“Onun silahı təbəssüm və balaca yelpikdir”

Yono Naquçiyə aid sözlər Yaponiya yelpiklərini bildiyimiz aspektdən izah edir; yaponiyalı qadınlar gözəl kompozisiyalı yelpiklə təbəssümlərini gizlədərək sizin arxanızca baxırlar. Üzü açıq saxlamaq onlara görə ədəbsizlikdir və hətta təhlükəlidir. Üzü göstərmək, adı açıqlamaq insanı həm kişilər, həm də pis ruhlar qarşısında müdafiəsiz qoyur…

Yaponiyada qadının üzünün gündə qaralması ədəbsizlik hesab olunurdu. Əsl gözəlin təmiz ağ dərisi olmalı idi. Beləliklə, yelpik 3 əsas funksiya yerinə yetirirdi; günəşdən qorumaq, havanı özünə istiqamətləndirmək və üzü gizlətmək.

Lakin yapon yelpiyi təkcə zərif qadın əşyası deyil. Bu əşyanın maraqlı və diqqəti cəlb edən tarixi var. O, Yaponiyada bir çox vacib funksiyaları yerinə yetirirdi. Qədim döyüşçülər onu müharibədə istifadə edirdilər…

Nəhəng ölçülü yapon yelpiyi İse məbədində Günəş ilahəsi Ama-terasunun şərəfinə keçirilən bayramda istifadə olunurdu. Yaponiya nağıllarında yelpik sehirli çubuq rolunu oynayırdı. Onu bir dəfə yelləməklə qoşunlara qalib gəlmək, batan günəşi geri qaytarmaq mümkün olurdu. Əfsanəyə görə dul qadın Atsumori rahibə olandan sonra öz düzəltdiyi qatlama yelpiyi bir dəfə yellədəndən sonra bir rahibi sağaltmışdı. Yelpik Tenqu adlı, əsasən, şam ağacının başında yaşayan, it və quş hibridi uzunburun iblisin əsas atributudur. O, öz yelpiyini yelləməklə insanın burunlarını uzada və qısalda bilir. Ölən insanın ruhunun bu dünyaya yenidən qayıtmaması üçün onun yelpiyini sındırıb dama atardılar. Səyahətçilər yelpiyin üzərinə xəritə çəkib özləri ilə aparardılar.

Kavahorisen (蝙蝠扇) və ya yarasa formalı yelpik.
Kavahorisen (蝙蝠扇) və ya yarasa formalı yelpik.

Yelpik ilk dəfə Çində e.ə. VIII-II əsrdə yaranıb. Çin yelpikləri sadə quruluşa malik idi – ağac dəstək və nazik pər. İmperator sarayında yelpiyi ipək saplarla müxtəlif şəkillər çəkməklə, kalliqrafiya ilə bəzəyirdilər. Yelpiyi çinlilər VIII əsrdə Yaponiya imperatoruna hədiyyə olaraq veriblər.

Yaponiya ustaları yelpiyi təkmilləşdirib onu bir-birinin üzərinə qatlanan ağac lövhəciklərindən və qatlama yarımdairəvi xüsusi davamlı kağızdan hazırlamağa başladılar. Bu yelpiklər Sensu (扇子) adlanırdı. 988-ci ildə yapon rahibi Çounen (奝然, 938-1016) Çin sülaləsindən Şimali Sun İmperatoruna 2 ədəd yarasa formalı kavahori-ogi (蝙蝠扇) və 20 ədəd müxtəlif gözəl qatlı yelpik hiogi (桧扇) hədiyyə edirlər.

z43xh80
Hiogi (桧扇).

Nara və Heyan dövrünün yelpikləri xüsusi şöhrət qazanmışdılar. Qatlama yelpiklər üzərində şeirlər, nəğmələr yazılır, gözəl rəsmlər çəkilir, lövhələr qızıl və gümüş suyuna salınırdı. VIII əsrin sonu dəstəyi səndəl, Yaponiya sidri və bambukdan hazırlanan Sensu yelpikləri məşhurlaşdı. XII əsrdə bu ecazkar yarımdairəvi yelpiklər utancaq və həssas saray xanımlarının rekvizitinə çevrildi. Saray həyatından uzaqlaşan aristokrat xanımlar Mieydo məbədində rahibə olanda keçmiş günahkar həyatlarından yalnız yelpiyi yadigar olaraq saxlayırdılar, belə ki, məbəddə köhnə əşyalardan ancaq buna icazə verilirdi. Buradan da Mieydo adlı Sensu yelpiklərinin bir növü əmələ gəlib. Qədim Yaponiya əfsanələrinə görə, tanrıların əlində bu yelpiklər olub.

Sonradan yelpiklər bütün fəlsəfi əhəmiyyətini itirir və dekorativ-tətbiqi incəsənətin əsas nümənəsi, Yeni il bayramında ən arzulanan hədiyyələrdən birinə çevrilir.

Yalnız 16-cı əsrdə portuqaliyalı ticarətçilər sayəsində yelpik Qərbə gətirilib.

Səkinəxanım Əliyeva © yapon.az 2014