Nakazava Koto XIX əsrin sonlarında – müharibə və anarxiyanın cərəyan etdiyi dövrdə yaşamış qadın samuraylardan biri olmuşdur.

Atası “kencutsu (剣術- yapon qılınc sənətidir)” ustadı olduğundan, o, uşaq yaşlarından etibarən qılıncla döyüş bacarığına yiyələnmişdir. Deyilənə görə, Nakazava Koto “naginata”da o qədər məharətli idi ki, 14 yaşında olarkən atasına – öz ustadına qalib gələ bilmişdir.

XIX əsrin sonu Yaponiyada “qərbləşmə”nin təlatümlü dövrü idi. Qərbləşmə istiqamətində verilən qərarlardan narazı qalan samuray klanları şoqunluqları devirməyə cəhd edirdilər. Bu cür samuraylar “coişişi (terrorçu)” adlanırdı. Belə bir şəraitdə artıq samuraylara etibar edə bilməyən şoqunluqlar hökumətin mühüm adamlarını qorumaq üçün təlim keçmiş sıravi insanları döyüşlərə cəlb etməyə başladılar. Kişi cildinə bürünən Nakazava Koto qardaşı ilə birlikdə Kyotoya gedərək Tokuqava şoqunluğunu qoruyan “Roşiqumi” qrupuna qoşuldu. Gedən döyüşlərdə qılıncla bacarıqlarını məharətlə nümayiş edərək minlərlə döyüşçünü məğlub etsə də, mübarizənin sonunda şoqunluqların “coişişi”lərə qarşı mübarizəsində məğlub olması və yeni hökumətin bərqərar olması səbəbi ilə o, qardaşı ilə birgə öz yaşadığı şəhərə qayıtmalı oldu.

Boyunun kifayət qədər hündür olması (170 sm) Nakazava Kotonun kişi qiyafəsinə girməsini asanlaşdırmışdır. Onun şücaəti və döyüşməkdə olduqca məharətli olması ilə bərabər, qeyri-adi gözəlliyə malik olması da mənbələrdə qeyd olunur. Nakazava Koto haqqında yazılmış bir hekayədə deyilir:

“Koto kişi geyimində olarkən bir çox qadınlar,

Qadın geyimində olarkən bir çox kişilər ona aşiq olur.”

“Coişişi”lərə məğlub olduqdan sonra yaşadığı şəhərə qayıdan 30 yaşlı Nakazava ailə qurmaq qərarı alır. Bir şərtlə: Ailə quracağı şəxs ondan güclü olmalı və dueldə məğlub etməli idi. Lakin Nakazava ailə qurmadan 88 yaşında dünyasını dəyişir. Onun Qunma prefekturasında yerləşən abidə ucaldılmış məzarını bu günkü gündə də çox adam ziyarət edir.

Günel İsmayılova ©yapon.az2022