Bir gün Yaponiyaya səyahət etməyi düşünən hər kəsin “Yaponiyada ediləcək şeylər” siyahısında kimono geyinməyin yer aldığını düşünürəm. Bildiyimiz kimi kimono Yaponiyanın milli geyimidir və istər rəng, istərsə də dizayn cəhətdən olduqca valehedicidir. Kimononun bir-birindən fəqli 13 növü mövcuddur ki, bunların hər biri fərqli mərasimlərdə geyinilməklə material, rəng və dizayndan asılı olaraq dərəcəyə sahibdir.


Bəs, heç yukata haqqında eşitmisinizmi?

Yukata yay festivalları və ənənəvi yapon otellərində (ryokan) daha çox qız və oğlanlar tərəfindən geyinilən ənənəvi yapon geyimidir. İlk baxışdan yukata və kimononu bir-birindən fərqləndirmək çətin olsa da, özünəməxsus xüsusiyyətlərinə görə fərqlənirlər. Gəlin bu iki milli geyim arasındakı fərqlərə nəzər yetirək.

➢ Əvvəlcə hər iki geyimin adına nəzər salaq. Kimono (yaponca 着物) sözündəki ilk heroqlif- 着(ki) “geyinmək”, digəri isə- 物(mono) “şey, əşya” mənasını verir, yəni hərfi mənada “geyinilən şey” deməkdir. Bu, Heian dövründən (794-1185. Kyotonun ilk dəfə paytaxt olduğu dövr. Bu dövrün sonu Yaponiyada samuray hakimiyyətinin başlanğıcı idi) başlayaraq Yaponiyadakı bütün ənənəvi geyim növləri üçün istifadə olunan ümumi termindir. Yəni, yukata kimononun çoxsaylı növlərindən biridir. Müasir dövrdə kimono Yaponiya milli geyiminin rəsmi növü olmaqla, müxtəlif mərasimlərdə- toy, yas, çay mərasimlərində və s. istifadə olunur.

Bəs yukata sözünün mənası nədir?

Yukata (yaponca 浴衣) sözündəki 浴(yu)- “duş qəbul etmək”, 衣(kata) isə “geyim”deməkdir. Yukata keçmişdə kimononun bir növü olmaqla, hamam xalatı kimi istifadə olunurdu. Ryokan otellərində, isti bulaqlarda (onsen) duş qəbul etdikdən sonra yukatalardan istifadə edilməsi də elə bu səbəbdəndir. Edo dövründə (1603-1868. Uzun illər davam edən vətəndaş müharibəsindən sonra sülhün bərqərar olduğu dövr. Bu gün mövcud olan bir çox əvəzsiz Yapon mədəniyyəti nümunələri məhz bu dövrdə yaranmışdır. Samurayların mövcud olduğu son dövr.) yukata yay günlərində istifadə olunan gündəlik geyimə çevrilmişdir. Bugünkü gündə də yukata yay festivallarında, atəşfəşanlıqlarda geyinilən və rəsmi mərasimlərdə istifadə olunmayan ənənəvi yapon geyimidir.

➢ Sintetik parça, kətan, yun kimi materiallardan hazırlansa da, kimononun ən keyfiyyətli növü ipəkdən hazırlanmış kimonodur. Əgər ipəkdən hazırlanan kimono almaq istəsəniz, ən az 200.000 yen (2000 dollar) ödəməli olacaqsınız. Kimono kimi yukata da kətan və ya sintetik parçadan hazırlansa da, yay fəslində geyinildiyi üçün yukataların hazırlanmasında əsasən pambıqdan istifadə olunur. Qiyməti isə təxminən 2000-5000 yen (20-50 dollar) arasında dəyişir.

➢ Yukata kimononun bir növü olduğundan bir-birlərinə çox bənzəyirlər. Kimononu yukatadan fərqləndirən xüsusiyyətlərdən biri də kimononun alt hissəsindən “cyuban” (襦袢) adlanan xüsusi geyimin geyinilməsidir. Keçmiş dövrlərdə yukata hamam xalatı kimi istifadə edildiyindən yukatanın altından bu cür xüsusi heç nə geyinilmir. Kimono və yukata arasında digər fərq isə belbağında- “obi” (帯) dədir. Belə ki, kimonoda qalın və möhkəm belbağından istifadə olunduğu halda, yukatada daha incə, kiçik və yumşaq obidən istifadə olunur. Kimono geyinilən zaman “tabi” (足袋) adlanan corablar və “zouri” (草履) adlanan ayaqqabıdan istifadə edilir. Yukata isə “geta” (下駄) adlanan ayaqqabı ilə ayaqyalın şəkildə geyinilir.

➢ Kimono və yukata arasındakı son fərq isə hər iki geyimin geyinilmə qaydası ilə əlaqəlidir.


Hər iki geyimin altgeyim və belbağıları fərqli olduğu üçün geyinmə qaydası da olduqca fərqlidir. Lakin bu qaydalar kifayət qədər özünəməxsus olduğundan, bu mövzudan növbəti məqalələrimizdə bəhs edəcəyik.

Günel İsmayılova ©yapon.az2022