I yazı

Yaponların necə olduğuna dair nəticələrə ya baxdığınız filmlər, animelərdən, yaxud da ingilis, rusdilli bloqların müəlliflərinin yazdıqlarından və s. gəlmisiniz. Əlbəttə, bütün insanlar hər şey haqqında subyektiv fikir (şəxsi dünyagörüşü, hadisələrə baxış bucağından, onları dəyərləndirmə tərzindən asılı olaraq) yürüdür. Uzunmüddətli müşahidələrimə əsaslanaraq sizlərlə yaponlar haqqında öz fikirlərimi bölüşəcəyəm.

  1. Yaponiyada gənclər animelərdə gördüyünüz kimi qəhrəman deyillər, olmaq niyyətləri də yoxdur. Lakin bütün gənclər “qızarmağı sevir”. Yəni, utancaqlıq mənasında 😀 . Hətta qarşı cinsin nümayəndələrindən olan gənc həkimlər belə, bir xanımı yoxlayanda bunu hiss etmək və görmək olur.
  2. Məbədlər və müqəddəs bilinən hər yeri ziyarət edən yaponlar tanıyıb-tanımadığı, xarici də içində olmaqla hər yolçuya salam verir.
  3. Əgər uşaq arabasıyla, araba yığılmış vəziyyətdə, (yəni, yuxarı çıxmağa çalışıram) eskalatorun yanında dayanmısınızsa, yanınızdan keçən 10 nəfərdən heç biri sizə kömək etmək barədə təklif etməyəcəkdir. 11-ci orta yaşlı xanım yapondan belə bir təklif gələ bilər ancaq.
  4. Yaponiyada gənclər sanki heç kim və heç nə ilə maraqlanmırlar. Xaricilərlə maraqlanan, onlarla ünsiyyət qurmağa çalışan insanlar da adətən yaşlılardır. Yaşlı nəsil Azərbaycanı postsovet ölkəsi kimi də tanıyır.
  5. “Yaponlar utancaqdır” (tanış olmaq mənasında) fikri ilə heç razı deyiləm. Bu ya 4-cü bənddəki fikirlə əlaqəli olur, yaxud da dil bilməməklə.
  6. “Yaponiyada valideynlər uşaqlarına qadağalar etmirlər”. Tamamilə yalnış fikirdir. Burda valideynlərilə arası soyuq olan, anası tərəfindən hələ də bir dəfə olsun qucaqlanmayan gənclər də vardır. Ailənin prinsiplərinə zidd olduğu üçün danışdırılmayan və evdən uzaqlaşdırılan, bununla belə universiteti bitirsə də ailəsinin yanından köçməsini istəməyən valideynlər də vardır. Ailə peşəsini istəməsə  də davam etdirməyə məcbur olan gənclər də vardır. Burada da valideynlər övladlarının çevrəsini yoxlayıb özü seçir və hətta manqa oxumağı da qadağan edirlər. Burada da yaşlı və gənc nəsil arasında fikirlərin “toqquşması” yaşanmaqdadır. Gənclərin hər etdiyinə deyinən obaçanlar tapılar.
  7. “Yaponlar söyüş söymür”. Yenə yalnış fikir 🙂 . Yapon dilində bizə görə ən çox işlənən “axmaq” (ばか, ばかやろう) sözüdür. Sadəcə xariclərin yaponca söyüş eşitməyi üçün yer, zaman və əməl olmalıdır 😀 .
  8. Yaşlı bir qadın ona qarşı kobudluq edən bir gəncin, məsələn, velosipedini aşırmışsa, üzr istətmədən yaxasını buraxmayacaqdır.
  9. Yaponlar sağlam yaşamağa çalışırlar. Hər (xüsusilə də artıq yaşı 40-ı keçmiş) gün gecə saatlarında qaçışla məşğul olan insanların sayı kifayət qədərdir. Qidalanma haqqında isə heç də elə düşünmürəm.
  10. Yaşlandıqca yaponlar “ayağımı uzadıb ölüm” deyə düşünmürlər. Onlar həyat yoldaşlarını, fotoaparatlarını da yanlarına alıb gəzir, təbiətdən və həyatdan zövq almağa çalışırlar.
  11. Səyahət demişkən. Yaponların səyahət, istirahət məntiqi tamamilə fərqlidir. Onlar saatlarla hansısa təbii mənzərəni izləyə bilərlər.  Yaxud təkbaşına hansısa kafedə üzü küçəyə doğru oturub komyuter, telefon “qurdalayaraq” dincələ və ya mürgüləyə (inemuri başqa aləmdir 🙂 ), təkbaşına, ailəlikcə dağa çıxa, iri fəvvarənin içində uşaqlarla oynaya (dəniz misali), onun yaxınlığında və ya hardasa çəmənlikdə tent qurub içinə yığışa bilərlər.
  12. Yaponlar diş təmizləməyə qarşı olduqca həssasdırlar. İstənilən yerdə – xəstəxanada, alış-veriş məkanlarının ayaqyolunda “saatlarla” dişini fırçalayan birini görmək olar. Dişlərinizi tamamilə qorumaq üçün isə aşağıdakı alətlərin hamısı tövsiyə olunur.

Bunlar müşahidələrim nəticəsində gəldiyim ümimi və çoxluq təşkil edən hallardır. Təbii ki, istisnalar həmişə vardır.

Hələlik bu qədər. Yazının ardı olacaqdır.

Sevinc Nur © yapon.az 2018