Yaponiya adaları şərqi Asiya geosinklinal zonasında, Sakit okeanı əhatə edən vulkanik dairənin bir hissəsini təşkil edir. Bu sahədə elmi araşdırmalar ilə Yaponiyaya böyük töhfə vermiş Henrix Nauman kimdir? Niyə Yaponiyadan ölkəsinə narazı halda qayıtmışdı?

Henrix Edmund Nauman (11 sentyabr 1854 – 1 fevral 1927), Meici dövründə Yaponiyada “yapon geologiyasının atası” olaraq qəbul edilən bir almaniyalı geoloq idi. 1875-ci ildə Yaponiyaya gələn geoloq burada vulkanologiya, seysmologiya, paleontologiya kimi sahələrlə məşğul olmuş və Yaponiyanın geoloji xəritəsini çıxarmağa çalışmışdır.

Henrix Nauman (1854-1927)

Nauman Honşu, Şikoku və Kyuşu adalarında 10.000 kilometrdən çox yol qət edərək müxtəlif geoloji tədqiqatlar aparmışdır. Naumann 1879-cu ildə Yaponiyanın geoloji mənşəyi barədə öz fikirlərini irəli sürməyə başlayıb.

H. Naumanın Yaponiyadakı səyahətini göstərən xəritə

O düşünürdü ki, Yaponiya Miosen epoxası dövründə (təxminən 25 milyon il əvvəl) üç müxtəlif qırışıqlığın aktivliyi nəticəsində yaranıb və iki əsas dağ sistemi tərəfindən bölünüb.

H.Naumanın Yaponiyanın geotektonik quruluşu üçün tərtib etdiyi xəritə (1885-1887)

Nauman paleontologiya ilə də maraqlanırdı. Yaponiyada tapılan, daha sonra onun şərəfinə “Nauman fili” adlandırılacaq fil növünün qalıqları haqqındakı 1881-ci ildə aparılan araşdırması o vaxt ictimaiyyətin diqqətini cəlb etmişdi, çünki fil Yaponiya üçün yad bir heyvan idi.

Nauman fosil axtarmırdı, başqalarından əldə etdiyi bilgilər əsasında araşdırmağa üstünlük verirdi. O, araşdırdığı bir çox fosildən belə qənaətə gəlmişdi ki, Yaponiya arxipelağı bir zamanlar Ryukyu, Koreya və Kurildəki quru körpüləri ilə Asiya qitəsinə bitişik idi və tropik iqlimə malik idi.

Çox maraqlıdır ki, Nauman Almaniyaya qayıdanda Yaponiyanı çirkli, yoxsul, geridə qalmış ölkə adlandırmış, xəstəliklər və adətlərdən narahat qaldığını bildirmişdi. O, hökumətin Qərbin adətlərini və texnologiyasını yaxşı başa düşmədən ölkəyə idxal etməyə çalışmasını tənqid edirdi.

Nauman fili

Serkan Şentürk © yapon.az 2020