Yapon manqalarında, qəhramanların danışığından savayı şəkillərin içində də sözlər yazılır. Məsələn シーン “şiin”, バコーン “bakoon”, バギューン “bagyuun” və sairə.

Bəs bu シーン “şiin” sözünün mənası nədir?

“Şiin” adi bir səsin və ya danışıq səsinin eşidilmədiyini, ətrafın çox sakit olduğunu ifadə edən sözdür. Lakin səs olmasa belə “şiin” deyə bir sözün olması qəribədir, elə deyil ?! Ona görə ki, realda “şiin” deyə bir səs gəlmir.

Yapon dilində keçmişdə ətrafdan səs eşidilməyəndə  “şiin”, “şin”, “şinşin”, “şinkan” və s. kimi sözlər istifadə edilirdi. シーン (katakana) “şiin”, しいん (hiraqana) “şiin” bu iki söz fərqli əlifbada yazılsa da, eyni cür oxunur. “Şiin” və “şin” heroqliflə yazılmır amma “şinşin” (森々), (深々)və “şinkan” (森閑), (深閑) kimi sözlər heroqliflə yazılır. Hamısında “şin” səsi olduğuna görə əlaqəli olduğu düşünülə bilər.

Manqada gördüyümüz “şiin” sözü ilk dəfə Tezuka Osamunun “Şinsekai Ruruu” adlanan manqasında istifadə olunubdur. Tezuka Osamu(1928-1989) Yaponiyada manqanı və televiziya animasiyasını məşhurlaşdıran şəxslərdən biri olmuşdur. Ən məşhur əsərlərinə misal olaraq, “Tetsuvan Atomu”, “Hi no Tori” əsərlərini göstərə bilərik.

Yapon manqalarında “şiin”dən başqa, əşyaların səsini və ya insan səsini, situasiyanı ifadə edən çox sayda sözlər istifadə olunur. Bu cür sözlərə onomofonetik sözlər (onomatope) deyilir. “Onomatope” sözü fransız dilindəki “onomatopée” sözündəndir. Yapon dilində bunlara “gionqo”, “giseiqo”, “gitaiqo” deyilir amma son zamanlar yaponlar arasında da “onomatope” kimi deyilməsi yayılıb. Yaponiyada yalnız manqalarda deyil, romanlarda da, danışığın içində də “onomofonetik” sözlər aktiv şəkildə istifadə olunur. Günümüzdə “onomofonetik” sözlər xeyli sayda çoxaldığına görə lüğətdə olmayan sözlər də çoxdur.

Manqalarda onomofonetik sözləri şəkilə uyğun istifadə etdikdə oxucuda güclü təəssürat yaratmaq olur. Bəzən manqaların səhifələrində böyük qalın hərflərlə “onomofonetik” sözlər yazılır, hətta manqadakı şəkil çərçivəsindən kənara çıxdığı hallar olur. Bununla yanaşı, hərfləri çap formada deyil, əl yazısı ilə yazaraq düşüncə tərzini fərqli şəkildə ifadə etmək mümkündür.

Manqada istifadə olunan onomofonetik sözlərin arasında təbii ki, lüğətdə olan sözlər istifadə olunur. Bu sözlər “qan-qan”, “qata-qata”, “ban”, “vaku-vaku”, “doki-doki” kimi sözlərdir.

Lakin lüğətdə olmayan sözlər var ki, onlar da manqada istifadə olunur. “Bakya”, “bakoon”, “dova”, “quge” və sairə. Bu sözləri manqada işlənmə yerindən mənasını başa düşmək olur.

Manqalarda istifadə olunan elə onomofonetik sözlər var ki, yaponların da heç eşitmədiyi, bilmədiyi sözlər olur. Manqakalar özlərinin düşündüyü, sadəcə o səhnəyə uyğun olan onomofonetik sözlər yaradır.

Yapon manqasını oxumaq fürsəti olanlar, indiyə kimi hansı onomofonetik sözlərə rast gəlmisiniz?

Fatimə Məmmədova©yapon.az2024