Kanci – yazının şəkilli simvollarla təsviridir.

Keçmişdə Çində “Han” (漢) adlı böyük bir ölkə mövcud idi və onların öz yazı sistemi var idi ki, buna “Hànzì” deyirdilər. “Hànzì” sözündəki “Han”( 漢 ) məhz həmin ərazinin adından götürülmüşdür, Zì (字 ) isə “hərf, yazı” demək idi. 漢文字(Hànzì) yəni, “Han hərfləri” demək idi. Bu ölkə Çinin ən uzun tarixə malik olduğu xanlıqlardan biri olmuş və Liu Banq adlı imperator tərəfindən yaradılmışdır. O, Hançu deyilən yerdə paytaxt qurmuşdur. Xanlığın adı, Hançudan axan “Han” adlı çayın adından götürülmüşdür. “Han” (漢) heroqlifində “sanzui”(氵) yəni suyu ifadə edən işarənin olmasının səbəbi həmin çayla bağlı olmağıdır. Han sülaləsi də, Liu Banq tərəfindən qurulan ölkə də “Han çayı”nın adını daşıyırdı.

Bu yazı sistemi daha sonra yaponlara və koreyalılara keçmişdir. Yaponlar bu yazı sistemini 漢字 (kanci), koreyalılar isə 한자 (hanca) adlandırmışlar. 

Yapon dilinə keçən bu yazı sistemində çin dilindən fərqliliklər vardır. Belə ki, yapon dilində kancinin 2 cür oxunuşu var:

  • 訓読み – kun yomi (yaponca oxunuş)
  • 音読み – on yomi (çincə oxunuş)

Kunyomi “tələffüzü dinləməklə mənası anlaşılan şeylər”, Onyomi isə ”tələffüzü eşitdikdən sonra mənasını anlamaq çətin olan şeylər” deməkdir.

Kunyomidəki (訓) “kun”, ”Tokihoqusete Yomu” deməkdir, bu da kancinin mənasını yumşaq şəkildə izah etmək və ya ifadə etmək deməkdir. Yaponiyada bu, sırf kancinin yalnız yaponlara xas olan Yamato (大和) sözlərinə yəni, yaponcaya tərcümə edilməsini nəzərdə tuturdu. Bu səbəbdən ona həmçinin 和訓 “Vakun” da deyilirdi.

古事記 “Kociki” və digər mətnlərdə 万葉仮名 “Manyouqana” dilində yazılmış qədim hökmlərə əsaslanan şərhlər olsa da, bir kancinin oxunuşu üçün çoxlu göstərişlər var idi və bu göstərişlər sabit deyildi. Heian dövrünün sonunda (12-ci əsr) yaradılmış 類聚名義抄 “Ruicu Myougişo” Çin-Yapon lüğətində bir heroqlifin 30-dan çox mənası var idi. Bunun səbəbi, kancinin əvvəlcə çin və yaxud xarici dilləri təmsil etmək üçün istifadə edildiyi və mənalarının yapon mənalarına uyğun gəlməməsi idi. Bu şəraitdə, Heian dövrünün ortaları və ondan sonrakı dövrlərə qayıdaraq, Çin mətnlərinin Yapon söz sırası və göstərişlərindən istifadə etməklə oxunduğu 漢文訓読 “Kanbun Kundoku” (Kanbun Kundoku, Çin mətninin söz sırası strukturunu qoruyarkən, “kun” nöqtələri əlavə edərək və yapon üslubu ilə əvəz etməklə Çin mətnini oxumaq prosesidir.) üsulu inkişaf etdirildi və 訓 “kun” tədricən forma ilə yəni, bir məna və bir göstəriş ilə məhdudlaşdırıldı. Muromaçi dövründə göstərişlər kifayət qədər sabitləşdi. Beləliklə, “Kunyomi” kanci üçün sabit Yapon oxunuşu olaraq qəbul edildi və yapon dilini kanci ilə yazmaq asanlaşdı.

Onyomi çin tələffüzünü özündə birləşdirir. “On” deyə adlandırılmasının səbəbi çin dilinin qəbul edildiyi dövrdən və bölgəsindən asılı olaraq 呉音 Vu Yin,漢音 Han Yin,唐音 Tan Yin,宋音 Sonq Yin və s. simvollarındakı 音 yəni, “On” səsinin olmasıdır. 音読 – Ondoku (səsli oxunuş), kancinin fonetik qaydalarından asılı olmayaraq bir cümlənin (fəslin) ucadan oxunması aktıdır və eyni zamanda səssiz oxumağın əks mənasına malikdir. 

Kancinin oxunması qaydası ilə bağlı daha aydın anlaşılması üçün misal çəkək:

  • 今 heroqlifin yapon oxunuşu “いま” (ima) yəni, “İndi” deməkdir, çin oxunuşu isə コン (kon) yəni tək şəkildə məna ifadə etmir.
  • 月 heroqlifin yapon oxunuşu “つき” (tsuki) yəni, “Ay” deməkdir, çin oxunuşu isə がつ/げつ (qatsu/getsu) yəni tək şəkildə məna ifadə etmir. 

Əgər bu iki heroqlifi birləşdirsək, bu zaman çin tərəfləri ilə oxuyaraq, məna ifadə edən söz yaratmış oluruq. 今月 (Kongetsu) yəni “Bu ay” mənasını ifadə edir. 

Ümumiləşdirilmiş şəkildə desək, Kunyomi yapon oxunuş olmaqla yanaşı, tək şəkildə oxunduqda məna ifadə edən oxunuşdur, Onyomi isə çin oxunuş olub, tək şəkildə oxunduqda məna ifadə etməyən, daha çox şəkilçi kimi funksiya daşıyan oxunuşdur. Onyomi tərəfinin məna ifadə etməsi üçün iki kanci birləşdirilərək oxunulur. Qeyd edək ki, əlbəttə istisnalar var və bu hər iki oxunuş üçün də keçərlidir. Hal-hazırda yapon dilində sadəcə çin oxunuşu olan və ya sadəcə yapon oxunuşu olan heroqliflər mövcuddur. 

Xəyalə Əlizadə ©yapon.az2024