Yaponiya qəsrlərinin əsrarəngiz sehri

XVI əsr Yaponiyanın tarixi memarlıq və bədii mədəniyyət nümunələrini araşdırarkən məlum olur ki, həmin dövrə təsadüf edən tarixi, eləcə də, ictimai-sosial hadisələrin təsiri nəticəsində mədəni abidələr görkəmini dəyişir və eyni zamanda, yeni mahiyyət kəsb etməyə başlayırdı. Başqa sözlə, həmin dövrdə hökmran olan ənənəvi, dini dünyagörüş və normalar sistemi dünyəvi dəyər qazanırdı. XVI əsrin II yarısında qəsr və sarayların tikintisinin geniş vüsət aldığı bir dövrdə dini arxitektura sıxışdırılmağa başlayır. Məhz XVI əsrin sonu və XVII əsrin əvvəllərində uzunmüddətli müharibələrin ardından Yaponiyada sülh dövrü başlayır və həmin dövrdən etibarən Gündoğan ölkəsində qəsrlərin tikintisi öz zirvəsini yaşayırdı.


III bölüm

Hikone qəsri

彦 根 城 ⌈Hikone-cō⌋

Hikone qəsri Şiqa prefekturası, Hikone şəhərində yerləşən Edo dövrünə aid tikilidir. Qəsr Şiqada ən əhəmiyyətli tarixi bina sayılır. Hikone, Yaponiya ərazisində yerləşən yalnız 12 orijinal qəsr (yəni, ilkin mənşəyini saxlayan) və milli xəzinə olaraq sadalanan yalnız beş tikilidən biridir.

hikone

Qəsrin tikintisi

Hikone qəsrinin tarixi 1603-cü il, daimyo İi Naomasanın oğlu İi Naokatsu tərəfindən qalanın tikintisinə dair əmrin verilməsindən sonra hesablanır. Lakin qəsr ilkin olaraq 1575-ci ildə Otsu qəsrinin bir hissəsi kimi tikilmiş və sonradan İi klanı tərəfindən Hikoneyə köçürülmüşdür. Qəsrin digər hissələri də Naqahama qalasından köçürülüb. Hikone qəsrinin tikintisi 1622-ci ildə başa çatıb.

Maraqlısı burasındadır ki, Hikone qəsri daha əvvəl mövcud olmuş, lakin xarabalığa çevrilmiş qəsrlərin materiallarından istifadə edilərək ərsəyə gəlib. Belə ki, Tokuqava şoqunluğu (şoqunluğu) dövründə İi Naokatsunun torpaqları əlindən alınır və yalnız qardaşı İi Naotaka, Omi vilayəti ətrafındakı ərazilərini ələ keçirəndən sonra keçmiş Savayama qəsrinin dağıntılarından (daha dəqiq desək daşlar toplanaraq) istifadə etməklə Hikonenin tikintisi başa çatdırılır.

1868-ci ildə Meici dövrünün başlanması ilə bir çox qəsrin sökülməsi planlaşdırılmışdı, lakin şəxsən özü həmin ərazilərdə olan imperatorun xahişi ilə Hikone digər qəsrlərin aqibətini yaşamır, toxunulmaz qalır.

Quruluşu

İşğalçıların qalaya hücumunun qarşısnı almaq üçün ətrafında su ilə dolu üç xəndək qazılmışdı. Xəndəklərə su Biva gölündən gəlirdi. Ön qapıdan qəsrin əsas girişində hündür daş nərdivan vardır. Nərdivanın daş pillələri müxtəlif formalarda qeyri-müntəzəm və fərqli yüksəkliklərdə düzülüb. Məqsəd işğal zamanı düşmənin qalaya qaxlmasını çətinləşdirmək idi. Qəsrin yuxarı pəncərələri lotos çiçəyi formasındadır.

Bu gün qəsr, Yaponiyada tarixinə görə qədim və həm də orijinallığı saxlanılan tikililərdən biridir. 1952-ci ildə Hikone qəsri Təhsil, Elm, İdman və Mədəniyyət Nazirliyi tərəfindən Milli Sərvət təyin edilmişdir. Hikone qəsri əhəmiyyətli Milli Mədəniyyət Nümunələri hesab edilən ayrı-ayrı hissələrdən ibarətdir: Umaya, Tenbin yaqura, Taikomon yaqura və Nişinomaru Sancu Yaqura.

Sevinc N. © yapon.az 2019