“Çanoyu (茶の湯)”, “sado (茶道)” və ya sadəcə “oça (お茶)” adlandırılan və insanlara qonaqpərvərlik, hörmət, rifah və zen fəlsəfəsini aşılamaqla özündə dərin məna ehtiva edən çay mərasimləri Yaponiya mədəniyyətinin mərkəzi hesab edilir.

Bu dəfəki məqaləmizdə 400 illik tarixə malik yapon çay mərasimi mədəniyyətindən bəhs etmək istəyirik.

  • Çay mərasimi ənənəsinin başlanğıcı.

 Maçça çayının (toz halına salınmış yaşıl çay) dərman kimi istifadəsi.

Gəlin, əvvəlcə çay mərasiminin əsasını təşkil edən maçça çayının tarixinə qısa nəzər salaq.

Maçça çayı ilk dəfə XII əsrdə buddist rahib Yosai tərəfindən Çindən Yaponiyaya gətirilmişdir. Belə ki, Çində Buddizmi öyrənməkdə olan Yosai maççanın Çin rahibləri tərəfindən dərman kimi istifadə edildiyinin şahidi olmuşdur. Maççanın tərkib hissəsini təşkil edən maddələr və kofein rahiblərə buddizmlə bağlı etdikləri ağır məşqlərə davam gətirməyə kömək edirdi. Yaponiyaya qayıtdıqdan sonra Yosai Zen Buddizminin “Rinzai” təriqətinin əsasını qoymuşdur. Deyilənə görə, o, məhz maçça çayı vasitəsi ilə sərxoşluqdan (hangover) əziyyət çəkən şoqunu (samuray liderləri belə adlanırdı) sağaltmağa müvəffəq olmuşdur. Bunun nəticəsində maçça çayı Yaponiyada sürətlə yayılmağa başlamışdır.      

Samuraylar üçün əyləncə vasitəsi

Muromaçi dövrünə qədər maçça çayı içmək aristokrat və samuraylar arasında geniş yayılmış, Çin mədəniyyəti nümunələrinin əks olunduğu müxtəlif rəsmlərlə bəzədilmiş otaqlarda dəbdəbəli çay süfrələri qurularaq əyləncə məclisləri keçirilməyə başlanmışdır. Kifayət qədər nüfuz sahibi və varlı şəxslərin bu cür məclislərdə iştirakı bir növ, öz var-dövlətlərini nümayiş etdirmək üçün də yaxşı fürsət idi.

Belə məclislərdə əyləncə üçün yapon dilində “çay döyüşü” mənasını verən “touça (闘茶)” adlı oyun keçirilirdi. Oyunun qaydalarına görə, iştirakçılar müxtəlif növ çayların dadına baxmaqla onların harada istehsal olunduğunu təxmin etməli idilər. Lakin tədricən qumar oyununa çevrilən bu oyun hökumət tərəfindən qadağan edildi. Bununla belə, müasir dövrdə dad duyğularını yoxlamaq üçün yaponlar “toça” oyunundan istifadə edirlər.

  • “Vabi çayı” və çay mərasimləri

“Çay mərasimləri”nin ilk örnəyi XV əsrdə yaranmışdır. Murata Cuko adlı buddist rahib şagirdi Takeno Coo ilə birlikdə “vabi çayı” ideyasını əsasını qoymuş və yaymağa başlamışlar. Həmin dövrə qədərki dəbdəbəli və göz qamaşdıran çay mərasimlərindən fərqli olaraq, Zen Buddizmini özündə ehtiva edən çay mərasiminin yeni üslubu sadə və eyni zamanda qarışıq idi.

Ümumiyyətlə, “vabi” sözü kifayət qədər mürəkkəb məfhumdur və onu bir neçə sözlə izah etmək mümkün deyil. Lakin, tərcümə etməyə çalışsaq “qüsursuz gözəllik” kimi tərcümə edə bilərik.

Özündə qüsursuz gözəlliyi ifadə edən vabi çayı həmçinin, döyüş zamanı daim ölüm təhlükəsi ilə üz-üzə olan samurayların gərginliklərinin azalması və mənəvi rahatlamasına da səbəb olmuşdur.

“Vabi çayı” ənənəsinə Yaponiyanın çay mərasimi tarixində xüsusi rol oynamış şəxs – Sen no Rikyu son qoymuşdur. Bu gün tətbiq olunan çay mərasiminin müxtəlif formaları məhz onun nəslindən olanlar və  şagirdləri tərəfindən yaradılmışdır.

  • Çay mərasiminin siyasi məqsədlər üçün istifadəsi

Çay mərasimi mədəniyyətinə dərin maraq göstərən samuraylar zaman keçdikcə ondan siyasi məqsədlər üçün istifadə etməyə başladılar. Bu samuraylardan Oda Nobunaqa və Toyotomi Hideyoşinin adını çəkmək olar. Onlar vətəndaş müharibəsi dövrünün məşhur “üç qəhrəmanı”ndan ikisi idi. Vabi çayı ideyasına son qoyan Sen no Rikyu məhz bu iki qəhrəmanın məsləhətçisi kimi fəaliyyət göstərmişdir.

Vətəndaş müharibəsi dövründə çay mərasimlərində istifadə olunan mətbəx əşyaları sərkədələr üçün sadəcə praktiki deyil, həm də sosial statuslarının nümayişi üçün (ilə öyünmək üçün) istifadə olunurdu. Belə ki, qiymətli qab-qacaqlara sahib olan şəxs böyük nüfuz sahibi hesab olunurdu. O zaman samuray lideri olan Oda Nobunaqa bundan faydalanaraq, tabeliyində olan nailiyyət qazanmış işçilərə məhz çay hazırlamaq üçün istifadə olunan qab-qacaqları mükafat olaraq verir və bununla birlikdə onlara çay mərasimi keçirmək icazəsi də verirdi. Nobunaqa insanların istəklərini stimullaşdırmaqla onları daha yaxşı idarə etmək üçün çay mərasimi mədəniyyətindən məharətlə istifadə edirdi. Beləliklə, samuraylar nüfuzlarını artırmaq, sosial güclərini nümayiş etdirmək məqsədilə, bu cür qiymətli qab-qacaqlara sahib olmaq və çay mərasimi keçirmək hüququ əldə etmək üçün həyatlarını riskə atırdılar. Bu, kifayət qədər qəribə səslənsə də, Oda Nobunaqa bu mədəniyyəti bərqərar etməyə müvəffəq olmuşdur. Hazırkı dövrdə çay hazırlanmasında istifadə olunan qab və ləvazimatların kifayət qədər baha olmasının səbəbi də elə budur.

Samuray lideri olan Toyotomi Hideyoşi və Sen no Rikyu çay mərasiminin qızıl dövrünün mərkəzində duran şəxslər olmuşlar. Dövrünün olduqca güclü samurayı olan Toyotomi Hideyoşi, imperator, yapon feodalları, şəhər əhalisi, hətta kəndliləri dəvət etməklə siyasətlə dərindən əlaqəli olan çay mərasimləri təşkil edirdi. Beləliklə, çay mərasimləri artıq yalnız insanların zövq alaraq rahatlıq tapdıqları yer deyil, həmçinin siyasət, mədəniyyət və din mərkəzinə çevrilmişdi.

  • Müasir dövrdə çay mərasimi

Sen no Rikyunun ölümündən sonra onun nəslini davam etdirən şəxslər və şagirdləri tərəfindən çay mərasiminin bir çox üslubları işlənib hazırlanmışdır ki, onlar hələ də mövcuddur və bu günkü gündə də tətbiq olunmaqdadır. Meici dövründəki “bərpa işləri” zamanı samuray mədəniyyəti getdikcə yox olsa da, çay mərasiminə hörmət yaponlarda dərin kök salmışdır. Belə ki, yeni qərbləşmiş hökumətin məmurları bu mədəniyyəti qoruyaraq, növbəti nəsillərə ötürürdülər. Çay mərasimi mədəniyyəti əvvəlcə məktəblərdə qızlara fənn olaraq tədris edilməyə başlanmış və nəhayət, uzun müddət imtiyazlı təbəqə ilə məhdudlaşan bu mədəniyyət artıq hər təbəqənin zövq aldığı mədəniyyət nümunəsinə çevrilmişdir.

Müasir dövrdə Yaponiyada çay mərasimi təlimləri keçirən məkanlar mövcuddur. Lakin bu təlim iştirakçılarının sayının az olması məyusedici haldır. Çay mərasimləri təlimləri təşkil edən bir şirkət tərəfindən aparılan araşdırmaya görə, 2018-ci ildə təlim iştirakçılarının sayı təxminən 2,2 milyon nəfər olub ki, bu da 10 il əvvəlki rəqəmin təxminən yarısıdır. Bu azalmanın səbəbi əhalinin yarısından çoxunu yaşlıların təşkil etməsi ilə bərabər, yaşlıların artıq çay mərasimlərini məşq etməməsi və bu cür təlimlərdə iştirak etmək üçün gəncləri cəlb etməməsi ilə əlaqəndirilir.

Günel İsmayılova ©yapon.az2023