Tomoe Qozen Kamakura dövrünün ən güclü samuraylarından biri olmuşdur. Bu dövrdə əvvəlcə ev sahiblərini qorumaq üçün cangüdən kimi fəaliyyət göstərən samuraylar tədricən daha çox güc qazanmağa başladılar.

Kifayət qədər güclənən samuraylar Yaponiyanın idarəsini əlinə keçirməyə müvəffəq oldular. Samuraylardan ibarət hökumət “şoqunluq” və ya “bakufu (幕府) ”, ilk şoqunluq isə “Kamakura bakufu(鎌倉幕府) ” adlandırıldı. Kamakura şoqunluğunun ilk lideri Yoritomo Minamoto idi. Onun taxtı ələ keçirməsində həmin dövrün məşhur samurayı, eləcə də əmisi oğlu olan Yoşinaka Minamoto böyük rol oynamışdır . Tomoe Qozen Minamotonun sevimli cariyəsi və eyni zamanda dövrünün olduqca güclü qadın samurayı idi. Mənbələrdə Tomoe Qozen uzun saçlı və açıq dərili qadın kimi təsvir edilir.

Tomoe Qozenin döyüşlərin birində Yoşinaka Minamoto ilə birlikdə döyüşən və yüz minlik ordunu cəmi bir gecədə məğlub edərək müharibənin gedişatını dəyişdirən general olduğu qeyd edilir. O, həlak olduğu döyüşdə Yoşinaka Minamoto ilə döyüşən son beş samuraydan biri idi. Bu döyüşdə ona qaçmaq əmri verilmişdi, çünki düşmənin samurayın öz cariyəsini son döyüşə gətirdiyindən xəbər tutması samuray adına xələl gətirərdi. Bu döyüşdə Tomoe Qozen düşmən qoşununun ən güclü samurayını məğlub edərək qaçmağa müvəffəq olmuşdur.

XII əsrin sonlarında yaşamış Tomoe Qozen haqqında saysız-hesabsız əfsanə və hekayələr mövcuddur. Bu adla tez-tez kitablarda, musiqilərdə, şeirlərdə, filmlərdə, tarixi romanlarda rastlaşa bilərsiniz. Yaponiyanın müxtəlif bölgələrində Tomoe Qozen abidələrinin olması da heç təəccüblü deyil.

Günel İsmayılova ©yapon.az2022