“Çində istehsal olunub” – bu reklam deyil, sadəcə dünyanın bir çox ölkəsində olduğu kimi iqtisadiyyatı sürətlə inkişaf edən, ucuz işçi qüvvəsi və ayırdığı subsidiyalar sayəsində cibə daha sərfəli malları istehsal edən Çin Yaponiyanı da cənginə alıb. Burada anime qəhrəmanları oyuncaqlarından tutmuş rəngarəng qələmlər, pozanlar, yelpik və kosmetik mallar, yataq dəstləri, qab-qacaq və hətta kimono, paltar və ayaqqabılar tapmaq olar ki, Çində istehsal olunub. Daha doğrusu, ele qarşına çıxan əksər hallarda belə olur. Amma o “Çində hazırlanıb” yazısını görən kimi adam onu almaq belə istəmir. Hər halda bu psixoloji amillərlə bağlıdır. Lakin heç də bütün hallarda Çində istehsal olunmuş məhsullar ucuz olmur. Bu, nisbətən daha ucuz ola bilər sadəcə. Bəzi hallarda Yaponiya şirkətləri özləri də daha əvvəldə sadaladığım səbəblərə görə, məhz Çində istehsal etməyi üstün tuturlar.gqdl38m

Təkcə Çin deyil, İndoneziya, Banqladeş, Koreya, Tailand kimi ölkələrin məhsullarına da Yaponiyada rast gəlmək olur. Xüsusilə də, ərzaq məhsullarının əksəriyyəti Amerikadan idxal edilir. Yaponiyada istehsal olunan tərəvəz və meyvələrin əksəriyyəti parnikdə yetişdirilir və daha baha olur. Lakin burada qiymətlər də sabit deyil. Yəni, mövsümi qiymət dəyişimini kənara qoysaq belə, burada hər gün ərzaq məhsullarının qiyməti dəyişə bilir. Heç kimdə etiraz və təəccüb doğurmadığına görə, demək ki, bu adi haldır. Düzdür, mağazalarda əldə edilən bonuslar müəyyən qədər də olsa alıcının köməyinə gəlir. Hədiyyə kartları da.

Bir qayda olaraq, ərzaq məhsulları istisna olmaqla xaricdə istehsal olunan əksər malların üzərində məhz “Yaponiyada satılmaq üçün” ifadəsi yazılır. Bunun hətta keyfiyyət göstəricisi olduğunu düşündüyüm hallar da az olmayıb.

Bir maraqlı məqamı da qeyd etməliyəm ki, əgər burada keyfiyyətli paltar almaq istəyirsinizsə onda Yaponiya istehsalı olan daha baha məhsuldansa Hindistan, Çin, İndoneziya istehsalı olan malları almaq məsləhətdir. Çünki nəinki sərfəli, həm də keyfiyyətli olacaq. Ona görə də bu iki ifadəni görəndə qəzəblənməyin və Azərbaycana hədiyyə göndərərkən dostlarınıza əvvəlcədən izah etməyə çalışın 🙂

Sevinc Nur © yapon.az 2014