Nou və Kabuki ilə yanaşı, (人形浄瑠璃) “Ningyou Coururi” kukla hekayələri, ən önəmli üç ənənəvi yapon performativ sənətindən biridir. Nağılçılığın kuklalar vasitəsilə edildiyi bu sənət növünün tarixi Edo dövrünə qədər uzanır və günümüz Yaponiyasında da bu tamaşalar kifayət qədər öz aktuallığını qoruyub saxlamaqdadır.

Bu növ kukla teatrında, (太夫) “tayuu” adlandırılan performansçı hekayəni nəql edən zaman üç simli şamisen-udun səsi səhnəni rəngləndirir. Bu zaman kuklalar canlı bir şəkildə onlara uyğun hərəkət etdirilir. Ningyou coururi, hekayə müşayiətində 3 aktyorun birlikdə möhtəşəm sinxron hərəkətlərindən və birgə fəaliyyətindən ibarət “yapon teatr sənəti”dir.

Bu kukla hekayələrinin kökü (語り物) “katarimono”ya əsaslanır ki, nağılçılığın bu növündə misralar musiqiyə uyğunlaşdırılır. Əvvəllər biva (qısa boğaz ud) və tamaşaçı alqışlarının fonunda formalaşan bu sənət forması, sonrakı dövrlərdə – XVI əsrdə şamisenin ərsəyə gəlməsi ilə “cuoruri hekayələri”nə çevrilmişdir.

Ningyou coururi XVII əsrdə Osakada meydana gəlsə də, kukla teatrı ilə səhv salınır. Kukla tamaşalarının əksəriyyəti uşaqlar üçün nəzərdə tutulduğu halda, ningyou coururi həmişə yetkin insanlar üçün əyləncə forması olmuşdur. Hekayələrin bir çoxu tarixi və baş vermiş hadisələrə, yaxud valideyn və övladı arasında olan sevgiyə, ya da bu gün də məşhur olan Sonezaki Şincudakı kimi (Çikamatsu Monzaemon tərəfindən qələmə alınan “Sonezakidə Sevgi intiharı”, ilk dəfə 1703-cü ildə nümayiş etdirilib) qadın və kişi arasındakı məhəbbətə əsaslanır.

Osakada meydana gələn Ningyou coururi sonrakı dövrlərdə tədricən digər kənd ərazilərinə yayılmağa başlamışdır. Bu tamaşalar Edo dövründə bir çox teatr truppalarının yarandığı və meydan tamaşalarının məbəd ziyarətgahlarında göstərildiyi Yaponiyanın Şikoku regionunun Tokuşima Prefekturasında özünün ən parlaq zirvəsinə çatmışdır. Bu gün hələ də günlük tamaşaların keçirildiyi Tokuşima şəhərinin Ava Corubei Yaşiki Teatrı ilə yanaşı, 20-dən çox kukla teatrı varlığını qoruyub saxlamaqdadır.

Bu teatrda oynanılan tamaşalar feodalizmdən təsirlənən yerli ailələrin acınacaqlı vəziyyətini və valideyn övlad arasındakı sevgini əks etdirir. Bir səhnədə, ana və övlad yenidən bir-birinə qovuşduğu zaman kuklanın çiyinləri ehmalca titrəyir və o, nəzakətlə əllərini üzünə aparır. Bu da jesti daha real əks etdirir, sanki kukla həqiqətən göz yaşı tökür. Bu təsviri inandırıcı edən, 3 fərqli insanın bir kuklanı idarə etməsidir. Bu, dünyanın heç bir yerindəki teatrda rast gəlinməyən xüsusi bir metoddur. Səlis, insanınkına bənzər zəngin detallı jestlər və emosiyalar yaratmaq üçün hər bir kuklaçı kuklanın baş və sağ əl, sol əl yaxud ayaqları kimi fərqli hissələrini idarə edir. Tayunun nağılçılıq intonasiyası və şamisenin uzun notları tamaşanı daha təsirli formaya salır. Tamaşadakı səslər, musiqi və kuklaların hərəkətləri möhtəşəm kukla teatrı dünyasını yaratmaq üçün birləşir.

Ningyou coururi tamaşalarını sadəcə Yokuşima Prefekturasında deyil, Yaponiyanın hər yerində izləmək mümkündür. Bu kukla teatrı insanların daxili yaşamının zənginliyinə tayı-bərabəri olmayan təcrübə qazandırır.

Firudinli Qönçə©yapon.az2024