Yapon dilində 四字熟語 (よじじゅくご) “yocicukuqo” adlanan 4 kancidən istifadə edərək düzəldilmiş, xüsusi məna daşıyan sözlər vardır. Lakin “焼肉定食”(yemək yerlərində servis),“駐車禁止” (dayanacaqda maşın saxlamaq olmaz) və s. kimi 4 kancidən ibarət sözlər yocicukuqo adlanmır.

Yaponlar keçmişdən bəri bu sözləri həm cümlə daxilində sevərək işlədirlər, həm də motto kimi gündəlik həyatda unutmamalı olduqları vacib söz kimi qulaqlarına sırğa edirlər.

Gəlin yaponların sevdiyi yocicukuqoların bir neçəsini öyrənək. (Bu sözlərdə nisbətən çətin heroqliflərdən istifadə olunur və onların özünəməxsus deyilişi var.)

  • 一期一会 (いちごいちえ) yocicukuqosu “içi qo içi e” kimi oxunur. Burada 期 (ご) heroqlifi “qo” kimi, 会 (え) heroqlifi “e” kimi səslənir. Yəqin ki yaponlara ən sevdikləri yocicukuqo nədir deyə soruşsanız, ən çox verilən cavab 一期一会 olacaqdır. Bu yocicukuqo 茶道 (さどう) adlanan çay mərasimlərində istifadə olunur. Qonaqlara çayın içilmə qaydası öyrədilən bu mərasim, onlara hər dəfə bu anın ömürlərində sadəcə 1 dəfə olduqları an kimi düşünməli olduqlarını söyləyir. Həyat boyunca yalnız 1 dəfə olan, 2 ci dəfə olmayacaq hadisələri və bir daha görüşməyəcəyiniz insanlara əhəmiyyət vermək, hər anı bir daha yaşamayacaq kimi keçirtmək mənasına gəlir.
  • 切磋琢磨 (せっさたくま) “sessatakuma” kimi oxunan bu yocicukuqo da yaponların ən sevdiyi sözlərdən biridir. 切 kəsmək, 磋 itiləmək, 琢 vurmaq, 磨 cilalamaq mənasına gələn kancilərdir. Çox öyrənmək və qüsursuz insan olmaq üçün əlindən gələni etmək, dostlarını yarışda dəstəkləmək, digərləri ilə rəqabət edib ideal insan olmaq mənasında istifadə olunur.
  • 不言実行 (ふげんじっこう) “fugencikkou” kimi oxunur və etməli olduğun işi heç nə demədən etmək mənasına gəlir. 不言 (ふげん) “fugen” sözün ağızdan çıxmaması deməkdir, 実行 (じっこう) “cikkou” isə nəyinsə baş verməsi deməkdir.
  • 初志貫徹 (しょしかんてつ) “şoşikantetsu” kimi oxunur. 初志 (しょし) “şoşi” ilk qərar verdiyin hədəf və ya məqsəd deməkdir. 貫徹 (かんてつ) “kantetsu” isə əvvəldən sona qədər davam edən deməkdir. 初志貫徹 yocicukuqosu məqsəd qoyduğun düşüncəni əvvəldən sona qədər dayanmadan davam etdirmək deməkdir.
  • 粉骨砕身 (ふんこつさいしん) “funkotsusaişin” kimi oxunur. 粉骨 (ふんこつ) “funkotsu” öz sümüyünü toza döndərəcək qədər çalışmaq deməkdir. 砕身 (さいしん) “saişin” özünü qurban verəcək qədər çalışmaq deməkdir. Bu iki sözü birləşdirəndə 粉骨砕身 “funkotsusaişin” mənası “gücün yetdiyi qədər işləmək” deməkdir.
  • 不撓不屈 (ふとうふくつ) “futoufukutsu” kimi oxunur. 不撓 (ふとう) “futou” da, 不屈 (ふくつ) “fukutsu” da “ən çətin zamanda belə məğlub olmamaq” mənasına gəlir. 不撓不屈 “futoufukutsu” isə bu iki eyni mənalı sözü birləşdirib, “nə olursa olsun təslim olmamaq” mənasını vurğulayan sözdür.

Yaponların sevdiyi 4 kancili sözləri bunlarla bitmir, belə sözlərdən çox var.
Bəs sizin bildiyiniz yocicukuqo varmı?

Rəhimov Elmar ©yapon.az2024