Çay mərasimlərinin zehni tərbiyə etmək, davranış və hörmət aşılamaq üçün bir yol olduğu qeyd edilir. Ancaq bir çox insanlar, o cümlədən yaponlar, bəzən çay mərasimlərinin sadəcə çay içməkdən ibarət olduğunu düşünürlər. “Axı, bir stəkan maçça çayı içməklə zehni necə tərbiyə etmək olar?”

Əslində, çay mərasimi fəlsəfəsini dərk etmək o qədər də asan deyil. Hətta onilliklər boyu məşq etmiş, həyatını bu mədəniyyətə həsr etmiş “çay ustaları” belə, çay mərasimi mədəniyyətini tam şəkildə başa düşmədiklərini və heç vaxt da başa düşməyəcəklərini bildirirlər. Bununla belə, “çay əfsanəsi” adlandırılan Sen no Rikyunun geridə qoyduğu çay mərasimi mədəniyyətinin 4 fəlsəfəsini sizə təqdim etmək istəyirik.

Qeyd etdiyimiz kimi, bu mədəniyyət özündə 4 fəlsəfə – “va-kei-sei-caku” (和敬清寂) fəlsəfələrini birləşdirir. Gəlin, bu ifadəni təşkil edən hər bir heroqlifə nəzər salaq:

1)“Va” (和)- Harmoniya – çay mərasiminin sülh və harmoniyasını təmsil edir. Çay mərasimi zamanı ev sahibi və qonaqlar harmonik atmosfer yaratmaq üçün birlikdə çalışırlar. Belə ki, mərasimdə qonaqların sadəcə əylənmək məqsədilə iştirak etdiyi düşünülsə də, əslində, qonaqlar xüsusi rola malikdirlər. Bu mədəniyyətin əsas qaydalarından biri də mərasim zamanı yaşından, cinsindən və milliyyətindən asılı olmayaraq bütün iştirakçılara bərabər münasibət göstərilməsidir. Buna görə də samurayların hələ mövcud olduğu dövrdə çay mərasimləri təşkil olunarkən, onlar katanalarını “çay otağı”ndan kənara qoymalı və bir növ, samuray olduqlarını unutmalı idilər. Bu gün istifadə edilən çay mərasimi otaqları hələ də katananın qoyulması nəzərdə tutulan kiçik sahəyə malikdir.

Bununla bərabər, mərasim zamanı dinclik və harmoniyanı bərqərar etmək üçün söhbət edərkən iştirakçıların uzaq durmalı olduqları mövzular da var. Bunlar – din, pul, ailə üzvləri ilə problem, siyasət və qeybətdir. “Bəs, nə haqqında danışaq?” – deyə düşünürsünüzsə, qeyd edək ki, yaponlar adətən, fəsillər, bəzək və çay qablarının valehediciliyi, yeməyin və çayın dadı haqqında müxtəlif söhbətlər edirlər.

2)“Kei” (敬)- Hörmət – ev sahibinin və qonaqların bir-birinə hörmət etməsi düşüncəsini təmsil edir. Bildiyimiz kimi, yaponlar salam verərkən, kimisə qəbul edərkən və ya nəyisə təhvil verərkən bir-birlərinə hörmət əlaməti olaraq təzim edirlər. Lakin, mərasim zamanı iştirakçılar təkcə bir-birlərinə deyil, tədbir zamanı istifadə olunan qab-qacaqlara, çiçəklərə, bəzək əşyalarına və təbiətə hörmət və minnətdarlıq rəmzi olaraq təzim edirlər. Təbiətə hörmətin bu aspekti çay otağının mövsümi çiçəklərlə bəzədilməsində də özünü göstərir.

3)“Sei” (清)- Paklıq – insanların düşüncəsinin, çay hazırlamaq və içmək üçün istifadə olunan qabların və atmosferin təmizlik və saflığını ifadə edir. Yaponlar çay mərasimi zamanı zehin və ruhun təmizləndiyinə inanırlar. Odur ki, məbəd və ziyarətgahlara girməzdən əvvəl əl və ağızlarını yaxaladıqları kimi, çay mərasiminin keçiriləcəyi otağa girməzdən əvvəl də bu prosesi icra edirlər.

Həmçinin, kaiseki (çay içməzdən əvvəl yeyilən yüngül yemək) ilə birlikdə servis edilən sake (yapon spritli içkisi) bədəni təmizləmək məqsədi daşıyır. Otağın havasını təmizləmək üçün isə qazanın altında odun kömürü ilə birlikdə havaya buraxılan tüstüdən istifadə olunur. Ev sahibinin çayı servis etməsi bir maçça çanağı üçün təxminən 10-15 dəqiqə vaxt alır. Belə ki, çayın hazırlanmasının bu qədər vaxt alması, onu qayğı ilə hazırlayaraq səmimi təşəkkür və hörmət ifadə etmək, həmçinin qonağa mükəmməl, təravətli çay təqdim etmək məqsədi daşıyır. Bu, həm çay qablarını fiziki cəhətdən təmizləmək, həm də çayı hazırlayanın və onu içəcək şəxslərin zehnini təmizləmək deməkdir.

4) “Caku” (寂)Sakitlik – sükunət içərisində olan zehni təmsil edir. Yaponlar çay mərasimləri vasitəsilə həyatın fitnəsindən asanlıqla təsirlənməməyi, təbiətə qarışmağı və onun bir parçası olmağı öyrəndiklərinə inanırlar. Məhz buna görədir ki, onlar bu mərasimi həyata keçirərkən, lazımsız hesab etdikləri söhbətlərdən çəkinirlər.

Bundan əlavə, mərasim zamanı ətrafdakı təbiətin gözəlliyinə diqqət yetirmək, işıq və havanı hiss etmək, küləyin səsini dinləmək və müasir dünyada gözdən qaçırılan şeyləri görmək üçün müxtəlif proseslərdə- ev sahibinin qonaqları qarşıladığı, “kouiça” adlandırılan maçça çayını təqdim etdiyi və qonaqların getdiyi zaman verbal ünsiyyətdən istifadə olunmur. Ev sahibi ilə qonaqlar arasında olan bu cür qeyri-verbal ünsiyyət ətrafdakı digər hadisələrə və başqalarının mimikalarındakı kiçik dəyişikliklərə diqqət yetirməyin və onları həqiqətən də başa düşməyin vacib olduğunu aşılamağa kömək edir.

Günel İsmayılova ©yapon.az2023