafat üçün namizəd olmuşdur. Bu isə digər yaponiyalı rejissorlardan daha çoxdur. Ən Yaxşı Animasiya nominasiyası üzrə təqdim edilmiş 7 namizədin 5-i məhz yaponiyalıdır və yeganə qalib gəlmiş animasiya da Yaponiyaya məxsusdur.

Bunlarla yanaşı, Yaponiya başqa xarici ölkələrlə də çoxlu sayda ortaq film çəkilişlərini həyata keçirmişdir. Hindistan, Amerika, Tayvan, Türkiyə, Rusiya kimi ölkələrlə ortaq filmləri olan Yaponiyanın bu mənada da qazandığı uğurlar az deyil. Xüsusilə, “Hollywood” tərəfindən maliyyələşdirilərək çəkilən filmlər daha çox uğur qazanmışdır. Bunlara misal olaraq, məşhur rejissor Kventin Tarantinonun (Quentin Trantino) ekranlaşdırdığı iki hissəli “Bili öldürmək” (“Kill Bill”), tanınmış aktyor Kiana Rivsin (Keanu Reeves) çəkildiyi “47 Ronin”, eləcə də, Edvard Zvikin (Edward Zwick) ekranlaşdırdığı və Tom Kruzun (Tom Cruise) rol aldığı “Sonuncu samuray” (“The last samurai”) filmləri dünyaca məşhurdur. 2015-ci ildə Yaponiya və Türkiyənin ortaq tarixindən danışan “Ertoğrul 1890” filmi ekranlaşdırılmışdır. Film həm Türkiyə, həm də Yaponiya tərəfindən maliyyələşdirilmişdir.

bhgn
“47 Ronin” (2013), “Ertoğrul 1890” (2015) filmlərinin posteri

Deyə bilərəm ki, Yaponiyanın dünya kinematoqrafiyasına verdiyi töhfələr də onun mədəniyyətinin, tarixinin dünyaya tanıdılmasında əsas rol oynayır. Qeyd edim ki, “Hollywood”un Asiyada əldə etdiyi gəlirin bir qismi, eləcə də, Asiyanın ən böyük film şirkətlərinin yarıdan çoxu məhz Yaponiyaya məxsusdur.

Gülər Nursu © yapon.az 2016